İkinci nəsil Porsche Macan elektrik krossoverinin ardınca, alman şirkəti Cayenne modelinin elektrik versiyasını təqdim etməyə hazırlaşır. Bu günlərdə elektrik krossoverinin seriyaöncəsi prototipi İngiltərənin Şelsli Uolş şəhərindəki təpəyə qalxma yarışında nümayiş etdirilib. Bu yarış İngiltərədə keçirilən belə növ ən qədim tədbirlərdən və milli təpəyə qalxma kubokunun mərhələlərindən biridir.

Porsche öz yeni elektrik krossoverinin təkcə sürətini deyil, həm də praktikliyini əyani şəkildə göstərmək  üçün müsabiqədən istifadə etmək qərarına gəlib. Bunun üçün istehsalçı məşhur teleaparıcı Riçard Hammondu və Formula E çempionatının pilotu Qabriela Jilkovanı cəlb edib. Nəticədə Jilkova Cayenne prototipini krossoverlər üzrə rekord sayılan 31,28 saniyə zamanla Şelsli Uolş təpəsinə çıxarıb.

Seriyaöncəsi krossover təpəyə qalxmaqla yanaşı, yedəkləmə qabiliyyətini də nümayiş etdirib. Cayenne, Riçard Hammonda məxsus olan vintaj avtomobilin yükləndiyi treyleri yedəyə alıb. Bildirilir ki, Porsche Cayenne Electric krossoveri 3,5 tona qədər çəkisi olan qoşquları yedəkləyə biləcək.

Yeni elektromobilin digər texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. Böyük ehtimalla, o, Porsche və Audi tərəfindən hazırlanmış PPE (Premium Platform Electric) elektrik platformasına əsaslanacaq. Platforma 800 voltluq elektrik sistemindən istifadə edir və artıq onun üzərində Macan elektrik krossoveri inşa edilib. İlkin məlumatlara görə, top versiya təqribən 1000 at qüvvəsinə malik olacaq. Xatırladaq ki, cari Cayenne modelinin ən bahalı hibrid modifikasiyası 739 at qüvvəsi təklif edir. Üstəlik, aktiv stabilizatorları olan asma da vəd edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Cayenne Electric krossoverinin tam ölçülü təqdimatının 2026-cı ildə keçiriləcəyi gözlənilir. Bununla belə, Porsche yanacaqlı sələfindən qat-qat pis satılan Macan elektrokarının təcrübəsini nəzərə alıb. Ona görə də, benzin mühərrikli üçüncü nəsil Cayenne modeli konveyerdə qalacaq! Onu ən azı 2030-cu ilə qədər elektromobillə paralel olaraq yeniləyəcək və istehsal edəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.