İnternetdə yapon brendinin gələcək "kiçik" ofrouderinin eksteryer dizaynını təsdiqləyən patent təsviri dərc edilib. Toyota Land Cruiser FJ modelinin dizaynının və xüsusiyyətlərinin təsvir edildiyi və casuslar tərəfindən sızdırılmış firma broşurası doğru çıxıb: kuzov 100% patent təsvirindəkinə uyğundur, detallardakı fərqlər (qapı tutacaqları, dam reylinqləri, radiator barmaqlığı, bamperlər və faralar) patentin sxematik xarakteri və müxtəlif bazarlar üçün nəzərdə tutulan avtomobillərin xüsusiyyətləri ilə izah edilə bilər.
Bir müddət bundan əvvəl yapon jurnalistləri ən ucuz Land Cruiser modelinın əsas xüsusiyyətləri və şəkilləri olan broşuranı internetə sızdırıblar, indi isə, Toyota özü məlumatın doğruluğunu qismən təsdiqləyib. Praktik kuzov dəsti olan kiçik ofrouder TNGA-F çərçivəli platformanı Land Cruiser Prado / Land Cruiser 300 ilə paylaşacaq, lakin baza modeli üçün şassinin qısaldılmış versiyası hazırlanır.
Ölçülərinə görə Land Cruiser FJ ofrouderi RAV4 krossoveri ilə müqayisə oluna bilər, lakin onun arxitekturası fərqlidir: uzununa yerləşən mühərrik, mərkəzi Torsen differensialı olan tam ötürmə, azaldıcı ötürmə, ayrıla bilən ön stabilizator, differensial kilidləri - hər şey iri ofrouderlərdəki kimidir. Kapotun altında klassik “avtomat” ilə birlikdə çalışan 2,7-litrlik atmofer benzin mühərrikinin quraşdırılacağı gözlənilir, lakin modifikasiya çeşidi satış bazarından asılı olaraq fərqlənəcək.
Satışların başlaması 2026-cı ilə planlaşdırılır, lakin təqdimat yaxın zamanda keçirilə bilər, çünki faktiki olaraq tizer kampaniyası təxminən iki il əvvəl başlayıb. Əvvəlcə yeniliyin elektromobil olacağı güman edilirdisə, indi "batareyalı" içalatdan söhbət getmir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.