Opel Grandland modelinin ikinci nəsli EMP2 “arabacığının” təkmilləşdirilmiş versiyası olan STLA Medium modul platformasına əsaslanır. Bu günə qədər Grandland benzin turbomühərriki və yalnız ön ötürməsi olan iki hibrid versiyada təklif edilirdi.
Baza versiyası quraşdırılmış 48 voltluq elektrik üstqurumu olan ikimuftalı 6-pilləli eDCT “robotu” ilə tandemdə çalışan 1,2-litrlik “turboüçlük” ilə hərəkətə gəlir. Hibrid aqreqatın ümumi gücü 145 at qüvvəsi təşkil edir.

Daha bahalı variant 1,6-litrlik “turbodördlük”, yeddi pilləli preselektiv eDCT "robot", elektrik mühərriki və 17,9 kilovatt/saatlıq batareyası olan plagin hibriddir. Belə krossover sirf elektrik dartması ilə 87 kilometr qət etmək iqtidarındadır. Plagin hibridin ümumi gücü 195 at qüvvəsinə bərabərdir.
İkinci nəsil Grandland modeli əvvəlcədən tamamilə "yaşıl" versiyalarda təklif olunur, lakin onlar da ön ötürməlidirlər. Yeganə elektrik mühərrikinin gücü 213 at qüvvəsidir və seçim etmək üçün iki batareya var - ya 73, ya da 82,2 kilovat/saatlıq. Birinci halda, dolu batareya ilə yürüş məsafəsi maksimum 521, ikinci halda isə, 583 kilometr (WLTP dövrü əsasında) təşkil edir.

Artıq ötürmə növündə olan bu çatışmazlıq aradan qaldırılıb. Stellantis Opel Grandland elektrik krossoverinin yeni top versiyasını təqdim edib. Bu versiya digərlərindən "içalatı" ilə fərqlənir: yenilik tam ötürməlidir və müvafiq olaraq ikimühərrikli güc qurğusuna malikdir.
Belə ki, ön oxda ön ötürməli versiyalardan tanış olan 213 at qüvvəli, arxa oxda isə, 112 at qüvvəli elektrik mühərriki yerləşdirilib. Bu sistemin ümumi hasilatı 325 at qüvvəsi və 509 Nm təşkil edir.

Tam ötürməli krossover sıfırdan 100 km/saata 6,1 saniyəyə sürətlənir. Elektrik mühərrikləri 73 kilovat/saatlıq litium-ion batareyasından qidalanırlar. Opel Grandland AWD dolu batareya ilə 501 kilometr məsafə qət edə bilir.
Sürətli terminaldan batareyanı 20%-dən 80%-ə qədər doldurulması üçün 30 dəqiqədən az vaxt tələb olunur. Bu krossover dörd hərəkət rejiminə malikdir: Normal, 4WD, Sport və Eco.
Tamötürməli Opel Grandland digər versiyalarından vizual olaraq ön və arxa bamperdəki yeni tünd örtmələr, həmçinin yeni 20- düymlük iki rəngli təkər diskləri ilə fərqlənir. Şirkət yeni modifikasiyanın qiymətini açıqlamayıb.
Məlum məsələdir ki, Grandland AWD versiyasının qiyməti daha yüksək olacaq. Beləliklə, Avropanın ən böyük bazarlarından birində, Almaniyada “kiçik” versiyanın qiyməti 50,950 avro, uzunmənzilli versiyanın isə, 51,950 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.