Batareyalı ID.3 hetçbeki 2019-cu ildə MEB platformasına əsaslanan ilk model olub və Volkswagen şirkətinin nüfuzuna ciddi şəkildə xələl də gətirib. Bunun səbəb alayarımçıq proqram təminatı, mübahisəli dizayn və erqonomika, eləcə də interyerin keyfiyyətsiz tərtibat materialları olub. ID.3 modelinin ilk genişmiqyaslı yenilənməsi üç il əvvəl keçirilib və əsas diqqət tərtibat materiallarının və proqram təminatının təkmilləşdirilməsinə yönəldilib.
Bir il sonra batareyalı hetçbek yeni məlumat-əyləncə sistemini, yeni elektrik mühərrikini və kiçik erqonomik dəyişiklikləri gətirən daha bir nöqtəli yenilənmədən keçib. Görünən odur ki, bu yenilənmə kifayət etməyib və ona görə də ID.3 artıq üçüncü yenilənmədən keçib və bu dəfə yenilənmə həqiqətən genişdir.
Dəyişikliklərin əhatə dairəsi o qədər geniş olub ki, hətta yenilənmiş Volkswagen ID.3 modeli "Neo" indeksini alıb. Elektromobilin ön hissəsi tamamilə yenidən dizayn edilib və yeni Pure Positive firma üslubunda tərtibata malik olub. İri LED zolaq ilə birləşdirilmiş yeni faralar peyda olublar.
Mərkəzdə işıqlandırılan loqotip yerləşir. Daha yığcam yan şatmplamalar sayəsində bamperin aqressivliyi azalıb. Bamperdə yeni parlaq hava giriş barmaqlığı ilə birləşdirilmiş dekorativ işləmələr peyda olub. Yan tərəf və arxa hissər dəyişməz qalsa da, elektromobil üçün yeni dizaynlı təkər diskləri hazırlanıb.
İnteryerdəki dəyişikliklər daha da əhəmiyyətlidir. Faktiki olaraq, ID.3 Neo tamamilə yeni interyeri əldə edib! Sürücünün qarşısında yastı üst və alt hissəsi olan sükan çarxı var, lakin ən vacibi sensorlu düymələrin əvəzinə real fiziki düymələri olan iki blokun əlavə edilməsidir.
Nəhayət, iqlimə nəzarət sistemi də tam ölçülü düyməli idarəetmə panelinə sahib olub. Əvvəlki qarışıq mərkəzi konsolun əvəzinə simsiz şarj paneli, stəkan tutacaqları və dirsəkaltıları olan iki səviyyəli tamölçülü tunel quraşdırılıb. Sürücü qapısında tam düymə dəsti olan yeni pəncərəqaldırıcıları bloku yerləşir.
Əvvəlki cihazlar panelinin ekranı tamölçülü 10,25-düymlük displeylə əvəzlənib. Innovision adlanan yeni media sistemi təkmilləşdirilmiş qrafikaya və intuitiv idarəetməyə, habelə 12,9-düymlük mərkəzi planşetə malikdir. Üçüncü tərəflərin tətbiqlərinin quraşdırılmış mağazası, eləcə də, əlavə ödəniş müqabilində əlavə funksiyaları aktivləşdirmək imkanı mövcuddur.
Adaptiv kruiz-kontrol genişləndirilmiş elektron yardımçı sistemləri dəstini əldə edib. Seçimlər siyahısına tamamlanmış reallıqlı proyeksiya ekranı, dairəvi müşahidə kameraları, ön oturacaqlar üçün masajor və yaddaşlı elektrik ötürməsi, premium Harman/Kardon audio sistemi, böyük panoram dam və qabaqcıl avtoparklayıcı daxildir.
Volkswagen ID.3 Neo hetçbekinin elektrik sistemi də əhəmiyyətli dərəcədə yenidən işlənib. Arxa oxda 170 at qüvvəli elektrik mühərriki və 50 kilovat/saatlıq batareyası olan yeni giriş səviyyəli versiya hazırlanıb. Əvvəlki baza versiyasında 204 at qüvvəli mühərrik və 58 kilovat/saatlıq batareya var idi.
Yenilənmiş elektromobilinin orta səviyyəli versiyası 190 at qüvvəsinə və 58 kilovat/saatlıq batareyaya malikdir. Bu variant da yenilənmədən əvvəlki çeşiddə mövcud olmayıb. Ən yüksək səviyyəli versiyanın mühərriki əvvəlki kimi 231 at qüvvəsi hasil edir, lakin onun dartma batareyası daha tutumlu olub: əvvəlki 77 kilovat/saat əvəzinə 79 kilovat/saat.
İki kiçik batareyanın maksimal doldurma gücü 105 kilovat, daha böyük batareyanın isə, 183 kilovatdır. Gücləndirilmiş rekuperasiya həmçinin batareyanın doldurulmasına kömək edəcək. Yeni rekuperasiya sayəsində tək pedalla idarəetmə sistemində tam dayanmanı təmin edən rejim peyda olub. Nəhayət, yenilənmiş elektromobil 3,6 kilovata qədər gücü olan kənar istehlakçıları enerji ilə təmin etmək qabiliyyətinə malikdir.
Elektromobil üç təchizat səviyyəsində təklif ediləcək: Trend, Life və Style. Avropada artıq Volkswagen ID.3 Neo hetçbekinə sifarişlərin qəbuluna başlanılıb, lakin qiymət hələlik məlum deyil. Maraqlıdır ki, Neo prefiksi olmayan yenilənmədən əvvəlki ID.3 artıq brendin Almaniyadakı rəsmi veb saytından yoxa çıxıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









