Nissan Z idman avtomobili keçən il, beynəlxalq bazarlarda Datsun 240Z kimi tanınan ilk Nissan Fairlady Z modelinin motivləri üzrə hazırlanmış nostaljik Heritage Edition versiyasını əldə edib. Lakin belə versiya yalnız bir model ilində əlçatan olub. İndi isə, eyni Heritage Edition adını almış başqa bir versiya ABŞ bazarında debüt edib. Bu dəfə də kupe 90-cı illərin üslubunda hazırlanıb və digər məşhur avtomobilə - Z32 seriyasından olan Nissan 300ZX sportkarına ithaf edilib.

Yeri gəlmişkən, 90-cı illərin bu modeli müasir Z kupesinin dizaynerləri üçün ilham mənbəyi olub: avtomobillərin xarakterik işıqları olan arxa hissəsi eyni üslubda tərtibata malikdir. Heritage Edition xüsusi versiyasına gəlincə, onun yan tərəflərini iri “Twin Turbo” yazıları olan bürünc rəngli qrafika bəzəyir. Eyni yazı baqajın qapağında yerləşən yeni karbonplastik spoylerdə də diqqəti çəkir. Kupe bürünc anodlaşdırmaya malik olan 19 düymlük RAYS diskləri və qırmızı əyləc mexanizmləri ilə təchiz edilib. Əfsanəvi Midnight Purple mirvari kuzov boyası Nissan GT-R superkarının rəng palitrasından götürülüb. Maraqlıdır ki, bu rəngə boyanmış Z spotkarları Yaponiyada bir il əvvəl peyda olublar, yalnız indi Amerikaya xüsusi versiya şəklində gəlib çatıblar.

Qara dəri və zamşa birləşməsi ilə üzlənmiş salonda xüsusi versiyanın adı həkk olunmuş kandar lövhələri quraşdırılıb. Həmin ad döşəmə kilimlərinə də tikilib. Zəngin Performance paketi əsas olaraq götürülüb, ona görə də avadanlıq siyahısına media sisteminin doqquz düymlük ekranı, Bose audio sistemi, elektriklə tənzimlənən oturacaqlar və alüminiumdan pedal örtükləri daxildir.

Kapotun altında heç bir dəyişiklik yoxdur: Heritage Edition versiyası Nissan Z Performance modifikasiyasını tam şəkildə təkrarlayır: 3,0-litrlik V6 tvin-turbo mühərriki (405 at qüvvəsi, 475 Nm), differensialın disk kilidi, karbonplastikdən kardan valı, habelə öndə dörd porşenli, arxada isə ikiporşenli əyləc mexanizmləri. Altı pilləli mexaniki və ya doqquz pilləli “avtomat” arasında seçim etmək imkanı var.
Nissan Z Heritage Edition ABŞ bazarında 56 000 dollara satışa çıxarılacaq. Bu, Performance versiyasında olan orijinal kupedən üç min dollar bahadır. Üstəlik, seçilmiş transmissiyanın növü qiymətə heç bir təsir göstərmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.