Yeni nəsil Jeep Cherokee krossoverinin ilk şəkilləri hələ may ayında dərc olunub, ona görə də onun eksteryer dizaynı artıq sirr deyil. İndi isə, Stellantis konserni ofrouderin yeni şəkillərini dərc edib və onu ilk dəfə arxa tərəf də daxil olmaqla, digər rakurslardan nümayiş etdirib. Göründüyü kimi, yeni Cherokee modelinin eksteryeri klassik nisbətləri olan brutal üslubda dizayn edilib.

Yeni krossoverin interyeri göstərilməyib, lakin onun universal STLA Large platformasına əsaslanacağı artıq məlumdur: yəni, yeni Jeep Cherokee 2012-ci ilə qədər olduğu kimi, yenidən uzununa mühərriki olan sxemi alacaq! Əsas versiya hibrid olacaq, lakin STLA Large platforması həm sırf benzin, həm də tam elektrik modifikasiyaların buraxılmasını nəzərdə tutur.
Yeni Jeep Cherokee modeli haqqında ətraflı məlumat çox yaxın zamanda açıqlanmalıdır. Yeni krossoverin tam premyerası payızda baş tutacaq və onun satışlarına 2026-cı ildə başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.