140 il bundan əvvəl, 29 yanvar 1886-cı ildə alman mühəndisi və ixtiraçısı Karl Benz üçtəkərli Benz Motorwagen nəqliyyat vasitəsinə patenti qeydiyyatdan keçirib. Bu andan daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istehsalına başlanıb, eləcə də 1926-cı ildə Daimler-Motoren-Gesellschaft avtomobil istehsalçısı ilə birləşərək məşhur avtomobil nəhəngi Mercedes-Benz şirkətini yaradan Benz & Cie firmasının əsası qoyulub.
Ştutqart istehsalçısı öz tarixindəki bu mühüm hadisəni nəzərə alaraq, özünün ən əhəmiyyətli modelinin - yenilənmiş Mercedes-Benz S-Class (W223) debütünü məhz 29 yanvarda keçirmək qərarına gəlib.
Yenilənmiş modelin üzərindəki çalışamalar xeyli uzanıb. Yenilənmədən əvvəlki S-Class (W223) 2020-ci ilin sentyabr ayında təqdim olunub və o vaxtdan bəri avtomobil populyarlıq baxımından həm yüksəliş, həm də enişlər yaşayıb.
Beləliklə, 2024-cü ilin oktyabr ayından etibarən Mercedes-Benz satışlardakı azalma səbəbindən flaqman modelinin istehsalını əhəmiyyətli dərəcədə azaltmaq məcburiyyətində qalıb: ilin ilk beş ayında dünya miqyasında 2023-cü illə müqayisədə 32% daha az S-Class (3240 ədəd) satılıb.
Yenilənmiş versiya W223 kod adı ilə tanınan Mercedes-Benz S-Class sedanının əvvəlki aktuallığını geri qaytarmağı hədəfləyir. Mercedes-Benz nümayəndələri avtomobilin 50%-dən çoxunu yenidən işlədiklərini, onun texniki hissəsini, elektronikasını və əlbəttə ki, xarici görünüşünü əhəmiyyətli dərəcədə yenilədiklərini iddia edirlər.
Yeni S-Class 20% böyüdülmüş radiator barmaqlığını, vizual olaraq inteqrasiya olunmuş LED faraları, yeni, daha aqressiv bamperləri, yuvarlaq arxa işıqları və işıqlandırılan üçşüalı "ulduzlar" ilə bəzədilib. Onlar faralarda və radiator barmaqlığında peyda olublar, üstəlik kapotdakı firma emblemi də işıqlandırmaya sahib olub.
Ştutqartda fərdiləşdirmə barədə də düşünüblər. Əlavə ödəniş qarşılığında təklif olunan AMG Line idman kuzov dəsti ilə yanaşı, yenilənmiş S-Class sedanının alıcılarına yeni Manufaktur Black Sparkling və Manufaktur Verdesilver Magno çalarları da daxil olmaqla, genişləndirilmiş standart kuzov rəngləri palitrası təklif olunur.
Manufaktur Made to Measure proqramına üstünlük verən müştərilər 150 kuzov rəngindən və 400 daxili tərtibat variantından seçim edə bilərlər. Bayraqdar sedanı həmçinin yüksək təzyiqli tökmə üsulu ilə hazırlanmış və qeyri-adi 50-milli dizaynı olan təkər diskləri də daxil olmaqla, yeni 19, 20 və ya 21 düymlük təkər diskləri ilə də təchiz etmək mümkündür.
Yenilənmiş S-Class modelinin interyeri əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Kiçik E-Class (W214) modelində olduğu kimi, o, məlumat-əyləncə sisteminin 14,4 düymlük displeyini və 12,3 düymlük ön sərnişin ekranını nəhəng paraq şüşə altında birləşdirən futuristik MBUX Superscreen panelini alıb.
Bu yenilik sedanın standart təchizatına daxildir. Cihazlar panelinin 12,3 düymlük displeyi isə, öz yerini qoruyub. Tunel keçmiş yüksəlişində qadcetlərin simsiz şarj meydançası yerləşir, ön şüşənin altındakı mərkəzi havalandırma sisteminin deflektor dördlüyünün yerində isə, Zoom və ya Microsoft Teams vasitəsilə tam video konfrans təşkil etmək üçün daxili kamera quraşdırılıb.
Oxşar kameralar arxa sərnişinlər üçün də nəzərdə tutulub. Onlar ön oturacaqların arxasına quraşdırılmış və ayrıca sensorlu pultlar vasitəsi ilə idarələnən yeni 13,1 düymlük ekranlara inteqrasiya olunublar.
Mercedes-Benz S-Class yenilənmiş tərtibata alıb, sensorlu çoxfunksiyalı sükanı “düyməli” variantla əvəz edilib, qızdırılan təhlükəsizlik kəmərləri quraşdırılıb və standart Burmester audio sistemi təkmilləşdirilib.
Yenilənmiş S-Class təkmilləşdirilmiş "beyinə" sahib olub. Avtomobilin bütün elektronikasına cavabdeh olan MB.OS əməliyyat sistemi indi daha güclü prosessora əsaslanır və hava üzərindən yenilənə bilər. Onun tərəfindən idarə olunan MBUX media sistemi generativ süni intellekt və Google Maps ilə işləməyi öyrənib, həmçinin səs əmrlərini anlamaq və yadda saxlamaq qabiliyyətini təkmilləşdirib.
Elektron köməkçiləri idarə edən MB.DRIVE sistemi də öz funksionallığını genişləndirib: avtomatik əyləcləmə sistemi, adaptiv kruiz-kontrol, zolağın avtomatik dəyişdirilməsi və maneələri ötüb keçmək sistemləri, 360 dərəcəlik kamera sistemi və avtomatik parklama rejimi təkmilləşdirilib. Mercedes-Benz S-Class W223 sedanı artıq bucaq altında parklana və dayanacaq yerindən müstəqil şəkildə çıxa bilər.
Sedanın mühərrik çeşidinə əsaslı şəkildə yenidən baxılıb. Avtomobilin başlanğıc səviyyəli versiyaları — S 350 d 4MATIC və S 450 d 4MATIC — artıq müvafiq olaraq 309 at qüvvəsi (650 Nm) və 362 at qüvvəsi (750 Nm) hasil edən yeni 3,0-litrlik altısilindrli OM 656 Evo dizel mühərriki ilə təchiz olunub. 9 pilləli avtomatik transmissiyaya inteqrasiya olunmuş 48 voltluq startyor-generator və ən yeni elektriklə qızdırılan katalitik neytralizator mühərrikin ciddi yanacaq qənaəti standartlarına cavab verməsinə kömək edir.
İyerarxiyadakı növbəti güc aqreqatı 3,0-litrlik M 256 Evo altısilindrli benzin turbomühərrikidir. O, S 450 4MATIC və S 500 4MATIC modellərində quraşdırılır və 376 at qüvvəsi (560 Nm) və 443 at qüvvəsi (600 Nm) hasil edir. Bu mühərrik həmçinin startyor-generatora malikdir və S500 versiyasında fırlanma anını qısa müddətə 640 Nm-ə qədər artıran Overboost funksiyasına malikdir. Bu rejimdə S-Class 100 km/saat həddini 4,3 saniyəyə toplayır.
4,0-litrlik V8 mühərriki də əhəmiyyətli dərəcədə yenilənib. S 580 4MATIC versiyası indi yastı dirsəkli valı olan 537 at qüvvəli (550 Nm) ən yeni M 177 Evo biturbo mühərriki ilə təchiz edilir. Bu aqreqat startyor-generator və eyni 9 pilləli avtomatik transmissiya ilə birlikdə iri sedanı 100 km/saat həddinə cəmi 3,9 saniyəyə sürətləndirir.
S 450 e və S 580 e 4MATIC plagin hibridləri daha güclü və daha uzun mənzilə sahib olublar. 3,0-litrlik altısilindrli mühərrik, elektrik mühərriki və 22 kilovatt/saat batareyanın təkmilləşdirilməsi sayəsində güc qurğusunun ümumi hasilatı 429 at qüvvəsi (680 Nm) və 577 at qüvvəsinə (750 Nm), sifr elektrik ötürməsi ilə qət edilən məsafə isə, 118 və 103 kilometrə qədər artıb.
Bu versiyalar artıq 100 km/saat həddinə müvafiq olaraq, 5,7 və 4,4 saniyəyə sürətlənirlər. Yeni S-Class həmçinin 6,0-litrlik V12 biturbo mühərriki ilə təchiz oluna bilər. Lakin bu aqreqat yalnız kuzovun və şüşələrin VR10 sinifli ballistik qorumasına malik olan zirehli S 680 GUARD 4MATIC sedanı üçün əlçatandır.
Sedanın bütün versiyalarında opsional E-Active Body Control və ağıllı amortizatorlar sistemi olan yenilənmiş Airmatic pnevmoasqısı quraşdırıla bilər. O, bortdakı sensorlarından və şirkətin bulud xidməti vasitəsilə digər Mercedes avtomobillərindən alınan məlumatlardan istifadə edərək, yol səthindəki kələ-kötürlərə avtomatik olaraq uyğunlaşa bilir.
Yenilənmiş S-Class həmçinin 4,5°-yə qədər dönmə bucağı olan arxa oxla təchiz edilir — əlavə ödəniş müqabilində bu göstəricini 10°-yə qədər artırmaq mümkündür.
Mercedes-Benz artıq yenilənmiş S-Class sedanına əvvəlcədən sifarişləri qəbul etməyə başlayıb. Ən sərfəli S 350 d 4MATIC versiyasının qiyməti 121.326 avrodan başlayır. Yeni flaqman yalnız ənənəvi Audi A8 və BMW 7-Series sedanları ilə deyil, həm də Çin avtomobil istehsalçılarının çoxsaylı elektrikləşdirilmiş lüks modelləri ilə mübarizə aparmalı olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









