Elektromobillərin satışı üzrə çətinliklər yaşayan Porsche şirkəti daxili yanma mühərriklərinin istehsalından imtina etmək niyyətində deyil. Üstəlik, alman istehsalçısı aralarında qeyri-adi mühərriklər olan yeni güc aqreqatlarını hazırlamağa davam edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumat bazasında Porsche tərəfindən təqdim edilən maraqlı patent ərizəsi aşkar olunub – söhbət W18 mühərriki və onun daha az silindrləri olan variantlarından gedir.
Ana Volkswagen konserni əvvəllər W8 və W12 mühərriklərinə malik idi. Qeyd etmək gərəkdir ki, almanlar W16 mühərrikini xüsusi olaraq Bugatti üçün hazırlamışdılar: güc aqreqatının istehsalına 2005-ci ildə başlanmış və o, Veyron hiperkarına quraşdırılırdı.
Mahiyyətcə, bu aqreqat seriya VR6 mühərrikinə əsaslanan iki VR8 mühərrikindən ibarət idi. Onlar 90 dərəcəlik bucaq altında birləşdirilmişdilər və ortaq dirsəkli valı paylaşırdılar.
Daha sonra 8,0-litrlik dörd turbokompressorlu mühərrik Bugatti Chiron hiperkarında quraşdırıldı, lakin üç il əvvəl bu aqreqat təqaüdə göndərildi. Qeyd etmək gərəkdir ki, VW konserninin o vaxtkı rəhbəri Ferdinand Pyex dirçəldilmiş fransız brendinin modellərini W18 mühərriki ilə təchiz etməyi planlaşdırırdı, lakin bu nəhəng güc aqreqatı seriyaya getmədi.
Bugatti mühərriklərindən fərqli olaraq, Porsche mühərrikində yeganə dirsəkli val və hər birində altı silindr olan üç cərgə var. Belə konfiqurasiya buraxılış sistemini cərgələrin arasında, girişin isə, yuxarıda yerləşdirilməsinə imkan verir.
Bundan əlavə, mühərriki daha güclü və qənaətcil etməyə imkan verəcək qabaqcıl soyutma sistemi vəd olunur. Üç silindr cərgəsinin hər birində bir turbokompressor yerləşdirə bilər, 18-silindrli aqreqat uzunluğuna görə ənənəvi altısilindrli mühərriklə müqayisə edilə bilər.
Patentdən də göründüyü kimi, texnoloji inkişafın hazırkı mərhələsində belə konstruksiyanın reallaşdırılması ehtimalı böyükdür. Mühəndislər W15, W12 və hətta W9 versiyalarının yaradılmasının mümkün olduğunu da iddia edirlər. Bununla belə, patent ərizəsinddə mühərrikin həcmi və ya hasilatı göstərilməyib.
Bununla belə, ərizənin verilməsi şirkətin belə mühərrikləri kütləvi şəkildə istehsal edəcəyi anlamına gəlmir: bəlkə də patent sadəcə əqli mülkiyyəti qorumaq üçün nəzərdə tutulub və bu ideyanın heç bir şəkildə həyata keçirilməsini nəzərdə tutmur. Digər tərəfdən, onun mövcudluğu Porsche şirklətinin daxili yanma mühərrikini istehsalda saxlamaq niyyətini nümayiş etdirir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









