Amerikan brendi, Air sedanı kimi əla aerodinamikaya malik olan ikinci modelinin kütləvi debütünə hazırlaşır. Lucid nümayəndələrinin ultra-məhsuldar dəbdəbəli krossover kimi xarakterizə etdiyi Gravity modeli noyabrın 16-da Los Anceles avtosalonunda nümayiş etdiriləcək. Xatırladaq ki, krossover haqqında ilk anons üç il bundan əvvəl verilmişdi. Lucid Gravity krossoverinin isteshalına gələn ilin sonunda start verilməlidir.

Lucid yeni tizerdə bütöv arxa fənəri və geniş baqaj bölümünə asan girişi təmin edəcək iri beşinci qapını göstərib. Ümumiyyətlə, Air sedanı ilə açıq-aydın ailə oxşarlığı diqqəti çəkir: krossover nazik ön optikanı, oxşar bamperi və irəli çıxan qapı tutacaqlarını alıb. Modelləri arxitektura da birləşdirir.

Gravity salonunda yeddi nəfərin yerləşə biləcəyi üç konfiqurasiya edilən oturacaq cərgəsi var. Yüksək dəqiqlikli Glass Cockpit ekranlarına və modernləşdirilmiş interfeysə malik olan multimedia kompleksi, şüşə dam və artırılmış rahatlığa malik olan oturacaqlar da vəd edilib.

Üç il ərzində Gravity modelinin texniki hissəsi haqqında heç bir məlumat sızdırılmayıb. İlkin məlumatlara görə, Gravity modelinin yürüş ehtiyatı Air modelindəki ilə eyni səviyyəsində olacaq - EPA dövrü üzrə 832 kilometr.

Çox güman ki, krossover Air sedanının “qaynar” Sapphire versiyasında quraşdırılan 1200 at qüvvəli üçmühərrikli elektrik güc qurğusunu alacaq. Air Sapphire 100 km/saat həddinə iki saniyədən az vaxta sürətlənir və klassik 1/4 mil məsafəni doqquz saniyəyə qət edir. Bənzər dinamikanı krossoverdən də gözləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Gravity modeli Arizona ştatının (ABŞ) Kasa Qrande şəhərində yerləşən və artıq Lucid Air sedanının yığıldığı zavodda istehsal ediləcək. Avtomobillərin müştərilərə çatdırılmasına 2024-cü ildə başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.