Üç il əvvəl buraxılacağı bəyan olunmuş tamölçülü Lucid Gravity krossoveri nəhayət canlı şəkildə nümayiş etdirilib. Gənc və iddialı Lucid şirkətinin ikinci modeli Los Anceles avtosalonunda təqdim olunub. Əgər Lucid Air sedanı Tesla Model S elektrokarının rəqibi kimi yaradılmışdısa, Gravity krossoverinin hədəfi Tesla Model X modelidir. Ona həmyerlisi ilə rəqabət aparmağa "80 min dollara qədər" olan qiyməti və detallara göstərilən yüksək diqqət kömək etməlidir.
Krossoverin eksteryeri sedanla eyni dizayn üslubundadır: sakit və lakonik kuzov xətləri, gizli qapı tutacaqları, dam dirəkləri və fənərlərin üstündəki zolaqlar kimi seçilən detallar əsas diqqətçəkən elementlərdir. Avtomobil axıntılı formaya malikdir: kuzovun aerodinamik müqavimət əmsalı Cx cəmi 0,24-dür. Bununla belə, tərtibatçıların fikrincə, əsas üstünlüklər və xüsusiyyətlər avtomobilin daxilində gizləniblər.
Üçcərgəli salonda inanılmaz məkan vəd edilir. İki arxa cərgə qatlandıqda düz meydança əmələ gəlir, alınan bölümün ümumi həcmi isə, 3171 litr təşkil edir. Müqayisə üçün: oxşar konfiqurasiyada olan Tesla Model X modelində bu həcm cəmi 2314 litrdir. Odur ki, belə bir məkanda hətta üçüncü cərgənin sərnişinlərinin də özlərini rahat hiss etmələrində təəccüblü bir şey yoxdur. Orta divan uzununa tənzimləməyə, böyük və rahat masalara və iqlimə nəzarət sisteminin öz idarəetmə blokuna malikdir.
Salonun ön hissəsinin əsas xüsusiyyəti - cihazlar paneli və mediasistemə cavabdeh olan 34-düymlük əyri OLED ekrandır. Konsolda əlavə Pilot Panel monitoru yerləşir ki, onun da altında ən vacib funksiyalara sürətli girişi təmin edən sensorlu panel var. Mərkəzi tunel sürüşərək açılan şəffaf pərdəyə malikdir. Bu pərdənin altında stəkan tutacaqları yerləşdirilib.
Texniki detallar hələlik tam şəkildə açıqlanmayıb. Məsələn, Lucid yeni nəsil elektrik mühərriklərinin quraşdırılacağını elan edib, lakin onların xüsusiyyətlərini dərc etməyib. Şirkətdən yalnız mühərriklərin daha yığcam, daha yüngül və artırılmış gücə malik olduğunu bildirilib. 900 volt işləmə gərginliyi olan elektrik sistemi Lucid Air sedanından götürülüsə də, təkmilləşdirilib.
Dartma batareyasının tutumu da məlum deyil. Dolu batareya ilə qət edilən məsafə 708 kilometr olduğu bildirilib. Müqayisə üçün, Tesla Model X cəmi 560 kilometrlik yürüş ehtiyatı ilə öyünə bilər. Əgər batareyanın cərəyan bitmək üzrədirsə, 200 mil (322 kilometr) məsafəni qət etmək üçün, onu 15 dəqiqəyə doldurmaq olar: şarj cihazı 350 kilovata qədər gücə hesablanıb. Lucid Gravity 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyədən az vaxta sürətlənir. Bu sinif üçün 2722 kiloqrama qədər olan qoşqunu dartmaq qabiliyyəti də vacibdir. Krossoverin özünün yükgötürmə qabiliyyəti 680 kiloqramdır.
Nəhayət, krossover qabaqcıl pnevmatik asqı ilə təchiz edilib ki, o da sürücünün istəyi ilə nəinki klirensi dəyişdirə bilir, həm də avtomatik Zero Gravity rejiminə malikdir. Bu rejim aktivləşdirildikdə, asqı maksimal gediş rahatlığını təmin etmək üçün, müstəqil şəkildə kuzovun vəziyyətini müəyyən edir. Bununla belə, Lucid Gravity modelinin istehsalının başlanması 2024-cü ilin sonuna planlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.