İki il əvvəl Changan şirkəti Qiyuan (və ya potensial ixrac üçün Nevo) adlı başqa bir törəmə brend yaradıb. Yeni subbrend stilizə edilmiş 101 nömrəsinə bənzəyən loqotipi alıb. Brendin ilk məhsulu Qiyuan A07 liftbəki olub və o, ölçü, format və texniki baxımından Shenlan SL03 ilə demək olar ki, eynidir və yalnız dizaynı ilə fərqlənir. İndi isə, daha bir liftbək debütə hazırdır – bu, Qiyuan A06 modelidir.

Kiçik indeksə baxmayaraq, Qiyuan A06 ölçülərinə görə A07 ilə müqayisə edilə bilər: onun uzunluğu 4885, eni - 1916, hündürlüyü isə, 1496 millimetrdir. Liftbəkin təkər bazası A07 ilə müqayisədə 22 millimetr artaraq 2922 millimetrə çatıb. Lakin Qiyuan brendinin hamar kuzov konturları və ön tərəfdə monoqaşı olan korporativ üslubu qorunub saxlanılıb ki, bu da qohum Shenlan brendinin (ixrac bazarlarında Deepal adı ilə tanınır) künclü-bucaqlı üslubundan təəccüblü şəkildə fərqlənir.

Bununla belə, qohumlarından fərqli olaraq, A06 irəli çıxan qapı tutacaqlarının əvəzinə girintili variantlarla təchiz edilib. Yeri gəlmişkən, belə tutcaqlar mühəndislərin əla aerodinamik əmsalı (Cd 0.217) əldə etməsinə mane olmayıb. Təchizatdan asılı olmayaraq, Qiyuan A06 liftbəki 18 düymlük təkər disklərinə malikdir.
İnteryerdə cihazlar panelinin kiçik displeyi və media sisteminin böyük planşet olan ön panel arxitekturasından istifadə edilib. Bununla belə, mediasistemin ekranın altında mərkəzdə fırlanan dəstyi olan qeyri-ənənəvi fiziki düymələr bloku yerləşir.

Proyeksiya displeyi və iyirmi dinamikli audio sistemi də mövcuddur. Bütün oturacaqlar yarı uzanmış vəziyyətə gətirilə bilərlər və çoxnöqtəli masajla təchiz ediliblər. Salonda kiçik əşyalar üçün 38 bölmə və 9,5 litrlik soyuducu da var.
Baqajın həcmi 656 litrdir, kapotun altında isə, 108 litrlik əlavə bölmə var. Liftbək alın şüşəsinin üstündə lidarı, on bir kamerası və on iki ultrasəs radarı olan qabaqcıl avtopilotla təchiz edilib. Bu sistem ikinci səviyyəli avtonomluğa malikdir.

Qiyuan A06 modeli Changan konserninin SDA (Super DNA) platformasına əsaslanır. Alüminium şassi ön tərəfdə iki qollu, arxada isə çoxqollu asmaya malikdir. Yeni liftbək sırf elektromobil və ya ardıcıl hibrid ola bilər.
Birinci halda o, 800 voltluq elektrik sistemi və arxa oxdakı iki güc variantında təklif edilən mühərriklə təchiz olunur. Kiçik versiya 163 at qüvvəsinə malikdir, 51,5 kilovat/saatlıq litium-dəmir-fosfat batareyası CLTC dövrünə əsasən 510 kilometr məsafəni qət etmək üçün kifayət edir.

Təchiz edilmiş halda çəkisi 1750 kiloqram olan liftbəkin maksimal sürəti 160 km/saatdır.
Böyük elektrik versiyası 286 at qüvvəli mühərriklə təchiz edilir və eyni tipli, lakin tutumu 63,2 kilovat/saat olan batareyaya malikdir. Çəkisi 1887 kiloqram olan belə elektromobil 630 kilometr qət edir, onun maksimal sürəti isə, 188 km/saatdır.
Ardıcıl hibridin batareyası 28,4 kilovat/saatdır, beləliklə, sırf elektrik dartması ilə, cəmi 240 kilometr gedə bilər. Bununla belə, təkərlərə qoşulmayan və yalnız generator kimi istifadə edilən 1,5-litrlik (98 at qüvvəli) atmosfer mühərriki var. Belə hibridin çəkisi 1800 kiloqram, maksimal sürəti 160 km/saatdır.
Qiyuan A06 liftbəkinin bu ilin sonuna qədər Çin bazarına çıxacağı gözlənilir, onun satış qiymətləri də həmin zaman açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.