Renault qrupunun planına əsasən, 2024-2027-ci illər arasında fransız markası Avropadan kənarda səkkiz yeni model təqdim etməlidir və onlardan biri artıq nümayiş olunub – bu, Renault Boreal krossoveridir.
Yenilik Koreya və Çin üçün nəzərdə tutulmuş Renault Grand Koleos kimi kənardan götürülmüş bir model deyil, lakin orijinal avtomobil də deyil. Renault Boreal iri miqyasda yenidən işlənmiş və dəyişdirilmiş Dacia Bigster krossoveridir ki, o da, öz növbəsində, üçüncü nəsil Duster krossoverinə əsaslanır.

Dacia Bigster Rumıniyada istehsal olunur, amma Boreal modeli Braziliya və Türkiyədəki zavodlarda buraxılacaq.
Krossover çoxlu dəyişikliklərə məruz qalıb. O, Bigster modelindən təkcə tamamilə yeni işıqlandırma texnologiyası olan ön və arxa tərəfi ilə deyil, həm də kuzovun yenidən işlənmiş forması ilə fərqlənir: arxa dayaqlarn maillik bucağı artırılıb ki, bu dam xəttini daha maili hala gətirib.

Məhz buna görə də, Renault krossoverinin baqajı bölməsinin həcmi Dacia modelindəkindən nəzərəçarpacaq dərəcədə kiçikdir: ikinci cərgənin arxasında 586 litr, onun qatlanması halda isə, 1770 litr (Bigster modelində müvafiq olaraq 667 və 1977 litr) var.
Bununla belə, hər iki krossoverin ümumi ölçüləri demək olar ki, oxşardır. Renault Boreal modelinin uzunluğu 4556, eni – 1841, hündürlüyü isə, 1650 millimetrdir. Təkər bazasının genişliyi 2702 millimetr, pasport üzrə klirens isə, 213 millimetr təşkil edir. Təkər disklərinin diametri 17 ilə 19 düym arasında dəyişə bilər.

Beş nəfərlik interyerin dizaynındakı fərqlər dekorasiya və ekranların quraşdırılması ilə bağlıdır. Bigster modelində cihazlar paneli ayrıca günəşliyə sahibdirsə, Boreal vahid korpusda birləşmiş iki 10-düymlük ekrana malikdir.
Media sistemi quraşdırılmış Google xidmətlərinə və havadan yenilənmə funksiyasına malikdir. Seçimlər siyahısına iki zonalı klimat-kontrol, kontur işıqlandırması (48 rəngli), dairəvi kameralar, panoram dam, adaptiv kruiz-kontrol və məşhur musiqiçi Jan-Mişel Jarrın köməyi ilə köklənmiş 10-dinamikli Harman/Kardon audio sistemi daxildir.

Dacia Bigster krossoveri CMF-B modul platformasına əsaslanır, Renault Boreal modeli üçün isə, onun RMP adlanan təkmilləşdirilmiş versiyasıdan istifadə olunur, baxmayaraq ki, heç bir fundamental konstruktiv dəyişik yoxdur.
Hələlik Boreal yalnız bir güc aqreqatı ilə təqdim olunub - məşhur 1.3 TCe “turbodördlüyü” altı pilləli preselektiv "robot" ilə tandemdə çalışır. Eco, Comfort, Sport və fərdiləşdirilə bilən MySense hərəkət rejimləri də nəzərdə tutulub.

Güc qurğusunun tənzimləmələri bazardan asılı olaraq fərqlənəcək. Məsələn, Türkiyə istehsalı olan avtomobillərdə 138 at qüvvəsi və 240 Nm hasil edən benzin turbomühərriki var, Braziliyada buraxılan krossoverlərdə isə, bu aqreqat 156 at qüvvəsi və 270 Nm hasil edəcək.
Braziliyada geniş yayılmış etanoldan istifadə etdikdə güc 163 at qüvvəsinə qədər artacaq ki, bu halda 100 km/saata sürətlənmə 9,3 saniyə çəkəcək. Ancaq ötürmə hələlik yalnız ön təkərlərədir. Tam ötürməli Boreal daha sonra debüt etməlidir və o, artıq hibrid olacaq.
Renault Boreal krossoverlərinin Braziliyadakı istehsalına yaxın aylarda başlanacaq, onun Latın Amerikası ölkələrindəki satışlarına isə, bu ilin sonunda start veriləcək. Türkiyədəki zavoddakı istehsala 2026-cı ilin əvvəlində start veriləcək.
Burada buraxılan krossoverlər həm daxili bazarda, həm də Yaxın Şərq, Aralıq dənizi ölkələrində və hətta bəzi Şərqi Avropa regionlarına göndəriləcəklər. Yeni modelin ümumilikdə 71 satış bazarına çıxması planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.