Porsche şirkəti tamamilə yeni Cayenne Electric krossoverini təqdim edib. Həmişə olduğu kimi, premyeradan əvvəl bir sıra önizləmələr və təqdimatlar keçirilib, lakin elektromobil yalnız indi tam şəkildə təqdim edilib və şirkət bu avtomobilə böyük ümidlər bəsləyir.
Cayenne elektrik krossoverinin görünüşü artıq çoxdandır ki, heç kimə sirr deyil, çünki yeni avtomobil dəfələrlə casuslar tərəfindən çəkilib, üstəlik, Porsche özü də krossoverin rəsmi şəkillərini, kamuflyaj örtüyünə bürünmüş olsa da, dərc edib.
Yeni görünüşü yaradarkən dizaynerlər brendin firma üslubunun davamlılığını qorumağa çalışıblar və buna nail olublar. Yeni Cayenne elektrokarının xarakterik xüsusiyyəti, hər birində dörd gündüz hərəkət işıq olan matrisa faralardır. Lakin Macan Electric modelindən fərqli olaraq, bütün işıqlandırma texnikası iki səviyəyə bölünmək əvəzinə, tək bir blokda yerləşdirilib.
Porsche Cayenne Electric ön hava girişlərinin aktiv qapaqcıqlarına və düz alt hissəyə malikdir. Arxa hissədə isə, inkişaf etmiş diffuzor və baqaj qapağındakı aktiv spoyleri diqqəti çəkir. Təkər diskləri də xüsusi aerodinamik dizayna malikdirlər.
Onlar diqqətlə işlənmiş kuzov konturları ilə birlikdə krossoverlər üçün mühüm sayılan 0,25 Cd əmsalına nail olmağa imkan veriblər. Cayenne Turbo top versiyası yerəsıxma qüvvəsini artırmaq üçün daha aqressiv kuzov dəsti, standart krossover üçün isə, dəyişdirilmiş həndəsəsi olan ön bamperi ehtiva edən yolsuzluq paketi əlçatandır.
Cayenne Electric krossoverinin uzunluğu 4985 millimetrdir ki, bu da yanacaqlı krossover ilə müqayisədə 55 millimetr çoxdur. Bununla belə, krossoverin təkər bazası 128 millimetr artaraq 3023 millimetrə çatıb! Yeni krossoverin eni 1980, hündürlüyü isə, 1674 millimetrdir.
Elektromobilin interyeri əvvəlcədən göstərilib və burada ekran əhval-ruhiyyəsi hökm sürür! Sürücünün qarşısında cihazlar panelinin 14,25 düymlük əyri ekranı, ön sərnişinin isə, 14,9 düymlük ekranı mövcuddur ki, bu da ona sürücünün diqqətini yayındırmadan müxtəlif tətbiqlərlə “işləməyə” və ya axın videolarına baxmağa imkan verir.
Bununla belə, interyerin ən diqqətçəkən məqamı mərkəzi konsolda yerləşən, süni intellekt əsaslı səs kəməkçisi quraşdırılmış multimedia sisteminə cavabdeh olan iki hissəli Flow Display OLED ekranıdır. Ekran möhtəşəmliyini ön şüşəyə 87 düym diaqonallı görüntünü əks etdirən genişləndirilmiş reallıqlı proyeksiya displeyi tamamlayır.
Yaradıcılar, rahatlıqdan sürücüyönümlülüyə qədər istənilən atmosfer yaratmaq üçün, kontur işıqlandırmasının, iqlimə nəzarətin, audio sisteminin və oturacaqların (qızdırılan, havalandırılan və masaj funksiyası olan) birlikdə işlədikləri yeni Mood rejimləri ilə xüsusilə fəxr edirlər.
İnteryerin digər xüsusiyyətləri arasında Porsche tarixindəki ən böyük şüşə dam var. Dam sürüşərək açılan ön hissəyə və şəffaflığı geniş diapazonda dəyişdirə bilən elektroxrom təbəqəyə malikdir.
Qapı dirsəkaltılarında və mərkəzi konsolda (nümayəndəlik sedanlarında olduğu kimi) qızdırılan sahələr nəzərdə tutulub. Qızdırılan oturacaqlar və sükan çarxından danışmağa belə dəyməz.
Nəhayət, arxa divan standart olaraq uzununa elektrik tənzimləməsi ilə təchiz olunur. Baqajın standart həcmi 781 litrdir, arxa oturacaqların qatlanması halında bu həcm 1588 litrə qədər artır. Kapotun altında əlavə 90 litrlik saxlama bölməsi nəzərdə tutulub.
Yeni Porsche Cayenne Electric modeli artıq Macan Electric krossoverinin də əsasını təşkil edən təkmilləşdirilmiş PPE (Premium Platform Electric) platforması üzərində inşa edilib. Hal-hazırda elektromobil iki versiyası təqdim olunub: standart Cayenne və Cayenne Turbo.
Hər iki versiya da ikimühərrikli tam ötürmə sistemlə təchiz edilir. Standart Cayenne Electric krossoverində güc aqreqatı 408 at qüvvəsi hasil edir, lakin lonç-kontrol aktivləşdirildikdə, hasilat 442 at qüvvəsinə və 835 Nm-ə qədər artır. Bu, 100 km/saat sürətini 4,8 saniyəyə toplamaq və maksimal 230 km/saata sürətlənmək üçün kifayətdir.
Cayenne Turbo Electric modifikasiyası 1156 at qüvvəsinə və 1500 Nm-ə malikdir, lakin yalnız lonç-kontrol rejimində. Bu rejimdə yerindən 100 km/saata qədər sürətlənmə 2,5 saniyə, 200 km/saata qədər sürətlənmə isə, 7,4 saniyə çəkir. Maksimal sürət 260 km/saatdır.
Bununla belə, standart rejimdə krossoverin gücü 857 at qüvvəsi təşkil edir. Yedəyə alınan qoşqunun maksimal çəkisi 3,5 tondur. İddia edilən rekuperasiya gücü inanılmaz 600 kilovata çatır ki, bu da 97% hallarda adi əyləclərdəən istifadə ehtiyacını aradan qaldırır. Buna baxmayaraq, Cayenne Turbo üçün hələ də karbon-keramika əyləcləri təklif edilir.
Hər iki modifikasiya standart olaraq adaptiv pnevmoasqı ilə təchiz edilir. Əlavə ödəniş müqabilində Turbo versiyası qabaqcıl Porsche Active Ride aktiv şassisi ilə təchiz edilə bilər: bütün amortizatorlar elektrik nasosu olan vahid hidravlik sistemə qoşulublar, elektronika hər bir dayağı fərdi şəkildə idarə edə bilər. Bununla belə, standart versiya üçün opsional tam idarələnən şassi də əlçatandır.
Porsche Cayenne Electric nikel-manqan-kobalt-alüminium (NMCA) katodu və qrafit-silikon anodu olan 800 voltluq dartma batareyası ilə təchiz olunur. İkitərəfli soyutma sistemi batareyanın gövdəsinin həm üstündə, həm də altında yüksək dəqiqli temperatur tənzimlənməsini təmin edir.
Dartma batareyasının ümumi tutumu 113 kilovat/saatdır. Bu, standart krossoverə 642 kilometr, Turbo Electric versiyasına isə, 623 kilometr məsafə qət etməyə imkan verir. Maksimal şarj gücü 400 kilovatdır. Belə rejimdə 10%-dən 80%-ə qədər şarj 16 dəqiqə çəkir. 10 dəqiqə ərzində standart model 325 kilometrlik, top versiya isə, 315 kilometrlik gediş ehtiyatını bərpa edir.
Bundan əlavə, 90%-ə qədər səmərəliliyə malik olan 11 kilovatlıq simsiz şarj sistemi mövcuddur. Park rejimində krossover avtomatik olaraq xüsusi induktiv şarj meydançasını aşkarlayır və şarj səmərəliliyini artırmaq üçün “oturur”.
Porsche Cayenne Electric modelinin debütü onun yanacaqlı versiyasının sonu demək deyil. Porsche şirkətinin yeni şaxələndirilmiş strategiyasına görə, hər iki model ən azı 2030-cu ilə qədər paralel olaraq istehsal ediləcək və satılacaqlar.
Yeni Cayenne Electric modelinə artıq 105.200 avrodan başlayan qiymətlərlə əvvəlcədən sifarişlər qəbul edilir. Cayenne Turbo Electric modelinin qiyməti ən azı 165.500 avro olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









