Alman BMW, Mercedes-Benz və Audi şirkətləri demək olar ki, eyni vaxtda 2024-cü il üçün qlobal satış statistikasını dərc ediblər. Ötən il "böyük üçlük" üçün çətin dövr olub, çünki hər üç şirkətin satışlarında azalma müşahidə edilib.
BMW qrupu 2024-cü ildə 2.450.804 avtomobil sataraq alman “üçlüyünün” lideri oub. 2023-cü illə müqayisədə qrupun satışları 4% azalıb: əsas itkilər Çində (13,4% azalma!) və digər Asiya ölkələrində baş verib. Qrupun avtomobillərinə olan tələb onun vətəni Almaniyada da aşağı düşüb. BMW brendinin özü 2 200 177 avtomobil (minus 2,3%), Rolls-Royce bölməsi 5712 avtomobil satıb (minus 5,3%), Mini brendi isə, ən böyük azalmanı qeydə alıb: minuis 17,1%, 244,915 ədədə qədər. Bununla belə, BMW M GmbH idman bölməsi satışları 2,1% (206 582 avtomobil) artırıb, baxmayaraq ki, onun göstəriciləri BMW brendinin ümumi statistikasına daxil edilib. Şirkət, hər üç markanın elektromobillərinin birdən-birə 13,5%-lik artım (426 594 ədəd) nümayiş etdirdiyini xüsusilə vurğulayır. Onların ümumi satışlardakı payı 17,4% təşkil edir.
2024-cü ildə Mercedes-Benz qrupunun satışları da 4% azalaraq 2 389 000 avtomobil təşkil edib. Bunlardan 405,6 mini yüngül kommersiya avtomobilləridir (minus 9%). Mercedes-Benz minik avtomobilləri 1 983 400 ədəd (minus 3%) satılıb. Maraqlıdır ki, elektromobillərinin satışı 23% azalaraq 185 100 ədədə düşüb! 2024-cü ildə Top-End ailəsinin ən bahalı modellərinin (281.500 ədəd, əsasən S-Class və G-Class) və giriş Entry ailəsinin avtomobillərinin (A-Class ailəsi, 534.800 ədəd) nəticələri heç də ürəkaçan deyil : hər iki seqmentdə satışlar 14% aşağı düşüb. Yalnız orta ölçülü Core seqmenti (əsasən E-Class və GLC krossoveri) 6% artaraq 1 167 100 avtomobilə çatıb. Plug-in hibridləri də pis çıxış etməyiblər – satışlardakı artım 13% (367 600 avtomobil) olub.
Hətta bu qədər mükəmməl olmayan fonda belə Audi markasının nəticələri fəlakətə bənzəyir: satışlar dərhal 11,8% azalaraq 1 671 218 avtomobilə düşüb! Üstəlik, doğma Almaniyada vəziyyət daha ağırdır: minus 21,3%, cəmi 198 342 avtomobil. Şimali Amerika (240,771, 13% azalma) və Çində (649,434, 11% azalma) də vəziyyət sevindirici deyil. Keçən il Audi 164 min elektromobil sata bilib ki, bu da əvvəlki illə müqayisədə 8% azdır. Nəhayət, Audi Sport modellərinin satışları 14% azalaraq 41 000 avtomobilə düşüb.
Hər üç şirkət zəif satış nəticələrinə görə iqtisadi böhranı və keçən ticarət müharibələrinin astanasında olan mürəkkəb qlobal bazar şərtlərini günahlandırır. Eyni zamanda, bu çətin vəziyyətdən çıxmaq üçün müxtəlif reseptlər təklif olunur. BMW diqqətini elektromobillərinə yönəldir və yeni “batareyalı” Neue Klasse ailəsi hazırlayır: ilk seriya modeli bu il nümayiş etdiriləcək. Mercedes-Benz artıq EQ elektromobillərinin ayrıca çeşidinə malikdir, lakin bu çeşid gözləntiləri doğrultmayıb və indi Ştutqart öz elektromobil strategiyasına yenidən baxmaq məcburiyyətindədir. Audi isə, vəziyyəti model cərgəsinin genişmiqyaslı yenilənməsi (keçən il başlayıb) və plug-in hibridlərinə üstünlük vermək ilə düzəltməyə ümid edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.