Porsche şirkətinə 911 Dakar ofroud versiyasının 2500 nüsxəsini hazırlamaq üçün iki il gərək olub. Sonuncu nüsxə Sonderwunsch fərdiləşdirmə şöbəsi tərəfindən italyan kolleksiyaçısının sifarişi ilə yaradılıb. O, 1984-cü ildə Dakar üçün hazırlanmış Porsche 953 yarış avtomobilinə işarə edən üçrəngli livreyanı alıb: kuzovun yuxarı hissəsi sarı Signalyellow, alt tərəfi isə, Gentianbluemetallic rəngnə malikdir. İki rəngi Aralıq dənizindəki vulkanik adanın adını daşıyan mavi Lampedusablue çalarında zolaq ayırır.
Sportkarın interyer tərtibatı qara və sarı rənglərin dəbdə olan birləşməsi ilə seçilir. Başlıqlardakı 911 Dakar tikmə-naxışı kuzovla eyni Signalyellow rəngdə işlənib, üstəlik, bu çalardan transmissiya selektorunu bəzəmək üçün istifadə olunur. Avtomobilin arxa hissəsində standart mühərrik - səkkiz pilləli PDK “robotu” ilə tandemdə çalışan, 480 at qüvvəsi və 570 Nm fırlanma anı hasil edən 3,0-litrlik “biturboaltılıq” yerləşib. 911 Dakar tam ötürməlidir, lakin özünəməxsus orijinal tənzimləmələrə malikdir.
Orijinal Carrera GTS ilə müqayisədə klirens 50 millimetr artırılıb və tənzimlənən amortizatorlar avtomobili daha 30 millimetr qaldırmağa və 170 km/saata qədər sürətlə hərəkət etməyə imkan verir. Aktiv köndələn dayanıqlılıq stabilizatorları və idarələnən arxa təkərlər 911 Dakar üçün standart avadanlıqdır. Öndə diqqəti alüminiumdan hazırlanmış yedək qarmaqları cəlb edir, əlavə işıqlandırma texnikası üçün isə, damda 12 voltluq çıxış var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.