Kia onu elektromobil bazarının liderinə çevirəcək modelləri nümayiş etdirməyi planlaşdırır. Ən azından, Cənubi Koreya avtomobil istehsalçısı buna ümid edir. Fevralın 27-də keçiriləcək Kia EV Day tədbiri ərəfəsində istehsalçı EV4 idman sedanının, EV2 kompakt krossoverinin və PV5 kommersiya furqonunun təqdimatını nəzərdə tutan elektrikləşdirmə üzrə qlobal liderlik strategiyasının təfərrüatlarını açıqlayıb. Bütün yeniliklər qismən də olsa, tizerlərdə nümayiş etdiriblər.
Tizerlərdəki mavi elektromobil yığcam Kia EV2 krossoveridir. O, qeyri-adi dizaynlı təkərlərə, tağlarda və kandarlardakı plastik örtmələrə, habelə bütün eni boyunca tutqun gümüş əlavə uzanan iri arxa bamperə malikdir. Tendensiyanın əksinə olaraq, Y-formalı işıqlandırma texnikası vahid LED zolaq ilə birləşdirilməyib, damda isə, elektromobilə ona idman görünüşü verən kiçik bir spoyler quraşdırılıb. Damın özü panoramdır.
EV2 modelinin ardınca EV4 modelinin profildən çəkilmiş şəkilləri gəlir. Şirkət bu elektromobili idman sedanı adlandırır: o, həmçinin plastikdən kuzov dəstinə, uzunsov ön faralara və L-formalı arxa fənərlərə malikdir və ümumilikdə “böyük” EV6 ilə eyni üslubda hazırlanıb. EV4 modelinin iki varinatda - 58,3 və 81,4 kilovat/saatlıq batareya ilə təklif ediləcəyi gözlənilir. Elektromobilin ön oxa quraşdırılmış 201 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gətiriləcəyi ehtimal olunur.
Nəhayət, üçüncü yenilik PV5 kommersiya furqonudur ki, Kia bu furqon ilə elektromobil bazarında lider olmaq niyyətindədir. Bu model üzərindəki sirr pərdəsi ilin əvvəlində götürülüb: onun əsas xüsusiyyəti kabinli şassiyə müxtəlif növ kuzov quraşdırmaq imkanıdır. PV5 həm yük, həm də sərnişin avtomobili ola bilər ki, sonuncunun salonu da modullardan ibarətdir və hərəkət qabiliyyəti məhdud olan şəxslər də daxil olmaqla müxtəlif sayda sərnişinlər üçün nəzərdə tutulub.

PV5 furqonu Cənubi Koreyadakı yeni Hyundai-Kia zavodunda istehsal ediləcək. O, PBV (Platform Beyond Vehicle) platformasına əsaslanan kommersiya elektromobilləri xəttinin bir hissəsi olacaq. Zavodun layihə gücü ildə 150 min avtomobil təşkil edir və o, 2025-ci ildə fəaliyyətə başlamalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.