1995-ci ildə 59 nömrəli McLaren F1 GTR superkarı ilk cəhdində “Le Manın 24 Saatı” yarış marafonunda qalib gəlib. McLaren bir il ərzində Indianapolis 500, Monako Qran Prisi və 24 Hours Le Mans yarışlarında qalib gələrək "üçlü tacı" qazanan ilk istehsalçı olub. O vaxtdan bəri ingilis şirkəti vaxtaşırı xüsusi versiyaları buraxmaqla öz zəfərini bizə xatırladır. İndi isə, istehsalçı bu hadisənin 30 illiyini xüsusi McLaren 750S Le Mans superkarı ilə qeyd etmək qərarına gəlib.

Xüsusi versiya baza modelindən qabaqcıl High Downforce Kit (HDK) aerodinamik paketi ilə fərqlənir. Onun tərkibinə böyüdülmüş splitter, aktiv arxa antiqanad və qanadlardakı əlavə hava kanalları daxildir. Bütün hissələr karbonplastikdən hazırlanıb, damda isə, əlavə hava girişi quraşdırılıb. Kuzov boz Le Mans  və ya firma narıncı rənginə boyana bilər. Çıxış boruları titandan hazırlanır. F1 modeli üçün xarakterik olan qızılı əyləc mexanizmlərinin göründüyü orijinal beşqollu təkər diskləri quraşdırılıb. Qapılara xüsusi versiyanın LM abreviaturası şəklində olan loqotipləri vurulub.

Kokpitin tərtibatı üçün iki rəng kombinasiyası təklif olunur, lakin hər iki variant da alkantara və qara dəri ilə üzlənməni ehtiva edir. Başlıqlar və ayaqaltılar xüsusi versiyanın loqotipləri ilə bəzədilib. Əlbəttə ki, xatirə lövhəsi olmadan ötüşməyib. Adi McLaren 750S kupesi kimi, xüsusi versiya üçün də ön baqajda quraşdırılan və McLaren komandasının bütün ən mühüm idman nailiyyətlərini özündə əks etdirən lövhəni sifariş etmək olar.

Lakin avadanlıq siyahısı tamamilə standartdır. McLaren 750S karbonplastikdən hazırlanmış Monocage II monokokunun ətrafında yığılıb və aktiv Proactive Chassis Control III asması ilə təchiz olunub. Baza daxilində 750 at qüvvəsi və 800 Nm hasil edən 4,0-litrlik V8 biturbo mühərriki quraşdırılıb. O, bütün dartma qüvvəsini arxa oxa göndərən yeddi pilləli preselektiv “robot” ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

McLaren 750S Le Mans superkarı 50 nüsxədən ibarət tirajla istehsal olunacaq. Xüsusi versiyanın qiyməti hələlik açıqlanmayıb. Amma üçqat qələbənin 30 illiyinin qeyd olunması bununla da bitmir. Artıq iki ədəd McLaren GT3 Evo superkarı hazırlanıb ki, onlar da 11-15 iyun 2025-ci tarixində keçiriləcək “Le Manın 24 Saatı” marafonunun LMGT3 sinfində yarışacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.