28 il ərzində yığcam Mercedes-Benz ailəsi bu brendin ən sadə və ən ucuz avtomobili sayılan A-Class modelinə əsaslanırdı. Lakin üç il əvvəl şirkət bu çeşidi ixtisara salmaq qərarına gəldi, ona görə də yeni yığcam ailədə artıq A-Class olmayacaq. Baza modeli rolunu Mercedes-Benz CLA sedanı öz üzərinə götürüb və indi onun üçüncü nəsli təqdim olunub.
Yeni CLA şirkətin gələcək modelləri üçün universal üslubu nümayiş etdirir, üstəlik, yeni “multienerjili” strategiyanın pionerinə çevrilib: bundan sonra bir ailəyə daxil olan bütün Mercedes-Benz avtomobilləri hibrid və elektrik modifikasiyalarına malik olacaqlar. Özünəməxsus kuzovu olan ayrı elektromobillərin yaradılmasını nəzərdə tutan əvvəlki konsepsiya uğursuz hesab edilib.

Yeni CLA həm daxili yanma mühərrikli avtomobillər, həm də elektromobillər üçün nəzərdə tutulmuş MMA (Mercedes-Benz Modular Architecture) modul platformasında inşa edilib. Şassinin ön tərəfində McPherson dayaqları, arxa tərəfiində isə, standart çoxqollu asqı var ki, bu da konstruktiv olaraq böyük Mercedes-Benz avtomobillərinin asqısına bənzəyir. Artıq heç bir tirlərdən söhbət gedə bilməz! Yığcam sedan üçün 17-19 düymlük təkər diskləri də təklif olunur.
Yeniliyin təkər bazası əvvəlki modellə müqayisədə 61 millimetr artıb (2790 millimetrə qədər) və bu bütün ölçülər arasında ən əhəmiyyətli artımdır, çünki sedan 35 millimetr uzun (4723 millimetr), 25 millimetr enli (1855 millimetr) və 29 millimetr hündür (1468 mm) olub.

Mercedes-Benz CLA çərçivəsiz qapılara, hamar yan tərəfə və “batırılmış” qapı tutacaqlarına malikdir, Cx aerodinamik müqavimət əmsalı 0,23-dən 0,21-ə endirilib. Elektrik versiyalarında radiator barmaqlağını əvəzləyən 142 LED ulduz yerləşdirilmiş tıxac quraşdırılır. Multibeam matrisa faraları opsiyadır.
Baza təchizatı elektroxrom panoram damı (sürüşərək açılan bölməsi olmayan) ehtiva edir. Onun sayəsində şirkət sərnişinlərin başı üzərindəki məkanın həcminin artdığını bəyan edir. Ön oturacaqlar bir qədər genişləndiriliblər, lakin salonun eninə baxımından yeni CLA sələfindən bir qədər geri qalır. Eyni şey baqajın həcminə də aiddir: indi onun həcmi 460 litr əvəzinə cəmi 405 litrdir. Bununla belə, elektrik versiyalarında 101 litrlik əlavə ön baqaj bölməsi də var.

Sadə ön panelə, oturacaqların kombinə edilmiş üzlüyünə və bir zonalı klimat-kontrola malik olan baza interyeri hələlik göstərilməyib. Təqdimat şəkillərində vahid şüşə səthə malik olan opsional MBUX Superscreen ön paneli göstərilir.
O, standart olaraq iki ekrana malikdir: cihazlar panelinin ekranı (10,25 düym) və multimedia sisteminin mərkəzi displeyi (14 düym), lakin əlavə ödəniş müqabilində ön sərnişin taçskrini (həmçinin 14 düym) və proyektoru (12,2 düym) əldə etmək olar.

MBUX multimedia sisteminin özü artıq dördüncü nəsildir. O, Unity oyun qrafikası mühərrikinə və süni intellektlə dəstəklənən quraşdırılmış Microsoft və Google xidmətlərinə malikdir. Sensorlu ekranlarda həmişə əsas menyuya qayıtmağa imkan verən nişanlar olan “sıfır təbəqəsi” göstərilir. Bütün bort elektronikası “havadan yeniləmə” funksiyasına malik olan yeni MB.OS əməliyyat sistemi ilə işləyir.
Standart təchizata sürücü və sərnişin arasında açılan və qəza zamanı onların toqquşmasının qarşısını alan mərkəzi hava yastığı daxildir. “Bazaya” həmçinin MB.Drive elektron köməkçiləri dəsti daxildir və əlavə ödəniş müqabilində dönmə siqnalını yandırdıqdan sonra zolaqların avtomatik dəyişdirilməsi funksiyasına malik olan ikinci səviyyəli avtopilotu təmin edən genişləndirilmiş MB.Drive Assist sistemi daxildir.

Yeni ailənin flaqman modelləri yeni 800 voltluq elektrik sistemi və istilik nasosu (ilk dəfədir ki, Mercedes-Benz avtomobilində peyda olub) ilə təchiz edilmiş elektrik modifikasiyaları olacaq.
Baza versiyasında CLA elektromobilinin arxa oxunda yeni Electric Drive Unit 2.0 modulu quraşdırılıb ki, bu modul şirkət tərəfindən işlənib hazırlanıb, sinxron elektrik mühərrikini, ikipilləli reduktoru və inventorlar blokundan ibarətdir. 11:1 nisbətili birinci pillə standart olaraq istifadə edilir, ikinci (5:1) enerjiyə qənaət etmək üçün yalnız magistral yolda işə salınır. Üç bərpa rejimi var və ya onu tamamilə söndürmək olar.

Arxa ötürməli Mercedes-Benz CLA 250+ with EQ Technology elektromobili 272 at qüvvəsi və 335 Nm hasil edən elektrik mühərriki ilə təchiz olunur. Tam ötürməli Mercedes-Benz CLA 350 4Matic with EQ Technology versiyası yalnız zəruri hallarda qoşulan köməkçi sinxron elektrik mühərriki ilə tamamlanır. Belə model 354 at qüvvəsi və 515 Nm-ə malikdir.
Hər iki versiyada 320 kilovata qədər sürətli şarjı dəstəkləyən 85 kilovat/saatlıq litium-ion dartma batareyası quraşdırılır. Pasport üzrə yürüş məsafəsi müvafiq olaraq 792 və 771 kilometr (WLTP) təşkil edir. Hər iki versiyasnın 100 km/saat sürətlənmə müddəti 6,7 və 4,9 saniyə, onların maksimal sürəti isə, eynidir – 210 km/saat. Tamötürməli elektromobil 1,8 tona qədər çəkisi olan qoşqunu yedəyə almaq qabiliyyətinə malikdir.

İlin sonunda elektromobilin 58 kilovat/saatlıq litium-dəmir-fosfat batareyası olan baza versiyası satışa çıxarılacaq. Həmçinin, ilin sonuna üç hibrid modifikasiyanın buraxılması da planlaşdırılır. Onlar M252 indeksli yeni 1,5-litrlik dördsilindrli turbomühərrikə sahib olacaqlar. Bu mühərrik Geely ilə birgə hazırlanmış yeni FAME (Modular Mühərriklər Ailəsi) ailəsinin ilki olacaq.
O, 27 at qüvvəli 48 voltluq elektrik mühərriki quraşdırılmış səkkiz pilləli preselektiv 8F-eDCT “robotu” ilə tandemdə çalışır. Cəmi 1,3 kilovat/saat tutumu olan litium-ion batareyası sürücü oturacağının altında yerləşir. Hibrid versiyaların indeksləri hələlik açıqlanmayıb, lakin artıq aydındır ki, ceşiddə iki ön ötürməli (136 və ya 163 at qüvvəli) və arxa oxu qoşma muftası olan tam ötürməli versiya (190 at qüvvəsi) daxil olacaq.
Yeni CLA əvvəlki modelin istehsal olunduğu Almaniyanın Rastatt şəhərindəki eyni zavodda istehsal olunacaq. Daha sonra yeni modelin istehsalı Çində, Beijing Benz birgə müəssisəsində təşkil ediləcək.
Avropada yeni nəsil Mercedes-Benz CLA sedanlarının satışı iyul ayında başlayacaq. Bazara ilk çıxan elektrik versiyaları olacaq. Yığcam ailə dörd modeldən ibarət olacaq: sedandan sonra universal (CLA Shooting Brake) və iki krossover (yeni nəsil GLA və GLB) işıq üzü görəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.