Batareyalı Porsche Cayenne Electric krossoveri ötən payızda iki versiyada debüt edib. Başlanğıc səviyyəli elektrik versiyaları heç bir prefiksə malik deyillər, ən yüksək səviyyəli versiya isə, ənənəvi Turbo indeksini alıb. İndi isə, krossoverin modifikasiya çeşidi alman istehsalçısının ən balanslaşdırılmış hesab etdiyi Cayenne S versiyası ilə genişləndirilib.

Porsche Cayenne S Electric modeli zahiri cəhətdən digər modifikasiyalardan güc müdafiəsini təqlid edən gümüşü Volcano rəngində örtmələri olan ön və arxa bamperləri ilə fərqlənir. Kuzovun rəng palitrasında on üç boya örtüyü mövcuddur. Bundan əlavə, S indeksli versiya xüsusi olaraq onun üçün hazırlanmış unikal 20 düymlük Cayenne S Aero diskləri ilə təchiz edilir.

İnteryer üçün çoxsaylı fərdiləşdirmə variantları təklif olunur. Məsələn, Porsche Exclusive Manufaktur bölməsi Style Porsche dizayn studiyası tərəfindən hazırlanmış xüsusi tərtibat variantını təklif edir. Bu opsiyanı sifariş edərkən, tərtibatda anodlaşdırılmış alüminium dekor, seçilən vurğular və tikişlərlə tamamlanan qara və yaşıl dərinin kombinasiyasından istifadə olunur.

Porsche Cayenne S Electric krossoverinin güc aqreqatı daimi maqnitli sinxron elektrik mühərriklərinə malikdir. Arxa mühərrik yüksək yük altında işləyərkən yaranan istiliyi azaltmaq üçün birbaşa yağla soyudulur. Bundan əlavə, arxa invertorda 620 Amperə qədər cərəyana dözə bilən silikon karbidinə əsaslanan yarımkeçiricilərindən istifadə edilir. 

Güc aqreqatı standart rejimdə 544 at qüvvəsi, lounch control aktivləşdirildikdə isə, 666 at qüvvəsi hasil edir. Sonuncu halda, 0-dan 100 km/saata sürətlənmə 3,6 saniyə çəkir, maksimal sürət isə, 250 km/saata çatır. Xatırladaq ki, Cayenne Electric krossoverinin 408 at qüvvəli (lounch control ilə 442 at qüvvəsi) baza versiyası 0-dan 100 km/saata 4,8 saniyəyə sürətlənir və 230 km/saat maksimal sürətə malikdir. 857 at qüvvəli (lounch control ilə 1156 at qüvvəsi) Cayenne Turbo Electric modeli 0-dan 100 km/saata 2,5 saniyəyə sürətlənir və onun maksimal sürəti 260 km/saatdır.

Daimi cərəyanlı (DC) sürətli terminal vasitəsilə 113 kilovat/saatlıq dartma batareyasını 10%-dən 80%-ə qədər doldurmaq üçün 16 dəqiqədən az müddət gərəkdir. Maksimum doldurma gücü 400 kilovata qədərdir. Müxtəlif bazarlar üçün müvafiq doldurma portları nəzərdə tutulub. Məsələn, ABŞ-da satılan elektrokarlar Tesla Supercharger stansiyalarına qoşulmağa imkan verən NACS konnektoru ilə təchiz olunacaq.

Gediş məsafəsi WLTP dövrünə əsasən 653 kilometr təşkil edir. Opsiyalara Porsche Active Ride asqısı, dartma qvvəsini paylayan Porsche Torque Vectoring Plus sistemi, keramik əyləcləri və qısa müddətə (10 saniyəyə qədər) gücü 122 at qüvvəsinə qədər artıran push-to-pass funksiyasına malik olan Sport Chrono paketi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik krossoverinə sifarişlərin qəbuluna başlanıb və əmtəə elektromobillərinin çatdırılmalarına cari yayın sonlarında başlanmalıdır. Almaniyada Porsche Cayenne S Electric krossoverinin qiyməti 126.400 avrodan başlayır. Müqayisə üçün, standart Cayenne Electric modelinin qiyməti 105.200 avrodan, ən yüksək səviyyəli Turbo versiyasının isə, 165.500 avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.