Kia K4 ailəsi Cerato/Forte xəttini və K3 modelini əvəz edib: 2024-cü ilin yazında sedan versiyası, onun ardınca isə, bir il sonra hetçbek versiyası təqdim edilib. Hər iki variant Şimali Amerika və Avstraliya bazarlarında satılır, dördqapılı model isə, Yaxın Şərqdə və bir neçə Latın Amerikası ölkəsində əlçatandır. Məlum məsələdir ki, Avropa bazarında yalnız hetçbek kuzovlu versiya təklif olunur. İndi isə, ona Sportswagon adlı universal kuzovlu versiya qoşulub. Yenilik Avropada bu il satışa çıxmalıdır.

Yeni modelin uzunluğu 4695 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə, 1435 millimetrdir. Avropa bazarında satılan hetçbekin bamperdən bamperə qədər uzunluğu 4440 millimetr, Latın Amerikasında təklif edilən sedanın isə, 4710 millimetrdir. Hər üç modelin təkər bazası eynidir - 2720 millimetr.

Kia K4 Sportswagon universalının interyeri digər modellərlə eynidir: salonda 12,3 düymlük cihaz paneli, 12,3 düymlük sensorlu ekranı olan məlumat-əyləncə sistemi və 5,3 düymlük iqlimə nəzarət displeyi mövcuddur. 

Standart və opsional avadanlıq siyahısına simsiz şarj cihazı, qızdırılan və havalandırılan ön oturacaqlar, Harman Kardon audio sistemi, dairəvi görüntü kameraları, adaptiv kruiz-kontrol, zolaqda saxlama köməkçisi, avtomatik əyləcləmə və kor zonaların monitorinqi sistemi daxildir.

Arxa oturacaqlar qatlandıqda baqaj bölümünün həcmi 604-dən 1439 litrə qədər artır, mülayim hibrid versiyada isə, bu həcm bir qədər azdır - 482 litr və 1317 litr. Müqayisə üçün, sedanın baqajı 508 litr, hetçbekin tutumu isə 438 litr və 1217 litrdir (MHEV hibrid versiyasında müvafiq olaraq 328 və 1107 litrdir).

Texniki hissə Avropada təklif edilən hetçbekindən götürülüb. 115 at qüvvəli 1,0-litrlik üçsilindrli benzin turbomühərriki altı pilləli mexaniki transmissiya ilə, mülayim hibrid versiyası isə, eyni mexaniki və ya yeddi pilləli avtomatik transmissiya ilə əlçatandır.

1,6 litrlik dördsilindrli turbomühərrik 150 və ya 180 at qüvvəsinə malikdir və avtomatik transmissiya ilə tandemdə çalışır. Bütün hallarda ön ötürmə standartdır. Daha sonra Avropada satılan hetçbek və universalın tam hibrid versiyalarının da peyda olacağı vəd edilir, lakin detallar hələlik açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt

Kia K4 Sportswagon universalının satış tarixi və qiyməti hələlik açıqlanmayıb. Almaniyada Kia K4 hetçbekinin qiyməti 30 min avrodan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.