Koenigsegg Automotive bir il əvvəlki nailiyyətini yaxşılaşdıraraq, yerindən 400 km/saata sürətlənmə və ardınca tam dayanma üzrə öz rekordunu yeniləyib. Bu dəfə Koenigsegg şirkətinin zavod sınaq pilotu Markus Lundun idarə etdiyi və sürət rekordu üçün tənzimlənmiş Jesko Absolut superkarı fərqlənib. Gedişlər iyunun 27-də səhər tezdən İsveçin Örebro şəhərindəki aerodromda baş tutub. Ölçmələr Racelogic avadanlığı ilə aparılıb.
Jesko Absolut standart spesifikasiyada olub, Michelin Pilot Sport Cup2 R şinləri ilə təchiz edilib və onun yanacaq çəni E85 bioetanolu ilə doldurulub. Təhlükəsizlik məqsədilə hiperkarda karkas quraşdırılıb, üstəlik, Markus Lund sürücü oturacağının One:1 modelindəki kreslonun bənzəri ilə əvəz olunmasını xahiş edib.
Sıfırdan 400 km/saata qədər sürətlənmə (faktiki sürət - 412 km/saat) və sonrakı əyləcləmə 27,83 saniyə çəkib - Reger hiperkarının 2023-cü ildə əldə etdiyi rekord göstəricisindən demək olar ki, bir saniyə az. Eyni zamanda, Koenigsegg daha üç dünya rekordu qeydə alıb: 0-400 km/saat həddini 18,82 saniyəyə, 0-250-0 mil/saatı - 28,27 saniyəyə, 0-250 mil/saatı isə, 19,2 saniyəyə yığıb.
Bütün bunlar aktiv aerodinamikadan istifadə etmədən əldə edilib, baxmayaraq ki, Jesko Absolut onsuz da ən aşağı aerodinamik müqavimət əmsallarından birinə malikdir - 0,278. Rimac Nevera modelində bu göstərici 0,3, Bugatti Chiron hiperkarında isə 0,35-dir. Jesko iki turbokompressorlu 5,0-litrlik V8 mühərrikinə malikdir.
Güc aqreqatı adi benzinlə 1280 at qüvvəsi, bioetanolla isə, 1600 at qüvvəsi hasil edir. Fırlanma anı 5100 dövr/dəqiqədə 1500 Nm-dir. Hiperkar arxa ötürməlidir. Güc aqreqatı yağ vannasında səkkiz çoxdiskli muftası olan 9-pilləli Light Speed Transmission ötürmələr qutusu ilə tandemdə çalışır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.