Beşinci nəsil Jeep Cherokee modelinin istehsalı 2023-cü ilin fevralında dayandırılıb və bununla amerikan markasının model cərgəsində boşluq yaranıb. Bu günlərdə Stellantis konserni tezliklə bu boşluğun doldurulacağını elan edib və yeni altıncı nəsil Jeep Cherokee krossoverinin ilk şəkillərini yayıb. Yeni Jeep Compass modeli Avropada debüt edibsə, Cherokee modeli şirkətin amerikan bölməsi tərəfindən açıqlanıb.

Şirkət əvvəlki modelin axarlı imicindən imtina edib: yeni Jeep Cherokee daha brutal və atletik görünür. Yenilik haqqında məlumat çox azdır: yalnız Cherokee modelinin güclü və səmərəli güc qurğusuna malik olan hibrid versiyada buraxılacağı bildirilib. Üstəlik, rəqabətcil qiymətlər də vəd edilib.

İnteryer göstərilməyib, eksteryer isə, tam olaraq açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara görə, Cherokee STLA Large platformasına əsaslanır - yəni uzununa yerləşən mühərrikə malikdir! Amma hələlik bunun təsdiqi yoxdur. Təkcə hibrid deyil, sırf benzin versiyaları da gözlənilir. Yeniliyin tamölçülü premyerası bu ilin sonunda baş tutmalıdır. Yeni Jeep Cherokee 2026-cı ildə bazara çıxacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.