Tək bir modellə 13-illik durğunluqdan sonra, nəhayət ki, Lancia şirkətinin ikinci nəfəsi açılıb. Hələ fevral ayında yeni nəsil Lancia Ypsilon hetçbeki təqdim edilmişdi və indi onun doğma İtaliyadakı satışlarının başlandığı elan edilib. Artıq bu modelin çeşidi iki modifikasiyadan ibarətdir. Lancia Ypsilon Ibrida hibrid versiyasının qiyməti 24 500 avrodan başlayır.
Onun 100 at qüvvəli 1,2-litrlik “turboüçlüyü” 48 voltluq elektrik mühərriki quraşdırılmış altı pilləli preselektiv “robot” ilə birlikdə çalışır. Qiyməti 34 800 avrodan başlayan Lancia Ypsilon Elettrica elektrokarı isə, 156 at qüvvəli dartma elektrik mühərrikinə və 51 kilovat/saatlıq batareyaya malikdir. Hər iki versiya üç təchizat səviyyəsində təklif olunur: Ypsilon, LX və Cassina.
Artıq irəliləmək vaxtıdır. Hələ yazın əvvəlində Lancia özünün HF idman bölməsini yenidən canlandırdığını elan etmişdi və bu gün qaçan fil emblemi ilə bəzədilmiş iki avtomobil eyni anda nümayiş olunub.
Lancia Ypsilon HF hot-hetçi mülki bazar üçün nəzərdə tutulub, lakin benzin mühərrikli “qaynar” hetçbek həvəskarlarını məyus etməliyik – Ypsilon HF elektromobildir. Üstəlik, şirkət hələlik bütün texniki detalları açıqlamayıb.
Ypsilon HF - 240 at qüvvəsi hasil edən elektrik mühərriki və ön ötürməsi olan hetçbekdir. O, 100 km/saata sürətlənməyə 5,8 saniyə sərf edir. Bütün bunlar bu yaxınlarda təqdim edilmiş və oxşar göstəricilərə malik olan Abarth 600e və Alfa Romeo Junior Veloce krossoverləri ilə sıx əlaqədən xəbər verir.
Hetçbek həmçinin hündürlüyü azaldılmış asqıya, daha geniş təkər izinə və brendin əfsanəvi idman avtomobillərindən ilhamlanan “əzələli” kuzov dəstinə sahib olacaq. Salonda quraşdırılmış başlıqları olan oturacaqlar, iki rəngli tərtibat və müvafiq dekor var.
Lancia Ypsilon HF bazara yalnız bir ildən sonra - 2025-ci ilin mayında çıxacaq. “qaynar” hetçbekdən sonra, debütü müvafiq olaraq 2026 və 2028-ci illərə planlaşdırılan perspektivli Gamma və Delta modelləri işıq üzü görəcəklər.
Elektrik hetçbekilə eyni vaxtda homoloqasiya keçmiş Lancia Ypsilon Rally 4 HF ralli avtomobili də təqdim olundu və bu, həqiqətən də sensasiyaya bənzəyir. Axı bu, 90-cı illərin əvvəllərindən bəri ralli dünyasında ən titullu Lancia brendinin ilk idman avtomobilidir!
Çempionatın tarixi boyunca Lancia 15 çempionatı, üç Konstruktorlar Kubokunu, iki Mille Miglia yarışını, habelə Targa Florio və Carrera Panamericana yarışlarının hər birində bir qələbə qazanıb.
Adından da göründüyü kimi, Lancia Ypsilon Rally 4 HF, minimum çəkisi 1080 kiloqram və iş həcmi 1333 kubsantimetrdən çox olmayan turbomühərriki olan mono ötürməli avtomobillərin yarışdığı Rally 4 qrupunda çıxış edəcək.
Ypsilon Rally 4 HF modeli üçün gücü 212 at qüvvəsinə qədər artırılmış 1,2-litrlik turbomühərrik, beş pilləli mexaniki transmissiya və differensial kilidi bəyan edilib. Rally 4 qrupunun qaydalarına əsasən, homoloqasiya keçmiş model ən azı 2500 nüsxədə istehsal olunmalıdırlar. Odur ki, belə bir tirajı gözləmək gərəkdir.
İtalyan istehsalçısı iki güclü avtomobil ilə yanaşı, yenidən canlandırılmış Lancia Corse HF zavod komandasının loqotipini təqdim edib. O, müasir qrafikanı və klassik qaçan qırmızı fil motivlərini birləşdirir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.