Keçən il Tesla Model 3 sedanı genişmiqyaslı restaylinqə məruz qalıb, lakin yenilənmiş ailə tədricən formalaşır. Məsələn, keçən yazda yenilənmiş Performance top versiyası debüt edib. İndi isə, növbə daha sadə və daha uzunmənzilli modifikasiyaya gəlib çatıb.
Söhbət uzun-uzadı adı olan arxa ötürməli Tesla Model 3 Long Range RWD versiyasından gedir. O, arxa oxda yerləşən yeganə elektrik mühərrikinə malikdir (onun gücü ənənəvi olaraq göstərilmir) və belə sedan 60 mil/saat (97 km/saat) həddinə 4,9 saniyəyə sürətlənir. Xatırladaq ki, arxa ötürməli baza versiyası bu işə 5,8 saniyə sərf edir. Maksimal sürət 201 km/saatdır.
Əsas yenilik 82 kilovat/saatlıq dartma batareyasıdır – belə batareya adətən tam ötürməli versiyalarda quraşdırılır. Onun sayəsində yeni Tesla Model 3 Long Range RWD ailədəki ən uzunmənzilli sedana çevrilib: EPA dövrünə əsasən 584 kilometr.
Bu, 57,5 kilovat/saatlıq batareyası olan arxa ötürməli baza versiyada olduğundan 146 kilometr, Long Range AWD versiyasında olduğundan isə, 35 kilometr çoxdur. Bununla belə, standart 18 düymlük təkər diskləri əvəzinə opsional 19 düymlük təkər diskləri seçildikdə, pasport üzrə yürüş məsafəsi 518 kilometrə qədər azalacaq.
Rekord mənzil ilə yanaşı, yeni Tesla Model 3 Long Range RWD versiyası 42 500 dollardan başlayan cəlbedici qiymət də təklif edir. Müqayisə üçün qeyd edək ki, arxa ötürməli baza elektrik sedanının qiyməti 39 000 dollardan, tam ötürməli Model 3 Long Range AWD versiyasının isə, 47 500 dollardan başlayır.
Eyni zamanda, amerikalı alıcılara 7500 dollar subsidiya verilir ki, bu da yeni Long Range RWD versiyasının qiymətini 35 000 dollara qədər endirir.
Lakin Tesla Model 3 sedanlarının avropalı alıcıları daha çox pul ödəməli olacaqlar. Çindən gələn elektromobillərə gömrük rüsumlarının artırılmasından sonra, Tesla şirkəti Model 3 sedanın qiymətini qaldırıb, çünki sedan Avropaya Çindən gətirilir!
Buna görə də ona 20,8% həcmində əlavə rüsum tətbiq edilir. Nəticədə, arxa ötürməli baza sedanının qiyməti 42 500 avroya (təxminən 46 500 dollar) qədər artıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.