Porsche Macan krossoverinin ikinci nəsli keçən ilin əvvəlində debüt edib və bu hadisə bir növ modelin elektrik enerjisinə tam keçidiyinin bəyanatı olub. O vaxtdan bəri, yeni Macan krossoverinin çeşidi tədricən genişləndirilib, indi isə, çeşidə ənənəvi GTS sürücü versiyası əlavə edilib.

Xatırladaq ki, birinci nəsil yanacaqlı Macan GTS yeniləndikdən sonra bir qədər sadələşdirilmiş olsa da, ən yüksək səviyyəli Turbo versiyasının texnikasını əldə edib. Ən son Macan GTS elektrik krossoveri də oxşar reseptə əsasən hazırlanıb. Onun arxa oxunda silisium karbidi əsaslı güc elektronikası və 9,0:1 ötürmə nisbətinə malik olan birpilləli transmissiya ilə birlikdə,Turbo versiyasından götürülmüş elektrik mühərriki quraşdırılır.

Ön mühərriklə birlikdə, ikimühərrikli tam ötürmənin gücü 516 at qüvvəsi təşkil edir. Aktivləşdirilmiş lonç-kontrol və overboost rejimində güc qurğusu 571 at qüvvəsi və 955 Nm hasil edir.Göründüyü kimi, subordinasiya qorunub saxlanılıb: daha böyük Macan Turbo modeli 639 at qüvvəsi və 1130 Nm-ə malikdir. GTS modeli 100 km/saat həddini 3,8 saniyəyə, 200 km/saat həddini isə, 13,3 saniyəyə toplayır, onun maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. Məlum məsələdir ki, Turbo modeli daha yeyindir - müvafiq olaraq 3,3, 11,7 saniyə və 260 km/saat.

Macan elektrik krossoverinin bütün digər versiyaları kimi, GTS də 800 voltluq PPE (Premium Platform Electric) platformasına əsaslanır və 100 kilovat/saatlıq dartma batareyası ilə təchiz olunub. Onun WLTP üzrə yürüş mənzili 586 kilometrdir - yəni, 591 kilometrlik yürüş məsafəsi olan Macan Turbo istənilən halda, yenə də liderdir. Bununla belə, şarj parametrləri elektrik krossoverinin bütün versiyaları üçün eynidir: 270 kilovatlıq terminaldan istifadə etdikdə, batareyanın 10%-dən 80%-ə qədər doldurulmasına 21 dəqiqə gərəkdir.

GTS modeli, ənənəvi sürücü yönümlü istiqamətə cavab verməsi üçün, standart olaraq, hündürlüyü 10 millimetr aşağı salınmış və yenidən tənzimlənmiş pnevmatik asqı ilə təchiz edilir. Beləliklə, GTS versiyası Macan ailədindəki ən aşağı ağırlıq mərkəzinə malik olan krossoverdir. Üstəlik, xüsusi amortizatorlar və stabilizatorlar da quraşdırılır. Macan GTS modelinin standart təchizatına firma stabilizasiya (ePTM) və dartma vektorunun idarələnməsi (PTV Plus) sistemləri, habelə xüsusi trek rejimi olan Sport Chrono paketi daxildir. Bununla belə, əlavə ödəniş qarşılığında tam idarələnən şassini də sifariş etmək olar.
Porsche Macan GTS modelini zahiri cəhətdən digər versiyalardan tündləşdirilmiş faraları, qara dekoru və aqressiv kuzov dəsti ilə fərqlənir. Sonuncu splitter və diffuzordan, həmçinin kandar örtmələri və irəli çıxan spoylerdən ibarətdir. Gələn ildən etibarən bu elementlər bütün Macan modelləri üçün əlçatan olacaq opsional Sport Design paketinə daxil ediləcək, lakin tündləşdirmə yalnız GTS modelinin imtiyazı olaraq qalacaq. Sürücüyönümlü krossover üçün üç yeni kuzov rəngi hazırlanıb. 21 düymlük təkər diskləri standartdır, əlavə ödəniş qarşılığında 22 düymlük diskləri quraşdırmaq olar.

Macan GTS interyer tərtibatında dəri və Race-Tex materialının birləşməsindən istifadə olunub. Kuzov rəngində olan seçilən tikişlər opsiyadır, lakin bu opsiya Carmine Red, Neo Grey və ya Lugano Blue rəngləri sifariş edildikdə əlçatandır. Sükan və oturacaqlarda GTS loqotipləri var. Əlbəttə ki, əlavə ödəniş qarşılığında karbon dekoru da sifariş etmək olar. Məlumat-əyləncə sistemi GTS üslubunda xüsusi qrafikaya malikdir, mühərrikin səsini təqlid edən PESS sistemi isə, xüsusi səs profillərinə sahib olub.
Porsche Macan GTS modelinə öncədən sifarişlər artıq qəbul olunurlar. Almaniyada sürücü yönümlü elektrik krossoverinin qiyməti 104 200 avrodan başlayır. Müqayisə üçün qeyd edək ki, ən yüksək səviyyəli Macan Turbo modelinin qiyməti 115 500 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.