Land Rover şirkəti 2027-ci ildə Defender Sport elektrik ofrouderini təqdim etməyi planlaşdırır. “AutoExpress” nəşrinin bildirdiyinə görə, yenilik standart Defender modelinə daha yığcam və əlçatan alternativ olacaq, eyni zamanda tanınan brutal üslubu və yolsuzluq qabiliyyətini qoruyub saxlayacaq. Yeni modelin köhnəlmiş Discovery Sport modelini əvəz edəcəyi gözlənilir.
Defender Sport zahiri cəhətdən "böyük qardaşına" bənzəyəcək, lakin bəzi fərqlərə malik olacaq. Yeni model daha nazik faralara, təkmilləşdirilmiş aerodinamikaya xidmət edən maili ön hissəyə, habelə bamperlər və təkər tağlarındakı xarakterik qara örtmələrə malik olacaq. Müştərilərə geniş fərdiləşdirmə seçimləri də təklif olunacaq.
Yeni modelin əsasını yeni EMA (Electric Modular Architecture) platforması təşkil edir. Təkər bazası ümumi kuzova nisbətən uzun olacaq. Arxa qapı əsl ofrouderdə olduğu kimi taybatay açılan olacaq.
Salonda gələcəkdə bütün JLR modelləri üçün ümumi olacaq yeni interfeysli böyük bir ekran quraşdırılacaq. Salonda beş oturacaq olacaq (yeddi yerlik versiya planlaşdırılmır), lakin sürücü ilə ön sərnişin arasında qatlanan altıncı oturacağın quraşdırılması da mümkündür.
Ən başlıcası isə, EMA platformasının əvvəlcədən yalnız elektrikli nəqliyyat vasitələri üçün hazırlanmasıdır. Defender Sport modelinin hibrid və ya benzin versiyaları olmayacaq.
Yeni Land Rover Defender Sport modelinin qiymətləri 40.000–50.000 funt sterlinqdən başlayacaq ki, bu da daha böyük Defender modelinin baza versiyalarından xeyli ucuzdur. Lakin brendin qiymət siyasətini nəzərə alsaq, onun top versiyaları versiyalar xeyli bahalı olmalıdırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









