Toyota şirkəti Celica adına olan patentin müddətini artırıb. Odur ki, modelin yenidən canlandırılacağından artıq şübhə etməmək olar. Yapon şirkəti hələ 2024-cü ilin payızında əfsanəvi modeli canlandırılacağını təsdiqləyib və onun elektrik mühərriki ilə deyil, daxili yanma mühərriki ilə hərəkətə gələcəyini bəyan edib. İndi isə, idman avtomobilinin öz tarixi adını qoruyub saxlayacağı da öz təsdiqini tapıb - Toyota Yaponiyada, Avropa İttifaqında və ABŞ-da Celica ticarət nişanının hüquqlarının müddətini artırıb, Braziliyada isə, GR Celica adını da qeydiyyatdan keçirib.

Toyota Celica modelinin yenidən model xəttinə qayıtması üzərində çalışmalar davam edir, baxmayaraq ki, modeli almaq istəyənlər onu uzun müddət gözləməli olacaqlar – sportkar 2028-ci ildə debüt edə bilər. Toyota şirkətinin GR Celica adını qeydiyyatdan keçirməsi faktı, avtomobilin Supra kupesi kimi, idman xəttinin bir hissəsi olacağını deməyə əsas verir.

Yeni modeldə Toyota şirkətinin Subaru və Mazda ilə birgə hazırlayacağı aqreqatlardan birinə - yəqin ki, 2,0-litrlik yeni nəsil turbomühərrikin quraşdırılacağını gözləmək olar. Onun gücü təqribən 400 at qüvvəsi, “bərkedən” versiyada isə, təxminən 600 at qüvvəsi təşkil edəcək. Nəhayət, Celica tam ötürmə sistemini GR Yaris və GR Corolla modellərindən ala bilər.

Bundan başqa, Toyota şirkətinin Celica modelini ortamühərrikli idman avtomobilinə çevirəcəyi barədə şayiələr dolaşmaqdadır – bir sözlə, güc aqreqatı GR Yaris M konseptindəki kimi arxada, təkər bazasının daxilində yerləşdirilə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.