Hibridləşmə növbəsi flaqman Land Cruiser ofrouderinə də gəlib çatıb. Daha kiçik Land Cruiser Prado modeli 2023-cü ildə nəsil dəyişikliyi ilə birlikdə benzin-elektrik versiyasına sahib olub, indi isə, yaponlar hibrid güc qurğusunu almış Land Cruiser 300 ofrouderini təqdim ediblər. Lakin bu heç də sürpriz deyil - keçən payızda onun premium versiyası sayılan Lexus LX 700h ofrouderinin hibrid modifikasiyası debüt edib. Land Cruiser 300 hibridi Lexus LX 700h, Toyota Sequoia və Toyota Tundra modellərində quraşdırılan i-Force Max güc qurğusu ilə hərəkətə gəlir.

Dartma elektrik mühərriki 3,4-litrlik V6 biturbo benzin mühərriki və on pilləli avtomatik transmissiyanın arasında yerləşir. Bundan əlavə, sırf elektrik dartması ilə hərəkət etmək üçün daxili yanma mühərrikini söndürən mufta nəzərdə tutulub. Sistemin ümumi hasilatı 457 at qüvvəsi və 790 Nm təşkil edir. Amerikan modellərində isə, bu qurğu 434 at qüvvəsi 790 Nm hasil edir. Xatırladaq ki, adi Land Cruiser 300 modelinin mühərriki 415 at qüvvəsi və 650 Nm hasil edir.

Dartma batareyası baqaj döşəmənin altına quraşdırılır, buna görə də döşəmənin hündürlüyü artıb, müvafiuq olaraq, baqaj bölməsinin faydalı həcm azalıb. Qət olunan çay keçidinin dərinliyi 700 millimetrdir. Hibrid qurğunun nasaz olsa belə, ofrouderin hərəkəti davam etdirəcəyi bildirilir. Hibrid üçün daha həssas sükan mexanizmi də vəd edilir. Baqajda gücü 1500 vatt olan 220 voltluq məişət rozetkası var.

Zahiri cəhətdən Land Cruiser 300 hibridi yanacaqla işləyən analoqlarından dəyişdirilmiş hava girişi olan başqa ön bamperi və fərqli dekora malik olan arxa bamperi ilə seçilir. Əlavə nişanlar da var. Mart ayında LC 300 cihazlar panelinin displeyi də daxil olmaqla, qabaqcıl elektronikanı əldə edib. Məlum məsələdir ki, bütün bunlar hibridə qismət olub. Hibrid güc qurğusunun işini əks etdirən əlavə ekran rejimləri də peyda olub.
Toyota Land Cruiser 300 HEV ofrouderlərini artıq bəzi Yaxın Şərq bazarlarında sifariş etmək olar. Məsələn, Qətərdə qiymətlər 385 min riyaldan (105 min dollar), BƏƏ-də isə, 390 min dirhəmdən (106 min dollar) başlayır. Müqayisə üçün qeyd edək ki, Qətərdə adi Land Cruiser 300 modelinin qiyməti 310 000 riyaldan (85 000 dollar) başlayır. 2026-cı ilin birinci yarısında Land Cruiser 300 hibridi Avstraliya bazarında satışa çıxacaq, lakin digər regionlarda hibrid ofrouderin nə zaman debüt edəcəyi bildirilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.