Müasir Land Rover Defender ofrouderinin V8 mühərrikli (425 və ya 525 at qüvvəli) versiyaları artıq var, lakin AJ seriyasından olan kompressorlu 5,0-litrlik mühərrikini yeni adlandırmaq olmaz və tezliklə onun istehsalı dayandırılmalıdır. Beləliklə, Land Rover şirkəti BMW mühərriklərinə keçidə başlayıb və növbə Defender ofrouderinə çatıb. Alman V8 biturbo mühərrikini almış top versiya Land Rover Defender Octa adlanır. Bu ad almaz molekullarının oktaedral həndəsəsinin şərəfinə verilib ki, onlar da bu qiymətli daşa sərtlik və parlaqlıq verir.
Defender Octa yalnız beşqapılı kuzovu olan ən çox yayılmış 110 variantında təklif edilir. Mühərrik 635 at qüvvəsi və 750 Nm hasil edir və qısa müddət ərzində onun fırlanma anı 800 Nm-ə çata bilər. Səkkiz pilləli avtomatik transmissiya ilə birləşdirilmiş mühərrik boş çəkisi 2510 kiloqram olan ofrouderə 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənməyə imkan verir, maksimal sürət isə, 250 km/saat həddindı məhdudlaşdırılıb.
Lakin Defender Octa versiyasını fərqləndirən təkcə mühərriki deyil. Onun asqısı ciddi şəkildə yenidən işlənib: 6D Dynamics sistemi Range Rover modelindən götürülüb və bütün aktiv amortizatorları vahid hidravlik sxemdə birləşdirir ki, bu da yana əyilmələr və dalmalar ilə mübarizə aparmağa imkan verir. Ofrouderin klirensi 28 millimetr artıb və asqının ən yüksək mövqeyində 319 millimetrə çatır. Təkər iz 68 millimetr genişləndirilib, daha uzun və daha sərt asqı qollarından istifadə edilib. Daha kəskin sükan idarəetməsi və 400 millimetrlik ön diskləri olan daha güclü Brembo əyləc mexanizmləri də var.
Zahiri cəhətdən Defender Octa modelini başqa bamperlər və böyüdülmüş təkər tağları sayəsində ayırd etmək olar. Altlığın əlavə müdafiəsi də quraşdırılıb. Avtomobilin yan tərəfindəki loqotip yuvarlaq fırçalanmış titan altlıq üzərindəki qara almazdan ibarətdir. Edition One salamlama versiyası kuzovun eksklüziv yaşıl boyası, karbonplastikdən dekor və xarici diametri 33 düym olan Goodyear ofroud şinləri taxılmış 20 düymlük yüngül lehimli disklərə malikdir.
Top versiyanın interyeri inteqrasiya olunmuş başlıqları olan oturacaqlar və Body and Soul Seat səs texnologiyası ilə seçilir. Oturacaqların üzlüyü bahalı Kvadrat parçadan hazırlanmış əlavələri olan yarımanilin dəridən hazırlanıb. Edition One versiyası minimum tikişləri olan Ultrafabrics poliuretan örtüklə öyünə bilər. Əlbəttə ki, xüsusi versiyanın loqotipləri olmadan da ötüşməyib.
Land Rover Defender Octa versiyasına sifarişlər artıq qəbul olunur, Böyük Brtiyaniyadakı satış qiyməti 145.000 funt sterlinqdən başlayır. Edition One salamlama versiyası üçün isə, 158.000 funt sterlinq ödəmək gərək olacaq. Müqayisə üçün: kompressorlu V8 mühərriki olan Defender 110 P425 versiyasınin qiyməti 98 min funt-sterlinqdən başlayır. Lakin Octa versiyasının tirajı 1070 nüsxə ilə məhdudlaşacaq. Onun ardınca BMW şirkətinin V8 mühərriki ilə təchiz edilmiş daha sadə versiyalar işıq üzü görəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.