Porsche şirkəti tamamilə yeni Cayenne Electric krossoverini təqdim etməyə hazırlaşır. O, mövcud olan daxili yanma mühərrikli Cayenne modelini əvəz etməyəcək, əksinə tamamlayacaq. Görünən odur ki, şirkət hələ də elektromobillərə üstünlük verir. Ona görə də, ictimayyətin maraqlandırılması mərhələli şəkildə həyata keçirilir. Hələ yayda elektrik krossoverinin kamuflyajlı prototipi nümayiş etdirilib, indi isə, elektrokarın seriya versiyasının interyer şəkilləri dərc olunub.

Porsche elektrokrossoverinin interyerində ekranlı atmosfer hökm sürür! Sürücünün qarşısında cihazlar panelinin əyri 14,25 düymlük displeyi yerləşir, ön sərnişin üçün isə, sürücünün diqqətini yayındırmadan müxtəlif proqramları və ya axın videolarını göstərə bilən 14,9 düymlük ekran nəzərdə tutulub.
Bununla belə, interyerin əsas fişkası mərkəzi konsolda quraşdırılmış iki hissəli Flow Display OLED ekranıdır. O, süni intellektə əsaslanan səs köməkçisi quraşdırılmış məlumat-əyləncə sistemini idarə edir.

Bütün bu ekranlar Porsche brendinin tarixindəki ən böyük “rəqəmsal səthi” təşkil edirlər. Ekran əzəmətini artırılmış reallıqlı proyeksiya ekranı ilə taclanır: ön şüşədə 87 düym diaqonalı olan təsvir əks olunur.
Sensorlu ekranlarının bolluğuna baxmayaraq, mərkəzi konsolda ən vacib funksiyaları idarə etmək üçün nəzərdə tutulmuş fiziki düymələr və dəstəklər saxlanılıb. UWB (Ultra Wideband) texnologiyası ilə işləyən elektron açar da mövcuddur: o, smartfona quraşdırıla bilər.

Belə açar avtomobilin sahibi və ya onun dostları krossoverə yaxınlaşdıqda qapıların kilidini avtomatik açmağa imkan verir. Üstəlik, elektron açar yeddi nəfərlə paylaşıla bilər. Bir neçə Mood (əhval-ruhiyyə) rejimi mövcuddur ki, bu rejimlərdə salonda istənilən ab-havanı (rahatlıqdan tutmuş drayv) yaratmaq üçün, ətraf işıqlandırması, klimat-kontrol, audio sistem və oturacaqlar (qızdırılan, havalandırılan və masaj edilən) birlikdə işləyirlər.
İnteryerin digər xüsusiyyətləri arasında, sürüşərək açılan ön hissəsi və şəffaflığı geniş diapazonda dəyişə bilən elektroxrom örtüyü olan panoram dam da var. Bu həm də Porsche markasının tarixindəki ən böyük şüşə damdır.

Qapı və mərkəzi tonnelin dirsəkaltılarında qızdırılan yerlər (nümayəndəlik sedanlarda olduğu kimi) nəzərdə tutulub, əlbəttə ki, qızdırılan oturacaqlar və sükan çarxı haqqında danışmağa belə dəyməz. Nəhayət, standart təchizata arxa divanın uzununa elektrik tənzimlənməsi də daxildir. Tərtibat üçün dəri və mikrofiber də təklif ediləcək.
Məlum məsələdir ki, geniş fərdiləşdirmə variantları vəd edilir: məsələn, tərtibatının 13 rəng kombinasiyası variantı, dörd interyer paketi və beş dekor variantı təklif olunur. Manufaktur və Sonderwunsch fərdiləşdirmə proqramları da əlçatan olacaq.

Avtomobilin özü haqqında təfərrüatlar hələ də azdır. Porsche Cayenne krossoveri Porsche və Audi tərəfindən hazırlanmış PPE (Premium Platform Electric) elektrik platformasına əsaslanır. O, 800 voltluq elektrik sistemindən istifadə edir və tutumu 113 kilovat/saat qədər olan dartma batareyasına malikdir.
İlkin məlumatlara görə, ən yüksək səviyyəli versiya təxminən 1000 at qüvvəsi və 1500 Nm malik olacaq. Xatırladaq ki, cari Cayenne modelinin ən bahalı hibrid versiyası 739 at qüvvəsi təklif edir. 100 km/saat sürətlənmənin təxminən üç saniyə çəkəcəyi gözlənilir. Aktiv stabilizatorları olan asma da vəd edilir.
Yeni Cayenne Electric krossoveri interyerin yeni ekran konsepsiyasını alan ilk, lakin sonuncu Porsche avtomobili olmayacaq, çünki sonradan belə interyer tərtibatı digər Porsche modellərində tətbiq ediləcək. Porsche Cayyen elektrik krossoverinin bu ilin sonunadək debüt edəcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.