Nissan şirkəti çətin maliyyə vəziyyətinə görə fəaliyyətini dayandıra bilər. Üstəlik, bu hadisə yaxın 12-14 ay ərzində baş vermək ehtimalı böyükdür. Bu proqnozu “Financial Times” qəzetinə yapon brendinin top-menecerlərindən biri verib. Mütəxəssisin fikrincə, yapon brendini yalnız lövbər-sərmayədar - banklar və ya böyük sığorta qrupları xilas edə bilər. Əks halda, Nissan digər avtomobil istehsalçıları tərəfindən ələ keçirilə bilər.
Yapon istehsalçısı Renault qrupunun Nissan şirkətindəki payını 40 faizə endirmək qərarından sonra ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Xatırladaq ki, əvvəllər bu pay 46 faiz olub. Bankların və sığorta qruplarının investisiyalarından əlavə, yapon brendinin rəhbərliyi səhmlərinin bir hissəsini Honda şirkətinə satmaq imkanını da nəzərdən keçirir. Eyni zamanda, hətta Renault öz aktivlərini Honda şirkətinə ötürə bilər.
Maraqlıdır ki, bundan əvvəl Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Karlos Qon Honda şirkətinin gələcəkdə öz tərəfdaşlarını ələ keçirmək imkanına qadir olduğunu bildirmişdi. O zaman top menecer üç yapon istehsalçısının ittifaqının Honda şirkətinin kiçik brendləri gizli şəkildə ələ keçirmək üzrə planının bir hissəsi ola biləcəyini söyləmişdi.
İyulun sonunda Nissan Yaponiyadakı zavodunda avtomobillərin istehsal həcmini azaldıb. Yapon brendinin menecmentini bu addımı atmağa məcbur edən səbəb gəlirlərinin azalması olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.