“CNBC” agentliyinin məlumatına görə, İsveç istehsalçı Xingji Meizu (Geely şirkətinə məxsus olan smartfon istehsalçısı) şirkəti ilə birlikdə Polestar 4 elektrik krossoveri ilə mükəmməl cütlük təşkil edəcək smartfonu buraxmağa hazırlaşır. Smartfon, Polestar 4 ilə birlikdə İsveç markasının texnologiya və rəqəmsallaşmaya üstünlük verdiyi Çində satılacaq. Avtomobil və onun üçün nəzərdə tutulmuş qadcet dekabrda bazara çıxmalıdır.
Polestar rəhbərliyi smartfonlar ilə avtomobillər arasındakı əlaqənin mükəmməl olmamasından narahatdır. Belə ki, brendin baş direktoru Tomas İngenlat, media sisteminin ekranında sadə SMS-lərin göstərilməsində hələ də çətinlik çəkdiyindən şikayətlənib.
Meizu FlyMe əməliyyat sisteminə əsaslanan xüsusi hazırlanmış smartfon avtomobillə mükəmməl şəkildə birləşəcək və ona görə də onunla belə problemlər yaşanmayacaq. Eyni əməliyyat sistemini Çində satılacaq Polestar 4 modelləri də alacaqlar. Xatırladaq ki, Avropa və ABŞ-da satılan avtomobillərin multimedia kompleksləri Google əməliyyat sistemini dəstəkləyirlər.
Ingenlat bildiridiyinə görə, iki aləmi - avtomobil və smartfon dünyasını birləşdirmək Çin bazarı üçün son dərəcə vacibdir. Onun sözlərinə görə, Çinə Avropa dizaynlı avtomobil gətirmək kifayət deyil: bundan əlavə, həqiqətən də xüsusi texnologiyaları da təklif etmək lazımdır.
Yeni smartfon da Polestar avtomobilləri kimi premium sinifə aid olacaq. Bu, Çin smartfon bazarında əsas oyunçu olan, lakin kütləvi seqment üçün cihazlar istehsal edən Meizu üçün irəliyə doğru bir addım olacaq.
Polestar öz smartfonunu buraxmağı planlaşdıran yeganə avtomobil istehsalçısı deyil. Çinin Nio markası da keçən ilin aprelində qadcet buraxacağını elan edib. “Carscoops” nəşri Çin istehsalçısının sentyabrın əvvəlində öz cihazını təqdim edə biləcəyini yazıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.