Stellantis konserni yığcam kommersiya avtomobilləri ilə eyni zamanda, daha böyük furqon və miniven ailəsini yeniləyib. Onlar 2016-cı ildən bəri istehsal olunur və müxtəlif markalar altında (Peugeot, Citroen, Fiat, Opel, Vauxhall, Toyota) buraxılan modelləri ehtiva edir. Bununla belə, avtomobil nəhənği bu dəfə yenilənmiş avtomobillərin hamısını birdən yox, tədricən nümayiş etdirmək qərarına gəlib. Məxfilikdən çıxarılan ilk avtomobillər Peugeot markası altında buraxılan venlər olub.

Xatırladaq ki, ötən ildən bəri Peugeot Traveller miniveni Avropanın əksər ölkələrində yalnız elektrik versiyasında satılır, bununla belə, Peugeot Expert fuqonu öz mühərrik çeşidində turbodizeli qoruyaraq saxlayıb.

Batareyalı versiyaya verilən üstünlük, modelin görünüşündəki bütün dəyişikliklərin aerodinamikanın yaxşılaşdırılmasına xidmət edir - çünki, elektromobil üçün bu xüsusilə vacibdir. 

Traveller/Expert modellərinin ön hissəsi ciddi şəkildə yenidən işlənib, Peugeot brendinin hazırkı dizayn dilinə uyğunlaşdırılıb və yenilənmiş korporativ loqosu ilə bəzədilib. Xarakterik LED “pəncələr” olan yeni fənərlər və modernləşdirilmiş bamper peyda olub . Yan və arxa tərəflər ciddi dəyişikliklərə məruz qalmayıb.

Minivenlərin interyeri də yenidən işlənib. 10-düymlük virtual cihazlar paneli peyda olub, ön panelin mərkəzi hissəsi dəyişdirilib, transmissiyanın şayba formalı selektorunu miniatür e-Toggle coystiki əvəzləyib. Mərkəzi sensorlu ekran ölçüsü artırılıb və kiçik əşyalar üçün saxlanc yerləri əlavə edilib. Üstəlik, bütün bunlar həm sərnişin, həm də yük versiyaları üçün aktualdır.

Peugeot Traveller miniveni təchizatdan asılı olaraq, parça və ya dəlikli dəri ilə üzlənmiş  oturacaqlarla təklif edilir. Dekorativ panellərin yeni rəngləri genişləndirilmiş fərdiləşdirmə imkanları ilə tamamlanır. Mediasistem indi Apple CarPlay və Android Auto protokollarını, eləcə də havadan yeniləmələri dəstəkləyir. 

Bundan başqa, smartfonun simsiz doldurması üçün meydança, əlavə USB-C konnektorları və 12 voltluq rozetkalar da nəzərdə tutulub. Elektron köməkçilərin siyahısı genişləndirilib, ona sürücünün yorğunluq səviyyəsinə nəzarət funksiyası, yol nişanlarının tanınması, zolağa nəzarət, avtomatik təcili əyləcləmə (piyada və velosipedçinin aşkarlanması ilə) və adaptiv kruiz-kontrol sistemləri daxil edilib.

Peugeot Traveler və Expert iki uzunluq variantında təklif edilir - 4,98 və ya 5,33 metr. Hündürlük 1,90 metrdir ki, bu da qapalı dayanacaqlara daxil olmağa imkan verir. Traveller doqquz sərnişini və ya 4,9 kubmetr yükü qəbul edə bilir, Expert furqonunda isə, 6,1 kubmetrə qədər yük bölməsi ola bilər.

Texniki hissə dəyişməyib. Elektromobillər alternativsiz olaraq 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz olunurlar. Ötürmə ön oxadır. Maksimum sürət 130 km/saatda məhdudlaşdırılıb.

İki dartma batareyasından birini seçmək olar. 50 kilovat/saatlıq batareya 224 kilometrə (WLTP) qədər məsafə qət etməyə imkan verir. 75 kilovat/saatlıq batareya isə, 350 kilometr (əvvəllər 330) üçün kifayət etməlidir. 

Hər iki halda AC (11 kilovat) və DC (100 kilovat) şarj cihazları quraşdırılır. Peugeot Expert 120, 145 və ya 180 at qüvvəli 2.0 BlueHDi turbodizelinə sahib ola bilər. Güc aqreqatları 6-pilləli mexaniki ötürmələr qutusu və ya 8-pilləli “avtomat” (145 at qüvvəli mühərriki olan avtomobillər üçün opsiya, 180 at qüvvəli furqonlar üçün isə, standart avadanlıqdır) ilə təchiz edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Citroen Jumpy artıq nümayiş etdirilib və o da eyni təkmilləşdirmələri alıb. Yeganə fərq ön tərəfin tərtibatındadır. Lakin restaylinqdən keçmiş Citroen SpaceTourer miniveni hələlik təqdim olunmayıb. Peugeot və Citroen markaları altında buraxılan yenilənmiş miniven və furqonların Avropadakı satışlarına bu ilin sonuna qədər başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.