Tesla Model S liftbəki artıq on üç il, onunla eyni platformanı paylaşan Tesla Model X krossoveri isə, on ildir ki, istehsal olunur. Bu cütlüyün sonuncu genişmiqyaslı təkmilləşdirilməsi dörd il əvvəl həyata keçirilib. Şirkət bu elektrokarların yeni nəsillərinin hazırlandığı barədə heç bir məlumat verməyib, bununla belə, amerikan istehsalçısı mövcud Tesla modellərindən imtina etmək niyyətində deyil. Odur ki, bu modellər növbəti dəfə modernləşdirməyə məruz qalıblar. Lakin bu dəfə yeniliklər elə də genişmiqyaslı deyil.

Yeni mavi Frost Blue rəngi
Hər iki elektromobil daha rahat asmaya sahib olub, baxmayaraq ki, aparılmış təkmilləşdirmələr barədə ətraflı məlumat verilməyib. Təkmilləşdirilmiş səs-küy izolyasiyası və salonun dinamik işıqlandırması da elan edilir. Daha qabaqcıl ön kamera peyda olub, kuzovun rəng palitrasına mavi Frost Blue boyası əlavə edilib. Model X krossoverinin salonunun arxa hissəsində yeni üzlüklər quraşdırılıb ki, bunun sayəsində də üçüncü sıradakı məkan daha geniş olub.

Tela Model S Plaid
Yalnız top Plaid versiyasında olan Tesla Model S liftbəki eksteryerdəki yeniliklərə sahib olub: yüksək sürətlə hərəkət üçün aerodinamik cəhətdən optimallaşdırılmış yeni bamperlər peyda olub, arxa hissədə isə, inkişaf etmiş diffuzor quraşdırılıb. Bütün modifikasiyalar hərəkətdə daha az turbulentlik yaradan yeni təkər disklərini alıblar. Avtomobillərin əsas xüsusiyyətləri indi təkərlərin ölçüsündən daha çox asılıdır.

Tesla Model S
Standart Range başlanğıc versiyaları yenidən çeşiddən çıxarılıb, qalan modifikasiyaların güc qurğuları dəyişməyib, lakin idarəetmə proqramlarında aparılmış optimallaşdırma yürüş ehtiyatını artırıb. Tamötürməli Tesla Model S elektrokarı 679 at qüvvəli iki elektrik mühərrikinə malikdir. Əsas 19 düymlük təkərlərində belə liftbək 209 km/saata sürətlənə və dolu batareya ilə 660 kilometr gedə bilər.

22-düymlük təkər diskləri elektrokarların mənzilini və maksimal sürətini azaldır
Lakin 21 düymlük təkər diskləri ilə xüsusiyyətlər fərqlidir: 240 km/saat və 612 kilometr. Model S 60 mil/saat (97 km/saat) həddinə 3,1 saniyəyə sürətlənir. Üçmühərrikli Tesla Model S Plaid (1034 at qüvvəsi) bu işə 1,99 saniyə sərf edir. 19-düymlük disklərlə “bərkgedən” liftbək 240 km/saata qədər sürətlənir və 592 kilometr qət edir. 21 düymlük diskləri olan liftbəkin göstəriciləri müvafiq olaraq 322 km/saat və 528 kilometrdir.

Tesla Mode X Plaid
Tesla Model X krossoveri əvvəlki kimi All-Wheel Drive (679 at qüvvəsi, 100 km/saata 3,8 saniyə) və Plaid (1034 at qüvvəsi, 2,5 saniyə) modifikasiyalarında təklif olunur və zahiri cəhətdən dəyişməliblər. 20 düymlük disklərə malik olan ikimühərrikli versiya 240 km/saata qədər sürətlənir və dolu batareya ilə 566 kilometr, 22 düymlük disklər isə, bu göstəricilər müvafiq olaraq, 249 km/saat və 509 kilometr təşkil edir. 20 düymlük təkər diskləri olan Plaid krossoveri 240 km/saata sürətlənir və 539 kilometr məsafə qət edir, 22 düymlük disklər quraşdırılmış krossoverin göstəriciləri 262 km/saat və 488 kilometrdir.
Bütün elektromobillərin qiyməti beş min dollar artıb, lakin nəzərə almaq lazımdır ki, son bir neçə ildə Tesla dəfələrlə qiymətləri aşağı salıb, ona görə də indiki artımdan sonra belə, elektromobillər 4 il əvvəlkindən ucuzdur. Tesla Model S liftbəki üçün minimum 85 min dollar, Model X krossoveri üçün isə, 90 min dollar istənilir. Üçmühərrikli Plaid versiyalarının qiyməti isə, müvafiq olaraq 100 min və 105 min dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.