Bu il Mitsubishi L200 pikapı 45 illik yubileyini qeyd edəcək: bu müddət ərzində rəsmi şəkildə 150-dən çox ölkədə satılan və beş nəsildən ibatət olan 5,6 milyon avtomobil istehsal edilib. İndi isə, bazara pikapın altıncı nəsil daxil olur: onun təqdimatı modelin istehsal olunduğu əsas zavodunun yerləşdiyi Taylandda baş tutub. Yerli bazarda L200 pikapı Mitsubishi Triton adı ilə satılır.
Yeni pikap tamamilə Mitsubishi Motors tərəfindən hazırlanıb, çünki Renault-Nissan-Mitsubishi alyansındakı bu bazar seqmentinə cavabdehlik məhz ona həvalə edilib. Sonradan, yeni L200 bazasında hər biri özünəməxsus xüsusiyyətləri olan növbəti nəsil Nissan Navara və Renault Alaskan pikapları buraxılmalıdır. Odur ki, L200 məhz bu modelə xas olan bir sıra firma cizgilərini qoruyub saxlayıb.
Çeşiddə əvvəlki kimi üç kabin variantı var - tək sıralı Single Cab, biryarımlıq Club Cab və iki cərgəli Double Cub. Eyni zamanda, yeni Triton sələfindən nəzərəçarpacaq dərəcədə böyük olub. Məsələn, təkər bazası dərhal 130 millimetr artaraq 3130 millimerə çatıb, baxmayaraq ki, indiki Navara daha uzun bazaya (3150 millimetr) malikdir.
İkisıralı kabini və tam ötürməsi olan ən populyar versiyanın ölçüləri belədir: pikapın uzunluğu 5360 millimetr (+ 135 millimetr), eni - 1930 millimetr (+115 millimetr), hündürlüyü isə 1815 millimetr (+ 40 millimetr) təşkil edir.
Axarlı formalar və yumşaq xətlərlə oynamaq keçmişdə qalıb: yeni L200 daha künclü-bucaqlı və brutal olub. Ön şüşə şaquliyə yaxın quraşdırılıb, bir çox element daha böyük və daha iri hala gəlib. Bunlara misal kimi, qapı tutacaqlarını, ayaqaltıları və hətta yanacaq çəninin (əvvəlki kimi 75 litr tutur) qapağını da göstərmək olar.
Kuzovun strukturunda ultra yüksək möhkəmlikli poladlardan istifadə edilib (ön qapıların kandarlarında 1180 MPa), buna görə də, yeni pikap sələfindən daha yüngül olub.
Çərçivə strukturu qorunub saxlanılıb, lakin çərçivənin özü yenidir, daha möhkəm poladdan hazırlanıb və en kəsiyi artırılmış (üstəgəl 65%) lonjeronlara malikdir. Çərçivənin əyilməyə qarşı sərtliyi 40%, burulma qarşı sərtliyi isə 60% artıb.
Şassinin arxitekturası eyni olsa da, asqılar fərqlidir. Ön ikiqollu yaylı asqının üst qollarının bərkitmə nöqtəsi yuxarıya doğru sürüşdürülüb ki, bu da asqının gedişini 20 millimetr artırmağa imkan verib. Arxada əvvəlki kimi ressorları üzərində yerləşən və baraban əyləcləri olan bütöv körpü var (baxmayaraq ki, Navara çoxdan yaylı arxa asqıya malikdir).
Yükləmə hündürlüyü 45 millimetr (indi - 820 millimetr) azalıb, bununla belə, Mitsubishi yük platformasının digər ölçülərini açıqlamayıb. Sadə versiyalar əvvəlki kimi, arxa bamperdən məhrumdur, daha bahalı variantlarda isə bamperin yan tərəflərinə quraşdırılmış güclü ayaqaltılar var, onlar birbaşa çərçivənin lonjeronları ilə birləşdirilib və bir insanın ağırlığına tab gətirirlər.
Salon daha geniş və daha bahalı olub - burada genişləndirilmiş yumşaq tərtibat və daha keyfiyyətli plastikdən istifadə edilir. Asiyada çox populyar olan işçi versiyaları əvvəlki kimi sadə plastikə və minimum seçimlərə malikdirlər. Radikal rəqəmsallaşma yoxdur: L200 analoq cihazlar panelini, klimat-kontrolun düyməli pultunu və avtomatik transmissiyanın aeydə alınan selektorunu saxlayıb. Tavanda əlavə havalandırma kanalları quraşdırılıb.
Əvvəlki 4N15 turbodizeli, keçən il Nissan Caravan minivenində debüt edən təkmilləşdirilmiş 4N16 mühərriki ilə əvəz olunub. Lakin heç bir əsaslı dəyişiklik yoxdur, hətta iş həcmi də qorunub saxlanılıb - 2,4 litr.
Triton pikapının dizel mühərriki üç versiyada təklif olunur və onların hamısı faza dəyişdiriciləri və istiqamətləndirici aparatın dəyişən həndəsəsi olan turbokompressora malikdirlər. Mühərrikin hasilatı 150 at qüvvəsi və 330 Nm, 184 at qüvvəsi və 430 Nm (əvvəllər bu maksimum idi), 204 at qüvvəsi və 470 Nm təşkil edir.
Ötürmələr qutusu - 6-pilləli mexaniki (indi tros ilə) və ya əvvəlki 6-pilləli avtomatik transmissiyalardır. Pikap nə Navara modelində quraşdırılan 7-pilləli Jatco hidromexanikasını, nə də Pajero Sport modelindəki 8-pilləli Aisin “avtomatını” almayıb. Ən sadə Triton pikapları arxa ötürməlidirlər, növbəti səviyyə - sərt şəkildə qoşulan Easy Select tam ötürməsidir. Bahalı versiyalarda isə Super Select 4WD-II transmissiyası quraşdırılır.
Bu, ön oxu söndürmək imkanı olan daimi tam ötürməsinin növbəti iterasiyasıdır. Yüksək sürtünməli mərkəzi differensial quraşdırılıb ki, bu da dartma qüvvəsinin 40:60 nisbətində (arxa oxun lehinə) paylanması deməkdir, lakin o, sərt kilidlənməyə malikdir. Azaldıcı pillə və elektronikanın beş ofroud rejimi var. Bu yenilik, “bərkgedən” Lancer Evolution sedanından tanış olan AYC (Aktiv Yaw Control) sistemidir: yolsuzluqda o daxili ön təkəri yavaşıadaraq fırlanma radiusunu kiçiltməyə imkan verir.
Digər mühüm yenilik, zolaqda saxlama funksiyası ilə adaptiv kruiz-kontrolun (əlavə bir sıra digər köməkçilərin) tətbiqinə imkan verən sükanın elektrik gücləndiricisidir. Düzdür, bütün bunlar yalnız ən güclü, 204 at qüvvəli turbodizeli olan pikaplar üçün nəzərdə tutulub. Kiçik versiyalarda əvvəlki kimi hidrogücləndirici var və onlar belə elektronikadan məhrumdurlar.
Yeni Triton pikapı tezliklə Taylandda satışa çıxarılmalıdır. İxrac da tədricən genişləndirilməlidir. 2024-cü ilin əvvəlində isə, L200 12 il əvvəl aşağı tələbat ucbatından çıxarıldığı Yaponiya bazarına qayıdacaqdır. Planlarda elektrik mühərrikli Triton pikapı da var, qohum Mitsubishi Pajero Sport ofrouderinin yeni nəsli isə, 2025-ci ildə gözlənilir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.