Bu konsept-kar Opel şirkətinin sentyabrda Münhendə keçiriləcək IAA Mobility avtosalonundakı başlıca təqdimatı olacaq. Eyni zamanda, Opel Corsa GSE Vision Gran Turismo kimi uzun adı olan avtomobil ikili təyinata malikdir.

Birincisi, bu konsept növbəti nəsil Corsa modelinin carçısıdır. İkincisi, bu eksperimental avtomobillə Opel markası Gran Turismo 7 oyunu üçün möhtəşəm superkarlar hazırlayan avtomobil istehsalçıları qrupuna qoşulacaq.
Konsept-kar artıq “canlı” şəkildə mövcuddur: möhtəşəm üçqapılı hetçbekin uzunluğu dörd metr, eni isə, iki metrdir. Ön hissənin tərtibatnda Opel Vizor korporativ üslubunun Opel Compass adlanan yeni təfsirindən istifadə edilib: işıqlanan xətlər burunda “nişangah” yaradır.

İnkişaf etmiş aerodinamik kuzov dəstinə iki aktiv element daxildir: damdakı spoyler və arxa tərəfdəki iri diffuzor 25 santimetr geriyə hərəkət edərək avtomobilin uzunluğunu artırır ki, bu da hava axınlarını sabitləşdirməyə və yerəsıxma qüvvəsini artırmağa xidmət edir. Ön disklərin diametri 21 düym, arxa disklərin isə, 22 düymdür.
Salonda tam ölçülü təhlükəsizlik qəfəsi və yeganə pilot oturacağı var. Burada ənənəvi cihazlar pneli və ya ekranlar yoxdur. Lazımi məlumatlar proyeksiya displeyində, eləcə də bilavasitə içərisinə qabaqcıl işıqlandırma quraşdırılmış ön panelin üzlüyündə göstərilir.

İnşa edilmiş şou avtomobili sadəcə tamölçülü maketdir, lakin Opel Corsa GSE Vision Gran Turismo layihəsi qabaqcıl texnologiyanı ehtiva edir. Hetçbek ikimühərrikli tam ötürmə sistemi ilə təchiz olunub və hər bir mühərrik 476 at qüvvəsi hasil edə bilər.
Lakin nominal rejimdə sistemin hasilt 800 at qüvvəsi və 800 Nm təşkil edir. Dörd saniyə ərzində güc 880 at qüvvəsinə qədər yüksələ bilər, lakin növbəti belə "sıçrayış" yalnız 80 saniyədən sonra mümkün olacaq.

Elektromobil 82 kilovat/saatlıq dartma batareyası ilə təchiz edilib. Avtomobilin tam təchizatlı çəkisi 1170 kiloqram, maksimal sürəti isə, 320 km/saatdır. İlk “yüzlüyə” sürətlənmə cəmi iki saniyə çəkir.
Yəni, çəkməlidir... Bu dinamikanı yalnz PS4 və PS5 konsolları üçün Gran Turismo 7 oyununun istifadəçiləri hiss edə biləcəklər: Opel Corsa GSE Vision Gran Turismo payızda virtual qarajda peyda olacaq.
Gələcək Corsa seriya modelinə gəlincə, o, 2028-ci ilə qədər işıq üzü görməlidir. Avtomobil STLA Small modul platformasında inşa olunacaq (ona əsaslanan ilk model 2026-cı ildə gözlənilir) və şou-kardan yalnız ümumi cizgiləri və üz ifadəsini miras olaraq alacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.