Mercedes-Benz şirkəti 2022-ci ildə klassik quruluşlu modellərinin AMG versiyalarında təkmilləşdirilmiş dördsilindrli 2.0 M139l turbomühərrikini tətbiq etməyə başlayıb.
Əvvəlcə Mercedes-AMG C 43 modelində 3.0-litrlik V6 biturbo mühərrikindən imtina edilib, daha sonra isə, ən yüksək səviyyəli Mercedes-AMG C 63 modeli 4.0-litrlik V8 mühərrikini hibrid güc aqreqatı ilə əvəzləyib. 2023-cü ildə Mercedes-AMG GLC 43 və 63 krossoverlərində dördsilindrli mühərrikləri quraşdırmağa başlayıb.
Lakin bu yanaşma azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb və alman şirkəti istehsal həcmini azaltmaq məcburiyyətində qalıb. Mercedes-AMG CLE 53 kupe və kabrioleti yumşaq hibrid üstqurumu olan 3.0-litrlik altısilindrli M256 turbomühərrikini alıb, indi isə, oxşar aqreqat yeni Mercedes-AMG GLC 53 4Matic+ krossoverinə qismət olub.
Yeni GLC 53 4Matic+ krossoveri iki dördsilindrli modifikasiyanı — GLC 43 və GLC 63 S E Performance modellərini əvəz edir. Mühərrik 449 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir, fırlanma anını qısa müddətə 640 Nm-ə qədər artırmaq imkanına malikdir.
48 voltluq startyor-generator isə, əlavə 23 at qüvvəsi və 205 Nm-i təmin edir. Lonç-kontrol işə salındıqda 100 km/saata sürətlənmə 4,2 saniyə çəkir: bu, 422 at qüvvəli əvvəlki GLC 43 modelindən 0,3 saniyə daha yeyin, lakin 680 at qüvvəli əvvəlki GLC 63 modelindən 0,7 saniyə daha yavaşdır.
Maksimum sürət 250 km/saat həddində məhdudlaşdırılıb, lakin elektron əlavə ödəniş müqabilində elektron “boyunduruğu” 270 km/saata qədər artırmaq mümkündür. AMG GLC 63 S E Performance super hibridi ilə müqayisədə onun dinamik göstəriciləri təsiredici deyil, lakin almanlar sadəcə rəqəmlərə deyil, emosiyalara üstünlük verirlər. Misal üçün, xüsusi rezonatorları olan yeni, gurultulu buraxılış sistemi vəd edilir.
Doqquz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi bütün gücü arxa oxa ötürə bilər. İlk dəfə olaraq, AMG krossoverində əlavə ödəniş qarşılığında elektronika tərəfindən idarə edilən yüksəldilmiş sürtünməsi olan arxa differensial və xüsusi drift rejimi əlçatandır. Ön tərəfdə dördporşenli supportları olan 390 millimetrlik əyləc diskləri, arxada isə, təkporşenli supportu olan 360 millimetrlik əyləc diskləri quraşdırılır.
Bundan başqa, bir neçə opsiylar paketi də mövcuddur. AMG Dynamic Plus paketinə, digər şeylərlə yanaşı, qırmızı əyləc supportları və eksklüziv AMG Performance sükan çarxı daxildir. Golden Accents paketinə xüsusi dekor, kuzovdakı qrafika, tutqun qara rəngli 21 düymlük döymə AMG diskləri və eksklüziv interyer tərtibatı daxildir. AMG Design Plus paketinə daha böyük splitter və spoyler, ön bamperdəki örtmələr və parlaq qara plastikdən xarici tərtibat elementləri daxildir.
Mercedes-AMG GLC 53 4Matic+ modelinin qiyməti hələlik açıqlanmayıb, lakin hazırkı Mercedes-AMG GLC 63 S E Performance hibridinin Almaniyadakı minimum satış qiyməti 119.567 avrodur. Altısilindrli turbomühərrik, daha sonra yuxarıda qeyd olunan dördsilindrli C 43 və C 63 modellərini əvəzləyəcək gələcək Mercedes-AMG C 53 idman sedanında quraşdırıla bilər.
Bununla belə, istehsalçının C 63 model xəttindən tamamilə imtina etməsi ehtimalı azdır. Qərb mediasının məlumatına görə, şirkət artıq yeni Mercedes S-Class modelindəki yastı dirsəkli valı olan təkmilləşdirillmiş 4.0-litrlik M177 Evo V8 biturbo mühərriki ilə təchiz ediləcək yeni C 63 super sedanı üzərində işləyir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









