Yanvar ayının sonunda Mercedes-Benz daha da effektiv və dəbdəbəli olan yenilənmiş S-Class sedanını təqdim edib. İndi isə, onun daha nüfuzlu versiyası olan Mercedes-Maybach S-Class modeli yenilənib. Bu qohum modellərin yenilənməsi əsasən eyni plana uyğun olaraq aparılsa da, Maybach sedanı V12 mühərrikini (yalnız standart S-Class sedanının zirehli versiyası üçün əlçatandır) saxlayıb və ilk dəfə olaraq təkrar emal edilmiş materiallardan hazırlanmış dəri örtükləri alıb.
Orijinal Mercedes-Benz S-Class kimi, Maybach S-Class sedanı da 20% daha böyük radiator barmaqlığı alıb. Lakin ənənəyə uyğun olaraq, o, üfüqi deyil şaquli zolaqlara malikdir. Bundan başqa, barmaqlığın yuxarı hissəsində “Maybach” yazısı peyda olub. Eksteryerdə bolluca işıqlandırılmış bəzəklər var: barmaqlığın haşiyəsi, ön emblem və arxa dayaqlardakı loqotiplər. Brendin adını göstərən proyektorlar kandarlara inteqrasiya olunub.
Avtomobil həmçinin hava girişlərində emblemləri olan yenidən dizayn edilmiş bamperləri alıb, V12 mühərrikləri olan modellərin radiator barmaqlığında müvafiq loqotip yerləşdirilib. LED ulduzları olan fara və arxa fənərlər, habelə çəhrayı qızıldan dekor var. Manufaktur bölməsi tərəfindən hazırlanmış yeni çalarları da daxil olmaqla kuzovun rəng palitrası genişləndirilib. Yaradıcılar mərkəzində hərəkətsiz firma emblemi olan yeni dizaynlı döymə 20 və ya 21 düymlük diskləri ilə xüsusilə fəxr edirlər.
Mercedes-Benz S-Class modeli kimi, Maybach S-Class da 12,3 düymlük rəqəmsal cihazlar panelini, media sisteminin 14,4 düymlük displeyini və ön sərnişinin 12,3 düymlük ekranını vahid parlaq örtük altında birləşdirən Superscreen ön panelinə malikdir. Yenilənmiş elektronika dördüncü nəsil MBUX sistemi tərəfindən idarə olunur, habelə inteqrasiya edilmiş süni intellekt və müxtəlif şəbəkə xidmətləri ilə tamamlanıb.
Ön oturacaqların arxa tərəflərində ayrı sensorlu pultlar ilə idarə olunan yeni 13,1 düymlük ekranlar var. Arxa sərnişinlər üçün qədəh tutacaqları və çıxarıla bilən 10-litrlik soyuducusu olan yenidən işlənmiş mərkəzi konsol nəzərdə tutulub. Təbii ağac teksturalı dekorativ örtmələr də daxil olmaqla, bir neçə yeni interyer tərtibatı variantı da mövcuddur. Bununla belə, ən maraqlı yenilik Artico süni dərisi və təkrar emal olunmuş polyester əsaslı parça örtüklərinin birləşməsinin əlavə edilməsidir.
Yenilənmiş Mercedes-Maybach S-Class sedanının üç modifikasiyası təklif edilir. Giriş səviyyəli S 580 versiyası düz dirsəkli valı və mülayim hibrid üstqurumu olan təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbo mühərriki (M 177 Evo) ilə təchiz edilir. O, 537 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir ki, bu da doqquz pilləli avtomatik transmissiya və tam ötürmə ilə birlikdə avtomobilə 100 km/saat həddini 4,5 saniyəyə yığmağa imkan verir.
Mercedes-Maybach S580e with EQ Hybrid Technology plagin hibridi təkmilləşdirilmiş 3,0-litrlik “turboaltılığa” (449 at qüvvəsi, 560 Nm), elektrik mühərrikinə (75 at qüvvəsi) və 22 kilovat/saatlıq batareyaya malikdir. Plagin hibridin ümumi hasilatı 585 at qüvvəsi və 750 Nm fırlanma anı təşkil edir. 0-dan 100 km/saat həddinə sürətlənmə 4,8 saniyə çəkir və sırf elektrik dartması ilə qət edilən məsafə demək olar ki, 100 kilometrə çatır.
Çeşidin zirvəsində Mercedes-Maybach S 680 modeli dayanır, lakin bazardan asılı olaraq onun güc aqreqatları əhəmiyyətli dərəcədə dəyişir. Avropa üçün 612 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərrikinə əsaslanan mülayim hibrid versiya nəzərdə tutulub. O, lüks sedanı 100 km/saat həddinə 4,0 saniyəyə sürətləndirir. Eyni güc və sürətlənmə xarakteristikalarını yeni 6,0-litrlik V12 mühərriki ilə təchiz olunmuş, Amerika və Çin bazarında satılacaq S 680 sedanı nümayiş etdirir.
Avropada yenilənmiş Mercedes-Maybach S-Class modelini 25 martdan etibarən sifariş etmək olar, lakin digər bazarlarda müştərilər ir qədər bgözləməli olacaqlar. Lüks seqmentində tez-tez olduğu kimi, qiymətlər hər bir hal üçün fərdi şəkildə müəyyən edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









