Dörd il əvvəl BMW tarixi Neue Klasse, yəni "Yeni Sinif" adı altında elektromobillər ailəsini buraxacağını elan etmişdi. Uzun bir inkişaf və ictimaiyyətin diqqətinin cəlb olunması dövrü arxada qalıb - bu müddət ərzində isə, alman istehsalçısı bir sıra konsept avtomobillərini nümayiş etdirib. İndi isə, ilk seriya modeli təqdim olunub - bu, alman şirkətinin tarixində yeni eranı açacaq BMW iX3 krossoveridir.

Hələ 2024-cü ilin martında BMW Vision Neue Klasse X konsepti nümayiş etdirilib və seriya elektromobili həmin şou-karda debüt edən bir çox həlləri alıb! Buna korporativ dizaynın yeni iterasiyası da daxildir. Nəhəng burun dəlikləri keçmişdə qalıb - indi onlar yenidən köhnə BMW avtomobillərindəki kimi yığcamdırlar və şaquli istiqamətdə uzanırlar, əlavə olaraq işıqlandırma ilə tamamlanıblar. Dizayn elementlərinin izafiliyindən azad olmuş formalar ümumi lakonizm ilə seçilirlər. Məhz bu üslubda bütün gələcək BMW modelləri - hətta Neue Klasse ailəsinə aid olmayan yanacaqlı modellər də hazırlanacaqlar.

Əgər əvvəllər BMW iX3 elektrokarı X3 modelinin bir versiyası hesab olunurdusa, indi onlar tamamilə fərqli avtomobillərdir. Hətta onların zavoddaxili işarələnməsi də fərqlidir: yeni BMW iX3 elektrokarı NA5, BMW X3 krossoveri isə, G45 indeksinə malikdir. Elektrik krossoveri yanacalı versiyadan bir qədər uzundur - 4755-ə qarşı 4782 millimetr, təkər bazası da daha genişdir - 2865-ə qarşı 2897 millimetr. 

Bununla belə, en (1920-ə qarşı 1895 millimetr) və hündürlük (1635-ə qarşı 1660 millimetr) baxımından elektrik BMW yanacaqlıdan daha ensiz və alçaqdır. Klirens də azdır: 216-a qarşı 176 millimetr. Elan edilmiş aerodinamik müqavimət əmsalı Cx (0.24) krossover standartlarına görə pis deyil, lakin rekord sayıılmır. 20 ilə 22 düymlük təkər disklərindən seçim təklif olunur.

Ən təəccüblüsü, seriya BMW iX3 modelinin interyeri demək olar ki, tam şəkildə şou-kardan götürülüb. Buna hətta xaç şəklində dörd qolu olan sükan çarxı da daxildir! İnteryer gələcəkdə bütün BMW modellərində tətbiq ediləcək Panoramic iDrive konseptində işlənib. Onun əsas xüsusiyyəti - ön panelin bütün eni boyunca uzanan, cihazlar paneli və əyləncə bölməsinə bölünə bilən ön şüşənin altındakı Panoramic Vision ekranıdır. Naviqasiyanın ismarıclarını göstərən üçölçülü proyeksiya ekranı da var. Nəhayət, media sisteminin ənənəvi sensorlu ekranı kəsilmiş küncləri olan qeyri-adi formaya malikdir. 

Tərtibatçılar idarəetmə vasitələrinin belə forması və təşkili şirkətin çoxillik təcrübəsinə, 3000-dən çox müştərinin rəyi və 10 milyondan çox avtomobilin telemetriya məlumatlarına əsaslandığını söyləyirlər. Bütün ən vacib funksiyalar (şüşə silənlər, dönmə siqnalları, xarici güzgülər, audio sisteminin səsi, transmissiya seçicisi, dayanacaq əyləci, qəza işıqları və qızdırılan arxa şüşə) fiziki düymələr vasitəsi ilə idarə olunur. 

Bütün elektron avadanlıqlar - oyunlar və videoxidmətləri də daxil olmaqla, uzaqdan yeniləmə funksiyası, naviqasiya, süni intellektə malik olan səs köməkçisi və adaptiv kruiz-kontrol sistemi üçüncü tərəf proqramlarını quraşdırmaq imkanını təmin edən BMW OS X firma əməliyyat sistemi tərəfindən idarə olunur. İnteryerin tərtibatında  parça da daxil olmaqla, müxtəlif materialların birləşmələrindən istifadə edilir. 

Onların əksəriyyəti təkrar emal edilmiş materiallardan hazırlanır, lakin əlavə ödəniş müqabilində, interyerin müxtəlif çalarlı həqiqi Merinos dərisindən üzlənməsini də sifariş etmək olar. Baqajın standart həcmi 520 litrdir, ancaq arxa cərgə qatlandıqda, bu həcm 1750 litrə qədər artır. Kapotun altında 58 litr tutumu olan əlavə bölmə də var.

Neue Klasse modelləri üçün xüsusi olaraq 800 volt (əvvəlki 400 volt əvəzinə) gərginlikdə işləyən altıncı nəsil elektrik avadanlıqlarına malik olan platforma yaradılıb. Dartma batareyası birbaşa onun korpusuna (aralıq qutular olmadan) yığılmış yeni silindrik hüceyrələrdən ibarətdir, batareyanın özü isə, kuzovun güc strukturuna daxildir. Ön oxda asinxron elektrik mühərriki, arxa oxda isə, elektrik aktivləşdirilməsinə (EESM) və yüksək səmərəliliyə malik olan sinxron mühərrik var. Yeni inventorda silikon karbiddən istifadə edilir. Bütün eDrive elektrik ötürmə sistemi indiki BMW elektrokarlarındakından 10% daha yüngül, 20% ucuz və 40% daha səmərəlidir.

Hazırda yalnız iki mühərriki olan tamötürməli BMW iX3 50 xDrive modifikasiyası təqdim edilib. Ön mühərrik 167 at qüvvəsi və 255 Nm, arxa mühərrik isə, 326 at qüvvəsi və 435 Nm hasil edir. Sistemin ümumi hasilatı 469 at qüvvəsi və 645 Nm təşkil edir. Bu, boş çəkisi 2285 kiloqram olan krossoveri 100 km/saata 4,9 saniyəyə sürətləndirmək üçün kifayətdir. Maksimal sürət 210 km/saatda  məhdudlaşdırılıb. 

108,7 kilovat/saatlıq dartma batareyası WLTP dövrünə uyğun olaraq bir şarjla 805 kilometrə qədər məsafə qət etməyə imkan verir. SC şarjın maksimal gücü 400 kilovatdır. Bu rejimdə 372 kilometrlik yürüş məsafəsini 10 dəqiqəyə bərpa etmək olar, batareyanın 10%-dən 80%-ə qədər doldurulması isə, 21 dəqiqə çəkəcək. Standart olaraq 11 kilovatlıq, əlavə ödəniş qarşılığında isə, 22 kilovat bort düzləndiricisi quraşdırılır. Xarici istehlakçıları və ya hətta bütöv bir evi enerji ilə təmin etmək mümkündür.

Elektrik mühərriklərinin, sükan idarəsinin, əyləclərin və rekuperasiya sisteminin işinə BMW şirkəti tərəfindən yaradılmış Dynamic Performance Control proqram kompleksinin nəzarəti altında işləyən xüsusi Heart of Joy bloku cavabdehdir. Nəticədə, elektromobilin bütün idarəetmə sistemlərinin əvvəllər əlçatmaz olan  qarşılıqlı əlaqə səviyyəsi vəd edilir ki, bu da BMW markasına xas olan idarəetmə həzzinin alınması ilə nəticələnməlidir.

 Rekuperasiyanın səmərəliliyi krossoverə 98% hallarda ənənəvi əyləclərindən istifadə etməməyə imkan verir. Heart of Joy ilə yanaşı, adaptiv kruiz-kontrol və avtopilot, eləcə də iqlimə nəzarət və media sistemi kimi ikinci dərəcəli funksiyalara cavabdeh olan daha üç elektron blok var. Belə bir idarəetmə elektronikası sxemi Neue Klasse ailəsinin bütün gələcək modellərində olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW iX3 krossoverlərinin istehsalı şirkətin Macarıstanın Debresen şəhərindəki yeni zavodunda həyata keçiriləcək. Seriya istehsalına başlanılması payızın sonuna planlaşdırılır və Avropadakı satışlara 2026-cı ilin martında başlamalıdır. BMW iX3 50 xDrive debüt versiyasının Almaniyadakı satış qiyməti 68 900 avrodan başlayacaq. Daha sonra, daha zəif mühərrikləri və kiçik batareyaları olaan daha sadə versiyalar görünməlidir. Çin üçün isə, BMW krossoverin xüsusi uyğunlaşdırılmış versiyasını hazırlayır, onun istehsalı Şenyandakı yerli zavodda təşkil ediləcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.