Toyota Highlander krossoveri ilk dəfə 2000-ci ildə satışa çıxıb və son 25 ildə dörd nəsil dəyişdirərək, daşıyıcı kuzovu və Toyota Camry güc aqreqatına sahib olan orta ölçülü ailə krossoveri konsepsiyasına sadiq qalıb. Lakin yaponlar modelin əvvəlki ənənələrindən uzaqlaşmaq qərarına gəliblər: ABŞ-da tam ölçülü elektromobilə çevrilmiş yeni Highlander təqdim edilib.
Belə radikal dəyişikliyi ənənəvi, yanacaqla işləyən Highlander krossoverinə marağın azalması ilə əlaqələndirirlər. 2021-ci ildən bəri modelin strateji əhəmiyyət daşıyan Amerika bazarındakı satışları durmadan azalıb.
Satışlara güclü zərbə vuran 2023-cü ildə debüt etmiş və kiçik qiymət fərqi qarşılığında daha geniş salon təklif edən tamölçülü Toyota Grand Highlander krossoveri olub. Bununla belə, yapon istehsalçısı klassik benzin və hibrid Highlander modellərini təqaüdə göndərmək fikrində deyil: onlar yeni təqdim olunan elektrik versiyası ilə paralel olaraq satılacaqlar.
Yeni Highlander elektrokarı sələflərindən ciddi şəkildə fərqlənir. Beşqapılı kuzov nəzərəçarpacaq dərəcədə daha böyükdür: onun uzunluğu 5050 millimetr (əvvəlki nəsil ilə müqayisədə 100 millimetr çox), eni - 1989 millimetr (+ 59 millimetr), təkər bazası isə, 3050 (+ 200 millimetr) millimetrdir. Krossoverin hündürlüyü isə, əksinə, 21 millimetr azalaraq 1709 millimetr olub.
Yeni modelin ön hissəsi Toyota elektromobillərinin bumeranq şəkilli nazik faraları olan hazırkı dizayn üslubunda tərtibata malikdir. Çıxıntılı yan tərəflər künclü təkər tağları ilə seçilirlər.
Highlander həmçinin batırılmış qapı tutacaqlarına malikdir. Arxa hissədə arxa qanadlara qədər uzanan geniş monofənər, baqaj qapağında isə, spoyler peyda olub. Təkər disklərinin diametri versiyadan asılı olaraq 19 ilə 22 düym arasında dəyişir.
Yeni modelin interyeri də bucaqlı formalarla seçilir. Ön paneldə cihaz panelinin 12,3-düymlük displeyi və səs köməkçisi funksiyasına malik olan məlumat-əyləncə sisteminin 14 düymlük sensorlu ekranı yerləşir.
Apple CarPlay və Android Auto protokollarının dəstəklənməsi bəyan edilib. Fərdiləşdirilə bilən ətraf işıqlandırması ilə yanaşı, smartfonlar üçün simsiz şarj paneli də var. Toyota həmçinin sükan çarxı və iqlimə nəzarət blokundakı fiziki düymələri saxlayaraq erqonomika barədə də düşünüb.
Krossoverin baza XLE FWD versiyasının təchizatına SofTex sintetik dərisindən örtük, qızdırılan ön oturacaqlar və sükan çarxı, eləcə də altı dinamikli audio sistem daxildir. Salonun üç cərgəli konfiqurasiyası standart olaraq altı nəfərlikdir, lakin əlavə ödəniş qarşılığında ikinci cərgədə üç nəfərlik oturacaq quraşdırıla bilər.
İddia edilən baqaj həcmi standart olaraq 450 litrdir, üçüncü cərgənin qatlanması halda isə, 1292 litr təşkil edir. Daha bahalı Limited təchizatında proyeksiya ekranı, havalandırılan ön oturacaqlar, qızdırılan arxa oturacaqlar və dairəvi görüntü kameraları sistemi quraşdırılacaq.
Opsional avadanlıq siyahısına panoram dam, 11 dinamikli JBL audio sistemi, iki rəngli boyanma sxemi və 22 düymlük təkər diskləri daxildir.
Ailə avtomobili olaraq, Highlander elektrik krossoveri yenilənmiş Toyota Safety Sense 4.0 aktiv təhlükəsizlik sistemini alıb. Buraya toqquşmaların qarşısının alınması sistemi, radar kruiz-kontrolu, avtomatik zolaqda saxlama köməkçisi, avtomatik uzaq işıqlar və yol nişanlarının tanınması funksiyası daxildir.
Bundan əlavə, yeni model dayanacaqlarda qəzaların qarşısını avtomatik olaraq ala və arxa oturacaqdakı yaddan çıxmış uşaq barədə sürücünü xəbərdar edə bilər. Əlavə ödəniş müqabilində park köməkçisi, tıxac kruiz-kontrolu, zolaq dəyişmə köməkçisi və kəsişmələrdəki maneələrin monitorinqi sistemini quraşdırmaq olar.
Highlander elektrik krossoveri TNGA-K platformasının elektrik versiyasına əsaslanır. Toyota marketinq mütəxəssisləri tərəfindən dörd komplektasiya səviyyəsinə bölünmüş üç güc aqreqatı kombinasiyası təklif edilir.
Baza Highlander XLE FWD versiyası ön elektrik mühərriki (224 at qüvvəsi, 268 Nm) və 77.0 kilovat/saatlıq batareya ilə təchiz olunub ki, bu da 435 kilometrə qədər gediş məsafəsini təmin edir.
Tamötürməli orta Highlander XLE AWD versiyası iki mühərrikə (343 at qüvvəsi, 438 Nm) malikdir və iki batareya seçimi təklif edir: 77.0 (435 kilometr) və 95.8 kilovat/saatlıq (515 kilometrə qədər gediş məsafəsi).
Flaqman Highlander Limited AWD uzunmənzilli XLE AWD ilə eyni güc aqreqatını paylaşır. Bütün versiyalar NACS şarj portu ilə təchiz olunub və bu da onlara Tesla Supercharger terminallarına qoşulmağa imkan verir. Onlardan istifadə halında 30 dəqiqə ərzində batareyanı 10%-dən 80%-ə qədər şarj etmək olar.
Toyota Highlander elektrik krossoverinin əsas bazarının ABŞ olacağı gözlənilir. Şirkət modelin istehsalını Kentukkidə, Toyota RAV4 və Camry modellərinin buraxıldığı yerli TMMK zavodunda yerləşdirməyi planlaşdırır.
Batareyalar Şimali Karolinadakı TBMNC zavodu tərəfindən tədrük olunacaqlar. Böyük elektrik krossoverinin satışlarına ilin sonuna qədər başlanması gözlənilir. Qiymət hələlik məlum deyil, lakin ləğv edilmiş elektrik subsidiyalarını nəzərə alsaq, onların qiymətinin hazırkı Highlander modelinə yaxın olacağı ehtimalı azdır: hazırda hibrid krossoverin ABŞ-dakı satış qiyməti 45.570 dollardan başlayır.
Tamölçülü Toyota Grand Highlander isə, daha əlçatandır - onun üçün ən azı 41.660 dollar tələb olunur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.









