Xüsusi versiya İkinci Dünya Müharibəsinin əfsanəvi avtomobili Willys MB ofrouderinin üslubunda tərtibata malikdir. Retro üslublu Wrangler 4xe Willys '41 modeli 60.000 dollara başa gəlir və o yalnız Amerika bazarında satılacaq.. Bu xüsusi versiya baza Wrangler ofrouderindən kuzovun tünd yaşıl rəngi, 33-düymlük şinlər taxılmış 17-düymlük poladdan təkər diskləri, kuzovun tematik etiketləri və oturacaqların bej rəngli parça üzlükləri ilə fərqlənir.
Paketə, əlbəttə ki, qapılar və baza yumşaq damı daxildir, lakin onlar firma fotosessiyası zamanı ofrouderin üstündən çıxarılıblar. Qeyd etmək lazımdır ki, ofrouder kuzov rəngində sərt dam və elektrik ötürməsi olan Sky One-Touch damı ilə də təklif ediləcək.
Adından da göründüyü kimi, nostaljik ofrouder Jeep Wrangler 4xe hibridinə əsaslanır. Ofrouderin hibrid güc qurğusu 272 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin turbomühərrikinə əsaslanır.
Turbomühərrik iki elektrik mühərriki ilə tandemdə çalışır: 45 at qüvvəsi və 53 Nm fırlanma anına malik olan startyor-generator və səkkiz pilləli avtomatik ötürmələr qutusuna inteqrasiya edilmiş 136 at qüvvəli elektrik mühərriki. Ofrouderin güc qurğusunun ümumi hasilatı 381 at qüvvəsi və 637 Nm fırlanma anı təşkil edir.
Elektrik mühərriki 17.3 kilovat-saat tutumu olan 400 voltluq nikel-kobalt-manqan batareyadan qidalanır və ofrouderə elektrik ötürməsi ilə 40 kilometrə qədər məsafə qət etməyə imkan verir. Hibrid güc qurğusu üç iş rejiminə malikdir: hibrid, elektrik və eSave.
Birinci halda, həm 2,0-litrlik daxili yanma mühərriki, həm də elektrik mühərriki eyni vaxtda istifadə olunurlar. İkinci rejimdə turbomühərrik sönür və ofrouder batareyanın cərəyanı kritik həddə çatana qədər elektrik mühərriki ilə hərəkət edir. Nəhayət, eSave rejimində isə, enerjiyə qənaət etmək məqsədilə, ofrouder yalnız DYM ilə hərəkət edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.