Böyük, üç sıralı Kia EV9 elektrik krossoveri 2023-cü ilin yazında debüt edib. O zaman çeşidə arxa və ya tam ötürməli bir neçə modifikasiya daxil idi. Modifikasiya çeşidinin zirvəsində isə, hərəkət elektronikasının tənzimləməsi və dizaynı ilə fərqlənən GT-Line versiyası qərarlaşmışdı.
İndi isə, Los Ancelesdə əsl bayraqdar versiyası - Kia EV9 GT krossoveri debüt edib.
GT versiyasının ön oxunda 217 at qüvvəli, arxa oxunda isə, 367 at qüvvəli elektrik mühərriki quraşdırılıb. Bununla belə, sistemin ümumi gücü 508 at qüvvəsinə bərabərdir, çünki elektrik mühərrikləri maksimal məhsuldarlığı müxtəlif hərəkət rejimlərində təmin edirlər. Bununla belə, şirkət bu rəqəmi ilkin adlandırır, satışların başlanmasına qədər bu göstərici dəqiqləşdirilə bilər.
İstənilən halda, bu, GT-Line da daxil olmaqla, adi tam ötürməli versiyalardakı 385 at qüvvəsindən nəzərəçarpacaq dərəcədə çoxdur. EV9 GT versiyasının 60 mil/saata (97 km/saat) sürətlənmə vaxtı GT-Line modifikasiyasındakı 5,0 saniyəyə qarşı 4,3 saniyə təşkil edir.
Kia EV9 GT krossoverinin yürüş ehtiyatı ilə bağlı məlumatlar hələlik açıqlanmayıb, yalnız Supercharger doldurma şəbəkəsinə çıxış imkanı verən Tesla NACS şarj konnektorunun mövcudluğu açıqlanıb. Ondan istifadə etdikdə, 25 dəqiqə ərzində batareyanı 10%-dən 80%-ə qədər doldurmaq olar.
Daha güclü elektrik mühərrikləri ilə yanaşı, GT versiyası yenidən tənzimlənmiş sükan idarəetməsini, arxa differensial kilidini, adaptiv amortizatorları almış asqını və daha güclü əyləcləri əldə edib.
Standart hərəkət rejimləri dəsti, sükan çarxında böyük yaşıl düymə ilə aktivləşdirilən GT preseti ilə tamamlanıb. Bundan başqa, elektromobil standart audiosistem vasitəsilə səkkiz pillənin dəyişdirilməsi səsini təqlid edən Virtual Gear Shift (VGS) sistemini alıb.
Elektromobilin salonunda yaşıl vurğular peyda olub: onlar daha güclü dəstəyi, habelə dəri və alkantaradan üzlükləri olan yeni oturacaqlarda tətbiq edilib. Sükan çarxında VGS "ötürmələr qutusunun" işləməsinə cavabdeh olan “ləçəklər” quraşdırılıblar. GT versiyasının əsas xarici fərqi - Continental şinləri taxılmış 21 düymlük təkər diskləridir.
Kia EV9 krossoverləri Cənubi Koreya və ABŞ-da istehsal olunur, lakin GT versiyası yalnız Koreyadakı zavodda istehsal olunacaq. O, ABŞ bazarına gələn ilin ikinci yarısında satışa çıxacaq, baxmayaraq ki, digər ölkələrdə krossover daha tez satış debütü edə bilər.
Məlum məsələdir ki, Kia EV9 GT versiyası qiyməti Koreyada 88,3 milyon vondan (63 min dollar) başlayan GT-Line versiyasından daha baha olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.