Mercedes-Benz şirkəti elektromobillərin satışını artırmaq üçün nəzərdə tutulmuş yeni strategiyasını həyata keçirməyə davam edir. Bu strategiya əsasən, elektromobillər daxiliyanma mühərrikli analoqları ilə eyni çeşidə daxil olmalıdırlar. Yeni planın ilki ötən ilin sentyabrında təqdim edilən Mercedes-Benz GLC with EQ Technology elektrik krossoveri olub.
İndi isə, alman avtomobil nəhəngi yeni Mercedes-Benz C-Class electric sedanını təqdim edib. O, mövcud olan daxiliyanma mühərrikli C-Class modelini əvəz etməyəcək, əksinə tamamlayacaq.
Yeni modelin eksteryerinin dərc edilmiş tizeri və interyer tərtibatı onun dizaynının GLC elektrik krossoveri ilə bənzər olacağından xəbər verirdi. O, keçmişin "yaşıl" Mercedes-Benz avtomobillərini zərif xətlərini ənənəvi daxiliyanma mühərrikli modellərin klassik nisbətləri və dekoru ilə birləşdirən özünəməxsus fastbək-sedan kuzovuna və MB.EA elektrik platformasına malikdir.
Ön tərəfdə 1050 işıq nöqtəsi ilə bəzədilmiş şaquli psevdo-barmaqlıq və üçşüalı qrafikası olan faralar, arxa tərəfdə isə, tək paneldə birləşdirilmiş, Mercedes-Benz firma "ulduzları" olan dörd dairəvi işıq var. Yeni C-Class electric həmçinin üçpəncərəli yan şüşələnməni, irəli çıxan bilən qapı tutacaqları və böyük 18-20 düymlük təkər diskləri təklif edir.
Avtomobilin uzunluğu 4883 millimetr (DYM-li C-Class sedanından 132 millimetr uzun), eni - 1892 millimetr (+ 72 millimetr), hündürlüyü - 1503 millimetr (+ 66 millimetr), təkər bazası isə, 2962 millimetr (+ 97 millimetr) təşkil edir.
Eyni zamanda, yeni model daxiliyanma mühərrikli həmkarından aerodinamik cəhətdən daha effektivdir - onun aerodinamik müqavimət əmsalı ənənəvi C-Class modelindəki 0,24-ə qarşı 0,22-dir.
Mercedes-Benz C-Class electric sedanının interyeri əsasən batareyalı GLC krossoverinin interyerini təkrarlayır. Onun mərkəzi elementi, dairəvi deflektorlar ilə çərçivəyə alınmış, cihazlar panelini və süni intellektli səs köməkçisi olan MB.OS məlumat-əyləncə sistemini birləşdirən tikişsiz 39,1-düymlük ekrana malik parlaq MBUX Hyperscreen panelidir. Lakin bu xüsusiyyət yalnız elektrik sedanının daha yüksək təchizatlı səviyyələrində mövcuddur.
Orta təchizatlı sedanlar 10,3-düymlük (sürücü üçün) və iki 14,0-düymlük (mərkəzi və ön sərnişin üçün) ayrı displeyləri olan daha sadə üçekranlı MBUX Superscreen cihaz panelini alacaqlar. Baza versiyasında ön sərnişin ekranının funksionallığı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb – ondan yalnız dekorativ qrafikanı göstərmək üçün istifadə olunur.
Təchizat səviyyəsindən asılı olaraq, C-Class electric modelinin salonu dəri və ya veqan (heyvan mənşəyi olmayan) materialları ilə üzlənə, qabaqcıl kontur işıqlandırması, tamamlanmış reallıq elementləri olan 18 düymlük proyeksiya ekranı, paslanmayan poladdan dinamikləri olan Burmester audio sistemi, habelə elektroxrom tündləşdirməsi və 162 LED "ulduzu" olan Sky Control panoram damı ilə təchiz edilə bilər.
Yeni model həmçinin mənfi temperaturlarda avtomobilin qızdırılmasını sürətləndirən daha səmərəli iqlimə nəzarət sistemi, eləcə də qabaqcıl oturacaqlar ilə təchiz olunub: elektrik tənzimləməsi, havalandırma, masaj funksiyası və dördmövqeli bel dəstəyi olan standart rahat oturacaqlar və gücləndirilmiş yan dəstəyi, inteqrasiya olunmuş baş dayaqları, dəri və alkantaradan üzlüyü olan AMG Line idman oturacaqları.
Elektrosedanın daxiliyanma mühərrikli analoqundan daha geniş, daha səssiz və daha əlverişli olduğu iddia edilir: arxa baqajın tutumu 470 litr, ön baqajın tutumu isə, 101 litrdir.
Yeni modelin əsasını təşkil edən 800 voltluq MB.EA elektrik platforması standart olaraq müstəqil yaylı asqı ilə təchiz edilir, lakin daha yüksək təchizatlı versiyalar elektron idarələnən Airmatic pnevmoasqısı və 4,5 dərəcəyə qədər dönmə bucağı olan arxa təkərlərə malikdir. Bundan əlavə, pnevmoasqı naviqasiya sistemindən və digər Mercedes-Benz modellərindən Car-to-X protokolu vasitəsilə məlumat alaraq, avtomobilin önündəki yol səthinə avtomatik olaraq uyğunlaşa bilir.
Bu, avtomobilin, 11-ə qədər hava yastığı, yan sürətlənməyə reaksiya verərək öncədən gərilən təhlükəsizlik kəmərləri, avtomatik geriyə hərəkət funksiyası və MB.Drive sisteminə inteqrasiya olunmuş bir çox elektron sürücüyə yardımçı sistemlərinə malik olan qabaqcıl təhlükəsizlik sistemlərindən yalnız biridir.
Təchizat səviyyəsindən asılı olaraq, C-Class electric sərbəst şəkildə təhlükəsiz məsafəni saxlaya, əyləcləməni həyata keçirə, yerdəki işarələnmələri izləyə, zolaqları dəyişə və park edə bilər.
İlk zamanlarda C-Class electrikc satışa bir versiyada - C 400 4Matic electric versiyasında çıxacaq. Onun texniki hissəsi GLC 400 4Matic with EQ Technology krossoveri ilə eynidir: ümumi hasilatı 489 at qüvvəsi və 800 Nm olan iki elektrik mühərriki, arxa mühərrikə qoşulmuş ikipilləli reduktor, 94 kilovat/saatlıq batareya, 300 kilovatlıq rekuperasiya sistemi və 330 kilovata qədər ötürmə gücü olan şarj (əlavə ödənişlə 400 kilovata qədər).
Səmərəliliyi artırmaq üçün avtomobil ön elektrik mühərrikini söndürə və gediş məsafəsini 762 kilometrə qədər artıra bilər. Sürətli şarj cəmi 10 dəqiqədə 325 kilometrlik enerji ehtiyatını təmin edir. Yeni Mercedes-Benz elektrik sedanı həmçinin idman avtomobilinə bənzər dinamikası ilə öyünə bilər: 2460 kiloqram ağırlığında olan sedan yerindən 100 km/saata 4,0 saniyəyə sürətlənir (əlbəttə ki, bu zavod göstəriciləri tam doldurulmuş batareyanı nəzərdə tutur) və maksimal 210 km/saat həddinə qədər sürətlənə bilər. Bundan əlavə, avtomobil 1,8 tona qədər ağırlığında qoşqunu yedəyə ala bilir.
Mercedes-Benz C-Class electric sedanının qiyməti və satışa çıxma tarixi hələlik açıqlanmayıb. Görünür, yeni modelin qiyməti eyni platformanı paylaşdığı Mercedes-Benz GLC with EQ Technology krossoverindən (Almaniyada 67.717 avrodan başlayır) daha ucuz, lakin batareyalı CLA modelindən (47.250 avrodan başlayır) daha baha olacaq.
Onun əsas rəqibi bu yaxınlarda təqdim edilən yeni nəsil BMW i3 sedanı olacaq. Almanlar zamanla modelin çeşidini daha uzunmənzilli arxamühərrikli versiya ilə genişləndirməyi vəd edirlər. Həmçinin C-Class electric universalının peyda olacağı barədə də şayiələr dolaşmaqdadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









