Geely şirkətinin Radar subbrendi Tesla Cybertruck modelinin dinamikasına malik olan güclü tamötürməli pikapını nümayiş etdirib. Hələ fevral ayında RD6 pikapını istehsal edən Radar törəmə brendinin rəhbəri Lin Şitsyuan onun "Tesla dinamikası və Hummer ofroud qabiliyyətinə" malik olan güclü tamötürməli versiyasının buraxılacağını bəyan etmişdi.
Aprelin 23-də rəsmi təqdimatı keçirilmiş yeni pikap Horizon adıını alıb. Bəzi xarici kuzov panelləri və interyer dizaynı yenilənmiş Geely Okavango modelindən götürülsə də, pikap fərqli platformada inşa edilib - o, SEA arxitekturasının yük versiyası hesab edilən MAP platformasına əsaslanır.
Radar Horizon modelinin ən maraqlı xüsusiyyəti onun güc aqreqatıdır. Pikap tamamilə elektrik ötürməsi ilə hərəkətə gəlir: onun ön oxunda 156 at qüvvəli, arxa oxunda isə, 272 at qüvvəli elektrik mühərriki quraşdırılıb. Güc qurğusu ümumilikdə 428 at qüvvəsi və 594 Nm fırlanma anı hasil edir. Radar xüsusilə Horizon pikapının dinamik xüsusiyyətləri ilə fəxr edir: pikap 100 km/saata 4,5 saniyəyə sürətlənir ki, bu da Cybertruck ilə müqayisə oluna bilər. Maksimal sürət - 190 km/saatdır.
Horizon üçün müxtəlif tutumlu iki batareya təklif olunur - 73 və ya 84 kilovat-saatlıq. Birinci halda pikap dolu batareya ilə Çinin CLTC dövrünə əsasən 460 kilometr, ikinci halda isə, 520 kilometr məsafə qət edir.
Model yaylı asqıya malikdir: öndə McPherson dayaqları, arxada isə müstəqil çoxqollu asqı quraşdırılıb. Təkər disklərinin ölçüsü təchizat səviyyəsindəm asılı olaraq 17 və ya 18 düymdür. Yükgötürmə qabiliyyəti də açıqlanıb - 815-865 kiloqram, yedəyə alınan qoşqunun icazə verilən çəkisi isə üç tondur. Qeyri-adi avadanlıqlar arasında ümumi gücü 21 kilovat olan və elektrik cihazlarını qidlandırmağa imkanı verən beş məişət rozetkası var.
Çində Radar Horizon modeli 181,8-221,8 min yuana (təxminən 42,6 – 52,0 min manat) satılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.