Bu, Mlada Boleslavdakı Skoda Akademiyasının tələbələri tərəfindən yaradılmış onuncu şoukardır. Zavod kolleci 2013-cü ildə açılıb və hər il burada təxminən 700-900 tələbə təhsil alır. Təhsil müəssisəsi Skoda zavodları və texniki mərkəzləri üçün kadrlar hazırlayır. Eyni zamanda, onlara öz təxəyyüllərini inkişaf etdirmək və avtomobil yaratmaq bacarıqlarını göstərmək imkanı verilir. Özü də, bu işlər şirkətin mühəndis və dizaynerlərinin nəzarəti altında aparılır.

Skoda tələbələri ənənəvi olaraq konsept avtomobilləri üçün qeyri-adi mövzu seçirlər. Növbəti konsept avtomobili şirkətin 130 illik yubileyinə həsr olunub və onun yaradıcıları Vatslav Laurin və Vatslav Klementin şərəfinə Skoda L&K 130 adlandırılıb.
Bundan əlavə, tərtibatçılar velosipedlər mövzusunu önə çıxarmaq qərarına gəliblər, çünki 130 il əvvəl Laurin & Klement şirkətinin tarixi onların istehsalı ilə başlanıb. Yeri gəlmişlən, Skoda şirkəti bu gün də velosiped istehsal edir.

Konsept avtomobil Skoda Superb Combi hibrid universalının əsasında yaradılıb və tələbələr komandası onu velosiped yarışlarını müşayiət etmək üçün nəzərdə tutulmuş pikapa çeviriblər. İkinci sıranın oturacaqlarının arxasında bağlı arakəsmə quraşdırılıb, baqajın yerində isə, velosipedlər üçün bərkitmə nöqtələri olan açıq yük bölməsi var.
Arxa kuzov çıxışı standart olaraq qalır, lakin arxa bort yük meydançası ilə birlikdə elektrik ötürməsi vasitəsilə bir metrdən çox geriyə çəkilə bilər: bu, velosipedlərin çıxarılmasını və quraşdırılmasını asanlaşdırır. Dam reylinqləri qısaldılmış formada olsa da, qorunub saxlanılır: onlara əlavə velosiped dayaqları quraşdırılıb.

Sağ arxa qapı sürüşdürülərək açılır, ona görə də onun iki xarici tutacağı var. Qapı avtomobil hərəkət edərkən də açıla bilər ki, arxa oturacaqdakı müşayiətçi sərbəst şəkildə içməli su şüşələrini velosipedçilərə ötürə bilsin.
Onları saxlamaq üçün isə, ikinci cərgədə soyuducu quraşdırılıb. Şturman avadanlığı (monitor, radio) salonun ön hissəsində yerləşir, tavanda isə, kiçik əşyaların saxlanması üçün tor quraşdırılıb. Bunun üçün panoram damı bağlamaq gərək olub.

Skoda L&K 130 konseptində tarixi Laurin və Klement embleminin rənglərindən istifadə olunur - qızılı, qara və qırmızı. İnteryer də eyni rəng sxemində işlənilib. Üstəlik, müasir Skoda loqolarının əvəzinə avtomobillər Laurin və Klement loqoları ilə təchiz olunub, baxmayaraq ki, arxa tərəfdə “Skoda” yazısı qorunub saxlanılır.
Güc aqreqatı standart olaraq qalır: 1,5-litrlik “turbodördlük” və elektrik mühərriki ümumilikdə 204 at qüvvəsi hasil edir, ötürmə isə, ön oxadır.
28 tələbədən ibarət komanda Skoda L&K 130 şoukarının yaradılmasına doqquz ay və iki mindən çox iş saatı sərf edib. Avtomobil tam işləkdir, hərəkət edə və təyinatı üzrə istifadə edilə bilər. Onun hətta iyul ayında keçiriləcək Tour de France velomarafonunda iştirakı da nəzərdə tutulub. Lakin bütün əvvəlki tələbə şoukarları kimi, Superb pikapı da yeganə nüsxədə olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.