Maserati şirkəti ötən əsrin ortalarının əfsanəvi yarış avtomobillərindən birini yenidən xatırlatmağa qərar verib. Beləliklə, Maserati GT2 və GT2 Stradale modelləri əfsanəvi yarış avtomobili - Maserati 250F modelinin üslubunda eksklüziv livreyanı əldə ediblər.
Orta mühərrikli Maserati MC20 superkarı 2020-ci ilin payızında işıq üzü görüb, lakin seriya modelinin premyerasından əvvəl məşhur pilot Stirling Mossa həsr olunmuş prototip nümayiş etdirilmişdi. 2023-cü ilin ortalarında seriya superkarı yarış GT2 modeli üçün əsas olub, 2024-cü ilin avqustunda isə, onun yol versiyası — GT2 Stradale təqdim edilib.
Məşhur Formula-1 pilotu Xuan Manuel Fanxio beş çempionluq titulundan ikisini Maserati 250F avtomobilinin sükanı arxasında qazanıb — bu, 1954 və 1957-ci illərdə baş verib. Argentinalı pilot həmin avtomobillə Belçika, Monako, Fransa və Argentinada da qalib gəlmişdi.
1956-cı ildə Stirling Mossun idarə etdiyi Maserati 250F İtaliya və Monako yarışlarında lider olmuşdu. 1958-ci ildə isə, Mariya Tereza de Filippis bu avtomobillə Qran Pri yarışının sıralama sessiyasını keçən ilk qadın olub.
İndi isə, İtaliyanın Monza trekində keçirilən GT2 Avropa Seriyasının ilk mərhələsində Maserati GT2 Stradale yol superkarı və GT2 yarış modeli əfsanəvi bolidin üslubunda olan xüsusi livreyada nümayiş etdirilib.
Kuzov qırmızı rəngə boyanıb, faralar arasında sarı zolaq yerləşdirilib, məşhur üçdişli Maserati emblemləri də sarı rəngdə hazırlanıb. Sağ ön qanadda isə, ağ rəngli böyük “1” nömrəsi yerləşdirilib.
Xatırladaq ki, yarış üçün nəzərdə tutulmuş Maserati GT2 modeli demək olar ki, seriya versiyasındakı 3,0-litrlik V6 Nettuno biturbo mühərriki ilə təchiz edilir: onun hasilatı 630 at qüvvəsi və 730 Nm , fırlanma anı təşkil edir.
Yol versiyası olan GT2 Stradale isə, fərqli proqram təminatını və yeni buraxılış sistemini əldə edib. Bunun sayəsində mühərrikin gücü 640 at qüvvəsinə qədər yüksəlib, maksimal fırlanma anı isə, əksinə, 720 Nm-ə qədər azalıb. GT2 modelində mühərrik 6-pilləli sekvental transmissiya ilə birləşdirilib, GT2 Stradale isə, adi MC20 kupesindən götürülmüş 8-pilləli iki muftalı robotlaşdırılmış transmissiya ilə təchiz olunub.
Arxa ötürmə özükilidlənən differensialla tamamlanır. Maserati GT2 Stradale baza MC20 modelindən cəmi 25 kiloqram yüngüldür (tam təchizatlı çəkisi - 1475 kiloqram). O, 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir,maksimal sürəti isə, 324 km/saatdır. Maraqlıdır ki, əvvəlki MC20 modelinin maksimal sürəti 325 km/saat idi.
Maserati şirkəti bu yeni rəngləmə variantını fərdiləşdirilmiş GT2 Stradale modelləri üçün təklif etməyi planlaşdırır, lakin istehsal sayı və gğzlənilən qiymət hələlik açıqlanmayıb. Belə livreyaya sahib olan Maserati GT2 yarış avtomobili isə, yeganə nüsxədə qalacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









