Kia bu modelin buraxılacağını hələ 2023-cü ilin payızında, ilk konseptin nümayişi zamanı bəyan etmişdi. İndi isə, Kia EV4 elektromobili üzərindəki sirr pərdəsi tamamilə götürülüb və o, bir neçə versiyada təqdim olunub. Ölçü və format baxımından EV4 modeli benzin mühərrikli Cerato modeli ilə eyni seqmentdədir, lakin texniki cəhətdən tamamilə başqa bir avtomobildir.
Ailəyə maili damı olan sedan və beşqapılı hetçbek daxildir. Onlar 2820 millimetrlik eyni təkər bazasına malikdirlər (K4 modelindəkindən 100 millimetr çoxdur) və bir-birindən kuzovun arxa hissəsi ilə fərqlənirlər.

Model axarlı siluetə malikdir və onun dizaynı Opposites United konsepsiyasına əsaslanır. Sedanın uzunluğu 4730 millimetr (K4 modelində 4710 millimetr), hetçbekin isə, 4430 millimetrdir. Avtomobillərin hündürlüyü müvafiq olaraq 1480 və 1485 millimetr, eni isə, 1860 millimetrdir.
İrəli çıxan qapı tutacaqları, rəvan altlıq və digər fəndlər sayəsində, elektromobillər üçün xüsusilə vacib olan aerodinamik müqavimət əmsalını (Cx=0,23) əldə edilib. Doğrudur, bu, EV4 sedanının göstəricisidir, hetçbekin parametri isə, açıqlanmır.

Ən yüksək səviyyəli versiyalar ikirəngli dizaynı ilə diqqəti cəlb edən 19-düymlük təkər diskləri nəzərdə tutulub, lakin baza versiyası daha təvazökar və daha yüngül 17 düymlük təkər diskləri ilə gəlir.
Kia EV4 modelinin interyeri brendin digər elektromobillərinə xas olan arxitekturaya malikdir. Sürücünün qarşısında fiziki düymələri olan ikiqollu sükan çarxı, ön paneldə 30-düymlük displey bloku quraşdırılıb. O, üç ekrandan ibarətdir: cihazlar paneli və media sisteminin 12,3-düymlük displeyləri, onların arasında isə, iqlimə nəzarət sisteminin 5,3-düymlük taçskrini.

Bununla belə, mərkəzi paneldəki analoq düymələrindən istifadə edərək mikroiqlimi tənzimləmək olar. Aşağıda simsiz şarj meydançası və fincan tutacaqları olan rəf var. Mərkəzi dirsəkaltı-qutu çəkilən masa ilə təchiz edilib. Sedanın baqajının həcmi 490 litr, hetçbekin isə, 435 litrdir.
GT-Line versiyası üçün üçqollu sükan çarxı və çıxıntılı oturacaqları olan fərqli interyer tərtibatı hazırlanıb. Media sistemi istənilən halda geniş funksionallığa malikdir: məsələn, sürətli İnternet bağlantısı, üçüncü tərəf proqramlarının (axın xidmətləri, oyunlar və karaoke) quraşdırması imkanı və geniş interfeys fərdiləşdirməsi.

Quraşdırılmış səs köməkçisi süni intellektlə tamamlanıb və sistemin “hava üzərindən” operativ yenilənməsi təmin edilir. EV4 modelinin standart təchizatına elektron köməkçilər dəsti olan adaptiv kruiz-kontrol ilə təchiz olunur.
Əlavə ödəniş müqabilində ikinci səviyyəli avtopilotu da əldə etmək mümkündür. Firma Digital Key 2.0 tətbiqi isə, indi təkcə smartfonda deyil, həm də Apple Watch saatında da quraşdırıla bilər.

Kia EV4 elektromobili öndə McPherson dayaqları, arxada isə, çoxqollu asqısı və opsional adaptiv amortizatorları olan universal 400 voltluq E-GMP platformasında inşa edilib. 204 at qüvvəli elektrik mühərriki ön oxa quraşdırılıb.
Bununla belə, batareyanın tutumunu seçmək olar: 58,3 və ya 81,4 kilovat/saat. Baza sedanın yürüş ehtiyatı WLTP dövrünə əsasən 430, hetçbekin isə, 410 kilometrdir. Daha tutumlu batareya müvafiq olaraq 630 və 590 kilometrlik yürüşü təmin edir.

Sabit cərəyanlı terminaldan batareyanın 10-dan 80%-ə qədər sürətli doldurulmasına 31 dəqiqə lazımdır. Bort şarj cihazı 11 kilovat gücə malikdir və onunla kiçik həcmli batareyanın doldurulması 5 saat 20 dəqiqə, böyük həcmlinin isə, 7 saat 15 dəqiqə çəkəcəkdir.
Baza sedan və hetçbeki 100 km/saat həddini 7,4 saniyəyə toplayırlar, böyük batareyalı Long Range versiyaları isə, bu işə 7,7 saniyəyə sərf edəcəklər. Bütün variantların maksimal sürəti eynidir - 170 km/saat.
Kia EV4 sedanlarının istehsalına mart ayının ortalarında başlanmalıdır və onlar Cənubi Koreyada istehsal olunacaqlar. Yerli bazardakı satışlara həmin vaxt start veriləcək və satış qiymətləri açıqlanacaq.
EV4 hetçbeki ilk növbədə Avropa bazarı üçün nəzərdə tutulub və ona görə də, Kia şirkətinin Slovakiyadakı zavodunda istehsal olunacaq. Hetçbekin satışlarına ilin ikinci yarısında başlanmalıdır. Onun ardınca Kia EV4 ailəsi Şimali Amerikada debüt edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.