Koenigsegg Jesko hiperkarı 2019-cu ildə təqdim edilib, lakin seriya avtomobillərinin tədarükünə yalnız 2023-cü ilin yayında başlanılıb. İsveçin Koenigsegg şirkəti bu avtomobillərdən hər il cəmi 40-50 ədəd istehsal edir, ona görə də 125 nüsxəlik tiraj hələlik tam istehsal edilməyib. Bununla belə, bu avtomobilin yeni versiyası artıq hazırdır.
Əgər şirkətin sahibi Kristian fon Koeniqseqq Koenigsegg Jesko modelini atasının şərəfinə adlandırıbsa, ən yeni Koenigsegg Sadair’s Spear hiperkarı isə, Yesko fon Koeniqseqqin 1976-cı ildəki son yarışında iştirak etdiyi atın adını daşıyır. Yenilik eyni zamanda Jesko modelinin ən hardkor versiyasıdır.

İlk baxışdan aydındır ki, Koenigsegg Sadair's Spear yarış trekləri üçün nəzərdə tutulub. Hiperkar inkişaf etmiş aerodinamik dayağa malikdir: arxa tərəfdəki nəhəng spoyler, ön tərəfdəki splitter, kandar örtükləri və diffuzor karbonplastikdən hazırlanıb.
Altlıqda və təkər tağlarında əlavə aerodinamik qalxanlar quraşdırılıb. Mühərrik bölməsinin qapağında böyük hava kanalları peyda olub. Yeni kuzov dəsti 250 km/saat sürətində 850 kiloqrama bərabər yerəsıxma qüvvəsini hasil edir və onun maksimal hesablanma kəmiyyəti 1765 kiloqramdır.

Mərkəzi bağlantılı karbonplastik təkər diskləri öndə 20, arxada isə, 21 düymlük ölçülərə malikdir. Konstruksiyanı yüngülləşdirmək üçün tədbirlər kompleksi (məsələn, səs-küy izolyasiyasının azaldılması) sayəsində hiperkarın boş çəkisi 35 kiloqram azalaraq 1385 kiloqrama çatıb.
Jesko baza modeli ilə müqayisədə, interyerdəki əsas dəyişiklik döngələrdə daha yaxşı yan dəstəyini təmin edən yeni karbonplastik oturacaqlardır. Onlar altınöqtəli təhlükəsizlik kəmərləri ilə tamamlana bilər, baxmayaraq ki, adi mülki kəmərlər də nəzərdə tutulub.

Transmissiyanın rejimlərinin dəyişdirilməsi eksklüziv olaraq sükanaltı ləçəklərə həvalə edilib, çünki mərkəzi selektor yeni açar tutacağı ilə əvəzlənib. Salon dəri və alkantara ilə üzlənib. Avadanlıq siyahısına Apple CarPlay interfeys dəstəyi olan media sistemi, klimat-kontrol, parkinq köməkçisi, USB portları və simsiz doldurma meydançası daxildir.
Firma Autoskin sisteminə qapıların, bütün hərəkətli qapaqların və pərdələrin elektrik ötürməsi daxildir: onları bir düymə ilə idarə etmək olar.
Düz dirsəkli valı və quru karteri olan 5,1-litrlik V8 biturbo mühərrikinin gücü simvolik olaraq 1280-dən 1300 at qüvvəsinə (adi benzinlə) yüksəldilib. E85 qarışığından istifadə edərkən güc 1600-dən 1625 at qüvvəsinə qədər artır. Eyni zamanda, fırlanma anı dəyişməyib (1500 Nm).
Unikal doqquz pilləli LST (Light Speed Transmission) ötürmələr qutusu bütün dartma qüvvəsini elektron idarələnən differensialı olan arxa oxa göndərir. Maksimal sürət 360 km/saatdır. Triplex amortizatorları olan adaptiv asma trekdə istifadə üçün yenidən tənzimlənib.
Bütün təkmilləşdirmələr nəticəsində Koenigsegg Sadair's Spear İsveçin Gotland Ring trekini Jesko hiperkarından 1,1 saniyə daha yeyin qət edir.
Koenigsegg Sadair’s Spear trek hiperkarı 30 nüsxəlik tirajla buraxılacaq. Yeni hiperkar yaxın zamanda keçiriləcək Qudvud Sürət Festivalında geniş ictimayyətə nümayiş etdiriləcək. Həmişə olduğu kimi, trek hiperkarnın bütün tirajı təqdimatdan əvvəl sifariş edilib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.