Ötən ilin mart ayında Mercedes-Benz şirkəti iri krossoverlərdən ibarət olan GLE, GLE Coupe və GLS ailəsinin genişmiqyaslı yeniləməsini həyata keçirib. Modellər yenilənmiş eksteryer və interyerə, genişləndirilmiş avadanlıq siyahısına və təkmilləşdirilmiş güc aqreqatlarına sahib olublar ki, bu da onların konveyerdəki ömrünü daha bir neçə il uzatmağa imkan verir.

Lakin yenilənmiş versiyalar arasında AMG bölməsinin ən güclü və ən idman xarakterli 63 indeksli modifikasiyaları yox idi. İndi isə, Mercedes-Benz bu boşluğu aradan qaldıraraq yeni model ilinə məxsus restaylinq edilmiş “bərkgedən” krossoverləri təqdim edib. “Bərkgedən” krossoverlər də yenilənmiş dizayn və avadanlıq siyahısını əldə ediblər, eyni zamanda, V8 mühərriki flaqman S-Class sedanından götürülmüş daha müasir və qənaətcil aqreqatla əvəz olunub.

“Bərkgedən” AMG krossoverlərinin xarici görünüşü adi versiyalarla eyni üslubda yenilənib. Avtomobillər firma “ulduzları” olan yeni LED optikanı, iri hava girişləri olan yenilənmiş bamperləri və faralarla vizual olaraq birləşdirilmiş, şaquli lamellərə malik olan radiator barmaqlığını əldə ediblər.

Bununla yanaşı, AMG GLE modeli “çevrilmiş” radiator barmaqlığı ilə fərqlənir, AMG GLS isə, ənənəvi xrom barmaqlığını saxlayıb, lakin ona kontur işıqlandırması əlavə edilib. Manufaktur fərdiləşdirmə proqramı çərçivəsində opsional AMG Night Package II tünd dekor paketini də sifariş etmək mümkündür. 

Həmçinin, bütün modellər üçün dəyişən səs tembrinə malik olan “dördlüləli” AMG Performance buraxılış sistemi, yığcam diffuzor, habelə GLE modeli üçün 22, GLS krossoveri üçün isə, 23 düymədək ölçüsü olan yüngül lehimli və ya döymə disklər təklif edilir.

Krossoverlərin salonunda yenilənmiş MB.OS əməliyyat sistemi ilə işləyən üç ekranlı MBUX Superscreen kompleksi quraşdırılıb. AMG modelləri üçün sistemə genişləndirilmiş telemetriya məlumatları əlavə edilib. 

Eyni zamanda, avtomobillər hərəkət rejimlərinin ayrıca düymələri olan AMG Performance sükan çarxını, həmçinin Nappa dərisi, karbonplastik, alüminium və Microcut mikrofibrası ilə işlənmiş premium tərtibatı əldə ediblər.

Oturacaqlar Nappa Exclusive və ya daha dəbdəbəli Nappa Exclusive Style dərisi ilə üzlənə bilərlər. Manufaktur fərdiləşdirmə proqramı çərçivəsində eksklüziv tərtibat variantları və rəng həlləri də təklif olunur.

Restaylinqdən sonra, həm AMG GLE 63 S, həm də AMG GLS 63 modeli aktiv elektromexaniki stabilizatorlara malik olan təkmilləşdirilmiş Ride Control+ pnevmatik asqısı ilə təchiz edilirlər. Standart rejimdə o, klirensi 20 millimetr artırmağa imkan verir, lakin AMG Dynamic Select sisteminin müxtəlif proqramları seçildikdə tənzimləmə imkanları daha da genişlənir.

Comfort, Sport və Sport+ rejimlərində kuzov 10 millimetr aşağı düşür, Trail yolsuzluq rejimində isə, klirens birdən-birə 56 millimetr artır. Bununla yanaşı, mühəndislər kuzov yana əyilmələrini qarşısını alan AMG Active Ride Control sistemini də yeniləyiblər. Artıq bu sistem yeni ESP sistemi ilə birlikdə işləyir.

Yenilənmiş AMG krossoverlərinin əsas texniki yeniliyi modernləşdirilmiş 4,0-litrlik V8 M177 EVO mühərriki olub. İki turbin və yastı dirsəkli vala malik olan bu aqreqat əvvəlki kimi 612 at qüvvəsi və 850 Nm fırlanma anı hasil etsə də, daha sərt ekoloji normalara cavab verir.

Mühərriklə birlikdə doqquz pilləli AMG Speedshift TCT avtomatik transmissiyası, ona inteqrasiya olunmuş 48 voltluq ISG startyor-generator (23 at qüvvəsi. və 205 Nm), həmçinin elektron idarə olunan arxa differensial kilidinə malik  olan 4Matic+ tam ötürmə sistemi çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrikin dəyişdirilməsi dinamik göstəricilərə demək olar ki, təsir etməyib. Əvvəlki AMG GLE 63 S modeli 0-dan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənirdisə, yenilənmiş versiya bunu 3,9 saniyəyə yerinə yetirir. AMG GLS 63 isə, əvvəlki nəticəsini qoruyaraq ilk “yüzlüyü” 4,2 saniyəyə toplayır. Hər üç modelin maksimal sürəti əvvəlki kimi 280 km/saat həddində məhdudlaşdırılıb.

Yenilənmiş idman krossoverləri üçün ilk bazar ABŞ olacaq. Yeni modellər artıq bu ilin payızında satışa çıxacaqlar. Qiymətlər hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.