General Motors konserni artıq yeddi ildir ki, ABŞ bazarında Çin istehsalı olan avtomobilləri satır. İndi isə, Ford konserni də eyni yolla getmək qərarına gəlib. İlk belə model ikinci nəsil Lincoln Nautilus krossoveridir.

Onun premyerası eyni vaxtda Şanxay avtosalonunda və Amerikada keçirilmiş ayrıca tədbirdə baş tutub. Lakin 2017-ci ildə debüt etmiş hazırkı Nautilus modeli Kanada və Çində istehsal edilsə də, yeni krossover yalnız Çin qeydiyyatına malik olacaqdır.

Nautilus beş yerlik formatı qoruyub, lakin sələfindən daha böyük olub. Təkər bazası 2850-dən 2900 millimetrə qədər uzadılıb, ümumi uzunluğu isə 4826-dan 4908 millimetrə qədər artırılıb. Avtomobilin eni (1952 millimetr) və hündürlüyündə (1717 millimetr) cüzi artım var.

İndi ölçülər baxımından Nautilus Lexus RX və ya Volvo XC90 modellərinin 100 faizlik sinif yoldaşıdır. Nautilus modelinin baza versiyası 19 düymlük təkər disklərinə malikdir, lakin əlavə ödəniş qarşılığında diametri 22 düymədək olan diskləri də sifariş etmək olar. Jet Appearance paketinə qara xrom bəzək və kuzovun ikirəngli boyanma sxemi daxildir.

Maraqlıdır ki, Amerika və Çin versiyalarında vizual fərqlər var və bu, təkcə bamperdəki əlavələrdən ibarət deyil. Amerika versiyasında  Lincoln Continental sedanındakı kimi, pəncərə moldinqi ilə birləşdirilmiş qapı tutacaqları var.

Onları çəkməyə ehtiyac yoxdur: tutacaqların içərisində elektromaqnit qıfılları açmaq üçün düymələr var. Çinli Nautilus isə, nəzərəçarpacaq dərəcədə aşağıda yerləşən və son dəbə uyğun olaraq irəli çıxan qapı tutacaqlarına malikdir.

Salondakı qapı tutacaqları da fərqli şəkildə hazırlanıb (“amerikalıda” onlar dirsəkaltılara quraşdırılır), qalan halda interyer eynidir. Lincoln brendi üçün isə bu, demək olar ki, inqilabdır: həm cihazlar panelini, həm naviqasiya xəritəsini və daha çoxunu göstərən vahid passiv ekran ön panelin demək olar ki, bütün enini boyu uzanır. Sürücü bu televizora oval sükan üzərindən baxır.

Mediasistemi idarə etmək üçün mərkəzi konsolda 11,1 düymlük sensorlu ekran quraşdırılıb: səslə idarəetmə, 5G rabitəsi və “hava” üzərindən məsafədən yenilənmə funksiyası var.  Böyük Lincoln modellərindəki kimi, xəbərdarlıq səsləri (məsələn, qapı açıq olduqda) simfonik orkestrin köməyi ilə yazılıb.

Ənənəvi olaraq, transmissiyanın idarəsi mərkəzi konsoldakı düymələrə həvalə edilib. Bundan başqa, müxtəlif hava təravətləndiriciləri üçün üç kartrici olan quraşdırılmış aromatizator var.

Texnikaya gəlincə, Lincoln Nautilus yeni versiyada olsa da, köndələn yerləşən mühərriki olan sadə platformanı qoruyub saxlayıb. Öndə McPherson dayaqları, arxada isə çox qollu asqı var. Asqı yalnız yay ola bilər, lakin əlavə ödəniş qarşılığında adaptiv amortizatorları da quraşdırmaq mümkündür.

Əhəmiyyətli bir yenilik Lincoln BlueCruise avtopilotuna aiddir: yeni iterasiyada o, sükanı buraxaraq magistral yollarda hərəkət etməyə və sadəcə dönmə siqnalını yandırmaqla zolaqları dəyişməyə imkan verir.

Mühərrik çeşidində artıq V6 aqreqatı yoxdur - hətta Amerika üçün belə. Baza krossoveri 2,0-litrlik benzin “turbodördlüyü” ilə təchiz edilir. Çində bu mühərrik 261 at qüvvəsi və 390 Nm, ABŞ-da isə 253 at qüvvəsi və 373 Nm hasil edir. Transmissiya - səkkiz pilləli “avtomat” və arxa oxda muftası olan tam ötürmə sistemindən istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik rozetkasına qoşulmaq imkanı olmayan hibrid güc qurğusu da bəyan edilib. Hibrid qurğunu tərkibinə eyni 2,0-litrlik turbomühərrik, 136 at qüvvəli elektrik mühərriki və elektromexaniki variator daxildir. Güc qurğusunun ümumi gücü 314 at qüvvəsidir.

Lincoln Nautilus modelinin istehsalı Hançjoudakı Changan Ford birgə müəssisəsinin zavodunda təşkil ediləcəkdir. Krosoverin Çindəki satış qiymətləri artıq  açıqlanıb: benzin krossoverlərinin qiyməti 48-55 min dollar arasında olacaqdır. Hibridlər daha sonra peyda olacaqlar. ABŞ-dakı satışlara 2024-cü ilin əvvəlində start verilməlidir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.